Aldərə (Əlidərəsi) kəndində alban məbədi
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonundakı Əlidərəsi (Əldərə) kəndində.
Mığrı rayonu –Meğri, Aldərə kəndi – Alvank.
Memarlıq
Aldərə kəndindəki Alban məbədi erməni abidəsi olmadığı üçün təmir edilməyib və uçub dağılıb. Hazırda yerləşdiyi ərazidə xarabalıqları qalıb.
Əlidərəsi kəndi təqribən 1 km-də 15-20 hay ailəsi yaşayan Malev kəndi ilə bir təsərrüfatda (“Partiyanın XVIII qurultayı” adına kolxoz) idi. Bu kənddə V-VI əsrə aid qədim Alban məbədi var idi [i].
Kiçik məbəd qırmızı daş süxurlardan tikilib və qalın divar səthindən ibarət idi. Məbəd ətrafı və kənd ərazisi Azərbaycan tarixinin izlərini özündə əks etdirən qədim alban-türk abidələri ilə zəngindir. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşayıb
1918-ci ildə əhali erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922-1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıdır. Burada 1926-cı ildə 414, 1931-ci ildə 490, 1959-cu ildə 601, 1970-ci ildə 831, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşayıb.
1988-ci il noyabrın 24-28-də kəndin sakinləri – azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunub. İndi burada ermənilər yaşayır [ii].
Toponim qədim Azərbaycan dilində “qırmızı” mənasını bildirən “al” sözü ilə (üzün allanması kimi) “dərin çuxur” mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşıb və “qırmızı dərə” mənasını ifadə edir. Kənd torpağının qırmızı süxurlardan ibarət olduğu üçün Aldərə adlandırılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir .
[i] Olaylar. – 2019. – 10-11 oktyabr, № 135. – S. 11.
[ii] https://az.wikipedia.org/wiki/Ald%C9%99r%C9%99