Qədim dövrlərdə Qərbi Azərbaycan
E.ə. VI əsrin əvvəllərində Urartu dövləti süqut etdikdən sonra İrəvanətrafı Azərbaycan torpaqlarında yaşayan əhalinin tarixində yeni mərhələ başlanmışdır. E.ə. VI-IV əsrləri əhatə edən bu mərhələ Urartu dövlətinin süqutundan Makedoniyalı İsgəndərin Şərqə yürüşünə qədərki dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın İrəvanətrafı ərazilərində yaşayan qədim tayfalarının bir sıra yeni yaşayış məskənləri meydana gəlmişdir. Azərbaycanın qərbində, əsasən də İrəvanətrafı ərazilərində yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit tayfalarına aid xeyli sayda maddi-mədəniyyət abidələri aşkar edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində onların izlərinə İrəvan ətrafında, Göyçə gölü hövzəsində, Ağbaba, Pəmbək, Şörəyel yaylaqlarında rast gəlinmişdir.
İrəvanətrafı ərazilərdə şirin su qaynaqlarının, flora və faunanın, təbii resursların zəngin olması insanların bu ərazidə qədim zamanlardan məskunlaşmasına şərait yaradan başlıca amillər olmuşdur. Qərbi Azərbaycanın Göyçə, Şörəyel, İrəvan, Dərələyəz, Gərnibasar və digər ərazilərindən müasir Azərbaycan türklərinin əcdadlarına aid dolixokran kəllə sümükləri aşkar edilmişdir. Göyçə gölü ətrafındakı qədim yaşayış məntəqələrinin bir çoxunun dörd min ildən artıq yaşı var. Şörəyeldə Son Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələrindən tapılmış kəllə sümüklərinin braxikran armenoid yox, məhz yerli türk boylarına aid dolixokran və uzunsifət olması öz təsdiqini tapmışdır. İskitlərin müasir Ermənistan ərazisində məskunlaşması ilə bağlı qədim mənbələrdə verilən məlumatlar arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və antropoloji dəlillərlə öz təsdiqini tapmışdır.
Şörəyeldə Sirak düzündən, Qara qala ərazisində və Lori qalası yaxınlığından, Göyçə gölünün qərbində Əyricə çayının sağ sahilində Dəliqardaş kəndinin ərazisindən, həmçinin Nərədüz kəndi yaxınlığından Erkən Tunc dövrünə aid xeyli sayda kurqanlar aşkar edilmişdir. Bu ərazilər Kür-Araz mədəniyyətinin yaradıcısı olan maldar tayfaların yaylaq yerləri idi. Buradakı qəbir abidələrindən Azərbaycan türklərinin qədim əcdadlarına aid xeyli sayda dolixokran kəllə sümükləri tapılmışdır. İndiki Ermənistan Respublikası ərazisinin müxtəlif yerlərindən aşkar edilmiş kəllə sümüklərinin tədqiqi qədim türk boylarının bölgənin avtoxton əhalisi olduğunu göstərir. Məlumdur ki, özlərini “hay” adlandıran ermənilər antropoloji cəhətdən “armenoid tipi”nə aid olub braxikefal (yastıbaş) kəllə quruluşuna malikdir. Ermənistan ərazisində isə arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş ən qədim insanların dolixokran kəllə quruluşuna malik olması öz təsdiqini tapmışdır.
Ermənilər Qafqaza Anadoludan gəlmə olsalar da, onlar Anadolunun da yerli əhalisi olmamışdırlar. Tanınmış türk antropoloqu M.S.Şənyürək uzun illər apardığı tədqiqatlar nəticəsində ermənilərin Anadolunun qədim əhalisi olmadığını qeyd etmişdir. Keçən əsrin 30-cu illərində alman tədqiqatçılarının Hind çayı hövzəsində apardıqları araşdırmalar nəticəsində buradan armenoid tipinə aid kəllə sümükləri aşkar edilmişdir. Buradan aydın olur ki, vətənləri Şimali Hindistan olan haylar sonradan Ön Asiyada məskunlaşmışlar. Haylar istər eradan əvvəlki minilliklərdə, istərsə də eranın ilk əsrlərində olsun, Cənubi Qafqazda, eləcə də İrəvanətrafı tarixi torpaqlarda yaşamamışlar. Xəzər dənizindən qərbdə, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də e.ə. VI-II minilliklərə aid Naxçıvandakı Kültəpədə, e.ə. II minilliyin ortalarına aid Daşkəsəndəki Xaçbulaq yaylağında, Qarabağ kurqanlarında, e.ə. I minilliyin əvvəllərinə aid Mingəçevirdə aşkar edilmiş kəllə sümükləri İrəvanətrafı bölgələrin yerli əhalisi olan qədim Azərbaycan türklərinin antropoloji xüsusiyyətləri ilə genetik cəhətdən eyni irqi tipə aiddir. Azərbaycanın qərbində Səngər, Bərk qala, Daşlı qala, Kolagirən, Yeridar, Atamxan kimi qalalar yerli türk boylarının yadelli hücumlardan müdafiə olunduğu ən etibarlı məkanlar idi.
İrəvanətrafı ərazilərdə yaşayan qədim türk boyları içərisində iskitlər mühüm yer tutur. Burada aparılmış arxeoloji qazıntılar iskitlərin regionda e.ə. VII-VI əsrlərdə hərbi-siyasi cəhətdən ən güclü amil olduğunu sübut edir. Şəmşəddin ərazisində Tovuzqala siklopik qalasının 300 m qərbində yerləşən e.ə. V-IV əsrlərə aid qəbir abidələrinin və Azərbaycan Respublikasının şimal-qərbindəki abidələrin tapıntıları regionda vahid mədəni arealın sərhədlərini müəyyənləşdirməyə imkan verir. Şörəyel ərazisində Çıraqlı kəndindən Post-Urartu dönəminə aid məzarlardan aşkar edilmiş maddi mədəniyyət nümunələri İrəvan yaxınlığında Qırmızıtəpə (Teyşebaini qalası), İrəvandan şimalda Ellər ərazisində Baş Gərni kəndindən, Borçalıda Beşdaş (Barmaqsız) kəndindən, həmçinin Gəncə və Mingəçevir ərazilərindən aşkar edilmiş materiallarla eynilik təşkil edir. Bu ərazilərdən aşkar olunmuş e.ə. VI-IV əsrlərə aid maddi mədəniyyət nümunələri qədim türk boylarının, əsasən də İskit-Sak boylarının tarixini araşdırmağa imkan verir.
Azərbaycanın qərb bölgəsinin qədim tarixinin təhrif edilməsi erməni tədqiqatçılarının fəaliyyətində başlıca istiqamət olmuşdur. Onların bu sahədə saxtakarlıqları saysızdır. İstər arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi mədəniyyət nümunələri, istərsə də yazılı mənbələrdə verilən məlumatlar real tarixi faktları üzə çıxarmağa imkan verir. Hələ e.ə. VIII əsrə aid Urartu mixi yazılı mənbələrini diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, Azərbaycanın qərbində, o cümlədən İrəvan və Göyçə gölü hövzəsində qədim yer-yurd adlarının ermənilərlə heç bir əlaqəsi yoxdur. İrəvan və onun ətrafındakı Azərbaycan torpaqları e.ə. I minilliyin ortalarında İskit-Sak (İşquz, İç Oğuz) dövlətinin tərkibində olmuşdur. Qədim Şərq tarixi üzrə tanınmış tədqiqatçı İ.M.Dyakonov Mada imperiyasının şimal sərhədinin Araz çayının şimalından – “keçmiş İskit dövlətinin ərazisi”ndən keçdiyini göstərir. O, bu əraziyə şamil edilən Sakasena adının “Sakların yurdu” (İran dillərində “Saka-sayana”) mənasını bildirdiyini qeyd edir. Azərbaycan və Şərqi Anadolu ərazilərində İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi regionda onların hərbi-siyasi cəhətdən ən güclü olduğunu sübut edir.
Azərbaycan ərazisində iskit-saklarla bağlı yer-yurd adları haqqında antik mənbələrdə xeyli məlumat öz əksini tapmışdır. Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd etmişdir. Herodot və Böyük Plini iskitlərin farslar tərəfindən Sak adlandırıldığını qeyd etmişlər. I əsrdə Böyük Plini “Təbiət tarixi” əsərində Sak ölkəsinin (Sakasena) Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini qeyd edir. O, Ərsak sülaləsi tərəfindən idarə olunan Parfiya imperiyasının 18 vilayətindən 11-nin əhalisinin həyat tərzi, mədəniyyət və adət-ənənə baxımından İskit boyları ilə eyni olduğunu qeyd edir.
Makedoniyalı İsgəndərin Şərqə yürüşü haqqında əsərin müəllifi Arrian Cənubi Qafqazda yaşayan Sak boylarını Xəzər dənizinin şərqində və Aral gölü ətrafında yaşayan İskit-Sak boylarından fərqləndirmək üçün “sakasenlər”, yəni “sakasenalılar” (“Sak ölkəsindən olanlar”) adlandırır. Bir çox tədqiqatçılar “sakasen” sözünün “sakabənzər” mənasını bildirməsini irəli sürürlər. Arrian albanların adını sakasenlərlə birlikdə çəkir: “ἐπὶ δὲ Ἀλβανοὶ καὶ Σακεσ[ε]ῖναι”. Bu, sakasenlərin albanlarla yaxın coğrafiyada yaşadığını göstərir. Sak türk boyları, əsasən, Şərqi Anadoludan Kür və Araz çaylarının qovuşduğu yerə – Sak düzünə qədər geniş yayılmışdılar. Bir sıra mənbələrdə Balasakan adı ilə tanınan Sak düzü müasir Qarabağın düzən hissəsini – Mil düzünü əhatə edirdi. Arrian həmçinin eradan əvvəl 331-ci ilin oktyabrında Qavqamela döyüşündə madalıların kadusilər, albanlar və sakasenlərlə birlikdə çıxış etdiyini yazır: “Μήδων δὲ ἡγεῖτο Ἀτροπάτης ξυνετάττοντο δὲ Μήδοις Καδούσιοί τε καὶ Ἀλβανοὶ καὶ Σακεσῖναι”(Midiyalılara Atropat rəhbərlik edirdi, midiyalılarla birlikdə kadusilər, albanlar və sakasenlər də var idi).
Məlumdur ki, Əhəməni imperiyasının süqutundan sonra onun ərazisi Makedoniyalı İsgəndərin imperiyasının tərkibinə qatılmışdı. Makedoniyalı İsgəndərin ölümündən sonra isə onun diodoxları arasında mərkəzi hakimiyyət uğrunda gedən mübarizə regionda qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsinə şərait yaratmışdı. Bu zaman həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda dövlətçilik ənənələrinin bərpa olunmasında İskit-Sak boyları həlledici rol oynamışdılar.
Qeyd etmək lazımdır ki, Ərsak sülaləsinin türk mənşəli olması haqqında ilk dəfə Fransa “Asiya cəmiyyəti”nin (Société Asiatique) üzvü olan M.J.Sen-Martin 1850-ci ildə Parisdə nəşr etdirdiyi “Arsakilərin tarixinə dair fraqmentlər” adlı kitabında məlumat vermişdir. O, mənbələrə istinadən İskit-Sak boylarının turanlılar, ölkələrinin isə Turan adlandığını qeyd edirdi. Ərsak adı erməni mənbələrində Arşakuni kimi çəkilir. “Erməni tarixi”nin atası sayılan M.Horenli bu adın Parfiya dövlətinin qurucusu Arsakın adı ilə bağlı olaraq meydana gəldiyini yazır.
224-cü ilin aprelində Hörmüzqan döyüşündə Parfiyanın sonuncu hökmdarı V Ərdavanın Sasani fars sülaləsindən olan I Ərdəşir tərəfindən məğlub edilməsinə qədər Azərbaycanın şimalında Alban dövləti, cənubunda isə Adurbadaqan məhz Ərsak sülaləsindən olan hökmdarlar tərəfindən idarə olunurdu. III əsrin ikinci yarısına aid Sasani mənbələrində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı Sakan və Balasakan ölkələrindən də bəhs edilir.
M.Kalankatlı və M.Horenli eramızın I əsrində Alban dövlətinin cənubda Araz çayından şimalda Hunan qalasınadək uzanan geniş dağlıq və düzən torpaqları əhatə etdiyini yazırlar. Onların verdiyi məlumatlara əsasən Alban ölkəsini Böyük Sak soyundan olan Ərən və onun cəsur varisləri idarə etmişlər. Eradan əvvəl II əsrdən eramızın III əsrinədək Azərbaycan və Şərqi Anadolu ərazilərində Ərsak sülaləsinin pulları geniş yayılmışdır. XIII əsr alban tarixçisi Gəncəli Kirakos və Bizans tarixçisi L.Dyakon “Tarix” adlı əsərlərində türk boylarının qədim zamanlarda olduğu kimi orta əsrlər dövründə də İskit adı ilə tanındığını qeyd etmişlər.
XVIII əsrin əvvəllərindən başlayaraq Avropada anti-türk təbliğatının genişlənməsinə xidmət edən və katolikliyi qəbul etmiş erməni mxitarist cərəyanının üzvləri qrabarca yazılmış mənbələri təhrif edərək Venesiyada nəşr etməyə başlamışlar. Həmin dövrdən başlayaraq M.Horenli, L.Parplı, Yegişe, Koryun və digər müəlliflərin əsərləri mxitaristlər tərəfindən təhrif edilərək “Hayos patmutyun” (“Hay tarixi”) adı ilə nəşr olundu və Avropa dövlətlərində “Armeniya tarixi” adı ilə təbliğ edilməyə başlanılmışdır. Qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimlərinin, hazırda isə Şəki, Zaqatala, Zəngəzurda Sisakan (Qarakilsə) rayonlarının və Şəki kəndinin adları məhz Sak tayfaları ilə bağlı olmuşdur.
Beləliklə, İrəvanətrafı ərazilərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və yazılı mənbələrə görə Azərbaycanın qərb torpaqları e.ə. I minillikdə İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olmuş, bu dövlətin süqutundan sonra isə onun ərazisi antik dövr mənbələrindən də məlum olduğu kimi “Sakasena ölkəsi” adlandırılmışdır. Həm yazılı mənbələr, həm də arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi mədəniyyət nümunələri Azərbaycanın tarixi-coğrafiyasının mühüm tərkib hissəsi olan İrəvanətrafı ərazilərin qədim əhalisini yerli Azərbaycan etnosları təşkil etmişdir.
Orta əsrlərdə Qərbi Azərbaycan
III əsrin birinci yarısında Yaxın Şərq regionunda baş vermiş hadisələr Azərbaycana da ciddi təsir göstərdi. 226-cı ildə Sasan nəslindən olan I Ərdəşir Babəkan Ktesifon şəhərində özünü şahənşah elan edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Adurbadaqan ölkəsi (tarixi Azərbaycan torpaqlarının cənub hissəsi) və İskit-Sak türk boylarının yaşadığı bir sıra ərazilər işğal edilmişdir. Qeyd edilməlidir ki, I Ərdəşirin və oğlu I Şapurun hakimiyyəti dövrlərində pəhləvi mənbələrində türk boylarının ölkəsi şərq istiqamətində – Belucistana qədər uzanmış və “Tūrān” adlanmışdır. Bu dövrdə yerli türk boyları tərəfindən Azərbaycanın böyük bir hissəsində qədim dövlətçilik ənənələri davam etdirilmişdir. Azərbaycanın şimalında Albaniya dövlətində və Sak ölkəsində əhalinin əsas hissəsi yerli türk boyları idi. Azərbaycanın tarixi-coğrafiyasının tərkib hissəsi olan ərazilərin adları I Şapurun Kəbeyi-Zərdüşt üçdilli kitabəsində “Āδurbāyagān” (Ἀτροπατηνή), “Sagān”, “Arrān” (Ἀλβανίαν), “Balāsagān” şəklində göstərilmişdir. Qeyd edilməlidir ki, Alban ölkəsinin adı I Şapurun Kəbeyi-Zərdüşt kitabəsinin arameycə mətnində “Ardān”, yunanca mətnində “Albania”, pəhləvicə mətnində isə “Arrān” kimi çəkilir. “Sagān” (=Segān) ölkəsinin adı bu kitabənin yalnız yunanca olan mətnində “Μαχελονίαν” (Maxeloniya) kimi çəkilir.
III əsrdə arami və pəhləvi mətnlərində bəhs edilən Sakan ölkəsi Azərbaycanın qərb torpaqlarını, yəni indiki Ermənistan Respublikasının ərazisini əhatə etmişdir. Bu ölkənin mənbələrdə Sakan, yəni Sak ölkəsi adlandırılması əslində onun yerli əhalisinin İskit-Sak türk boyları olduğunu bir daha təsdiq edir. Sonradan ermənilər Sak ölkəsinin cənub hissəsinin adını Sünik və ya Sisakan kimi təhrif etmişlər. Sakasenanın əhalisi yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit-Sak türk boyları idi. Sakasenanın tərkibinə şərqdə Qarabağ düzünə (Mil), qərbdə Şərqi Anadoluya, şimalda Göyçə gölü hövzəsinə, cənubda isə Araz çayına qədər uzanan torpaqlar daxil idi. Antik mənbələrdə Sakasena kimi tanınmış bu ərazinin adı III əsrdən etibarən pəhləvi mətnlərində Sakan, yəni Sak yurdu kimi çəkilmişdir. İrəvan, Göyçə gölü ətrafı, Zəngəzur və Dərələyəzdə eramızın ilk əsrlərinə aid qəbir abidələrindən aşkar edilmiş kəllə sümükləri antropoloji göstəricilərinə görə həmin ərazilərdə daha qədim zamanlarda yaşamış əhalinin varislərinə aiddir.
İrəvanətrafı ərazilərdə yaşayan İskit-Sak türklərinin qədim inanc sistemi tanrıçılıq olmuşdur. Təsadüfi deyil ki, burada ilk xristian məbədləri də məhz yerli əhalinin qədim dini ibadətgahları üzərində inşa edilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ermənilər III-IV əsrlərdə hələ də bütpərəstlik dövrünün mürtəce qalıqlarını qoruyub saxlamışdılar. Eramızın ilk əsrlərində xristianlığın yayıldığı erkən mərhələdə ermənilər nəinki bu dini qəbul etmiş, hətta xristian din xadimlərinə qarşı terror əməlləri həyata keçirmişlər.
İrəvanətrafı ərazilərdə yaşayan yerli türk boylarının bir qismi xristianlığı qəbul etdikdən sonra burada çox sayda məbədlər inşa etmişdir. Qeyd edək ki, Azərbaycan türklərinin qədim daş yaddaşı olan azman oğuz və qıpçaq qəbirlərinin çox hissəsi sonradan erməni vandalları tərəfindən dağıdılmış, təhrif edilmiş, qalanları isə müxtəlif tikinti işlərində istifadə edilmişdir. Göyçə gölünün şərqində Cil kəndi yaxınlığında erkən orta əsrlər dövrünə aid alban-qıpçaq kilsəsinin yazılı daşları ermənilər tərəfindən məhv edilmişdir. Göyçə gölünün şərqində erkən orta əsrlər dövrünə aid Nərədüz kəndi yaxınlığında böyük türk məzarlığı da hazırda bərbad vəziyyətdədir. Burada qıpçaq türk xristian boylarına aid xaç daşları ilə yanaşı, oğuz boylarının qədim tarixini sübut edən xeyli sayda xatirə daşları vardır. Nərədüz məzarlarının ən qədim abidələri V əsrə aiddir. İrəvan və onun ətrafındakı yaylaqlarda, Şörəyel düzündə, Göyçə gölü hövzəsində xatirə daşları üzərində olan at, yaylağa köç, xalça toxuyan qadın təsvirləri bu insanların həm həyat tərzini, həm də onların etnik kimliyini müəyyən etməyə imkan verir.
Erkən orta əsrlərdə Alban dövləti bölgəyə yeni gələn hun boylarının dəstəyi ilə öz hərbi qüdrətini artıra bilmişdir. 359-cu ildə Alban hökmdarı Urnayr Amid qalası (Diyarbəkir) yaxınlığında romalılara qarşı baş vermiş döyüşdə Sasani şahı II Şapurla və Ağ Hun xaqanı Qrumbatla birgə çıxış edirdi: “Ibi morati integrum biduum, cum sol tertius adfulsisset, cernebamus terrarum omnes ambitus subiectos, quos ὁρίζοντας appellamus, agminibus oppletos innumeris et antegressum regem vestis claritudine rutilantem. Quem iuxta laevus incedebat Grumbates Chionitarum rex novus aetate quidem media rugosisque membris sed mente quadam grandifica multisque victoriarum insignibus nobilis; dextra rex Albanorum pari loco atque honore sublimis; post duces varii auctoritate et potestatibus eminentes, quos ordinum omnium multitudo sequebatur ex vicinarum gentium roboribus lecta, ad tolerandam rerum asperitatem diuturnis casibus erudita” (“Orada iki gün qaldıq və üçüncü gün dan yeri söküləndə əhatəmizdəki torpaqlarda (ὁρίζοντας adlandırdığımız üfüqdə) öndə gələn və əynində parlaq geyimi olan padşahın saysız-hesabsız ordusunu gördük. Solda onunla birlikdə qüvvətli insan olan və bir çox qələbələri ilə tanınan Hun xaqanı Qrumbat irəliləyirdi. Sağda isə rütbəcə bərabər olan və yüksək ad-sana malik olan Alban hökmdarı vardı. Onlardan sonra müxtəlif qonşu xalqların nüfuzu və rütbələri ilə tanınan rəhbərləri böyük qüvvələri ilə gəldilər”).
Tarixdən məlumdur ki, II Şapur bu hadisədən xeyli əvvəl hunlara məğlub olaraq onlarla müqavilə bağlamış və ittifaqa girmişdir. Alban hökmdarı Urnayr xristianlığı öz dövlətinin rəsmi dini elan etmişdir. Ermənilər isə xristian din xadimlərinə qarşı terror əməlləri ilə tanınırdılar. IV-VI əsrlərdə Azərbaycanın qərb torpaqlarının böyük bir hissəsi Alban dövlətinin tərkibində idi. Alban tarixi-coğrafiyasının bütövlüyünü erməni katolikosu II İovannesin (557-574-cü illər) Alban katolikosu Abbasa (551-595) göndərdiyi məktub bir daha təsdiq edir. Bu məktub Böyük Koqman (Kuman=Qıpçaq), Amaras, Girdiman, Balasakan (Beyləqan), Şəki və Bahalat vilayətlərinin nəinki Alban ölkəsinin daxili əraziləri olduğunu göstərir, hətta bunun ermənilər tərəfindən rəsmən tanındığını sübut edir.
Azərbaycanın qərbində Alban dini abidələrinin həm memarlıq üslubu, həm də epiqrafik mətnləri ciddi dağıntılara məruz qalmışdır. Qeyd edək ki, Azərbaycanın qərbində (indiki Ermənistan) erməni vandalizminin başlıca hədəfi yerli türk boylarına aid olan tarixi və mədəni abidələri məhv etmək olmuşdur. Burada Qıpçaq boylarının adına “arçi”, “arçu” (aruç), “hartes” və “harteş” şəklində bir sıra yer-yurd adlarında, tarixi və mədəni abidələrin adlarında rast gəlmək olar. Əsasən, Hamamlı (Əştərək) və Şörəyel mahallarında Qıpçaq kilsələri erkən orta əsrlər dövründən başlayaraq geniş yayılmışdı. Şörəyeldə əsrlər boyu “Kpçakavəng” (Qıpçaq kilsəsi) adı ilə tanınan monastır ermənilər tərəfindən “Ariçavəng” adlandırılmışdır. Bu söz türkcə “qardaş” sözünün ermənicə “xartiç/artiç” şəklində tələffüzündən qaynaqlanır. Hamamlı (Əştərək) mahalında da Aruç kilsəsinin adı məhz Qıpçaq boyunun adı ilə izah olunur.
Azərbaycanın qərb sərhədində yerləşən Hamamlı (Əştərək) mahalında qədim kilsələrin əksəriyyəti qıpçaq əsilli xristian din xadimləri tərəfindən inşa edilmişdir. Burada Qazax bazilikası kimi tanınan Alban-Qıpçaq məbədi qədim zamanlardan Qıpçaq boylarının bir qolu olan Qazax tayfasının yaşadığını sübut edir. Hamamlının (Əştərək) başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi, VII-XIII əsrlərə aid Əştərək abidələri (Əştərək kəndi), VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilən Karmvravor kilsəsi, VII əsrə aid Aruç kilsəsi, Ovanavəng kəndində V əsrə aid kilsə, Abaran şəhərində V əsrə aid Qazax bazilikası, Aşnak kəndində V əsrə aid kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilmiş və yazıları silinmişdir. Cənubi Qafqazın erkən xristian abidələrini tədqiq etmiş A.L.Yakobson qeyd edir ki, “Qafqaz Albaniyasının monumental erkən orta əsr memarlığı Ermənistan ərazisində üstün mövqeyə malik olmuşdur”. Abaran şəhərində olan Müqəddəs Xaç kilsəsi 1877-ci ildə bərpa bəhanəsi ilə ciddi dəyişikliyə məruz qalaraq, kitabəsi dağıdılmışdır. Hamamlı (Əştərək) mahalının yaylaqlarında türk boylarına aid xeyli sayda at heykəlləri vardır. Qərbi Azərbaycanın Göyçə mahalının qədim mənbələrdə rast gəlinən adlarından biri olan “Gegarkuni” hidronimi qədim türkcədə “Gögarku” (Göy arx) sözü ilə izah oluna bilər. Mənası “Göy arx, çuxur” deməkdir. Göyçə ərazisində alban-qıpçaq məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Mərzə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xudavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyuq kəndi) kilsələrini qeyd etmək olar.
Zəngibasar ərazisində tarixi və mədəni abidələrin üzərində olan qıpçaq xaç daşları məhv edilmiş və kitabələri dağıdılmışdır. Erməni Qriqorian kilsəsinin saxtakarlıqları burada digər yerlərə nisbətən özünü daha açıq-aydın büruzə verməkdədir. Zəngibasarın alban-qıpçaq xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilmiş Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar. Sərdarabad mahalında dağıdılmış Alban dini abidələri içərisində xüsusilə V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Qərbi Azərbaycanın bir çox yerində olduğu kimi Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xritianlığaqədərki dini ibadətgahlar Alban əhalisinin dini dünyagörüşünü əks etdirir. Erməni əsilli tarixçi N.Adons albanların hərbi, dini, siyasi həyatı ilə bağlı geniş məlumata malik olmadığını yazır. Zəngəzurun da xristian abidələrinin ermənilərə aid olması haqqında heç bir ciddi yazılı mənbədə məlumata rast gəlinmir. Ermənilər bu abidələrin bir hissəsinin üzərində ciddi dəyişikliklər edərək Qriqoryan kilsələrinə çevirmiş, qalanlarını isə tamamilə dağıtmışlar. Erməni vandalizmi nəticəsində dağıdılmış vəziyyətdə olan bu cür xristian məbədlərindən biri Qızıl kilsə məbədidir. Bu məbədin ermənilərin dilində geniş yayılmış “Tanaat” adı isə xristian dini ehkamlarına uyğun olaraq qıpçaq türklərinin dilində “Tanrı Ata” sözündən qaynaqlanır.
Qızıl kilsə məbədinin inşa edilməsi tarixi ilə bağlı yalnız XIII əsrdə yaşamış Stefan Orbelianı özünün “Sünik tarixi” adlı kitabında məlumat vermişdir. Məlum olduğu kimi Alban hökmdarı III Mömin Vaçaqan xristianlığı təbliğ etmək məqsədilə geniş inşaat tədbirləri həyata keçirmişdir. “Alban tarixi”ndə onun ildə olan günlərin sayı qədər çoxlu kilsə tikdirməsi” haqqında məlumat verilir. Comərdli və Ərəfsə kəndləri yaxınlığında yerli türk əhalisinin “Qırmızı kilsə” adlandırdığı və ziyarət etdiyi bu Alban məbədinin hazırda yalnız xarabalıqları qalıb. Abidə ermənilər tərəfindən iki dəfə ciddi dağıntıya məruz qalmışdır. Əvvəlcə 1918-ci ilin iyulunda daşnak Andranikin öz quldur dəstəsi ilə bu kənddə törətdiyi kütləvi qırğınlar nəticəsində yerli əhalinin inanc yerlərindən biri olduğu üçün dağıdılıb xaraba vəziyyətə qalmışdır. Bu qanlı hadisə tariximizə Comardlı soyqırımı kimi həkk edilmişdir. 1975-ci ildə ermənilər məbədin divarlarını dağıdaraq, Urartu hökmdarı II Argiştinin mixi yazılı kitabəsini qopararaq İrəvan muzeyinə aparmışlar. Bu işdə erməniəsilli urartuşünas N.Arutyunyanın xüsusi “xidmətləri”ni qeyd etmək lazımdır. Onun kimi digər erməni alimlərinin də Urartu abidələrini qədim erməni mədəniyyət nümunələri kimi təqdim etməsi ciddi elmi dəyər kəsb etməyib yalnız şovinist meyillərin qızışmasına xidmət etmişdir. Ciddi elmi araşdırmalar isə bəhs edilən yazılı mənbənin ermənilərlə heç bir əlaqəsi olmayan yadelli bir hökmdarın bölgəyə hücumu haqqında məlumat verən kitabə olduğunu sübut edir. Qeyd edək ki, Urartu dilinin erməni dili ilə qohumluğunun və ya hansısa səviyyədə varislik əlaqəsinin olmadığı ciddi linqvistik tədqiqatlar nəticəsində sübuta yetirilmişdir. Nə Qızıl kilsə alban məbədinin, nə də orada olan Urartu kitabəsinin ermənilərə heç bir aidiyyatı yoxdur. Qızıl kilsə məbədində aşkar edilmiş kitabənin mətnindən məlum olur ki, bu yazılı mənbə Urartu hökmdarı II Argişitinin (e.ə. 714-680-ci illər) KURṣu-lu-qu-ú ölkəsinə (Sünik/Zəngəzur) hücumundan bəhs edir.
VII əsrin əvvəllərində Cənubi Qafqaz, Yaxın və Orta Şərq regionunda Sasanilər və Şərqi Roma imperiyası (Bizans) arasında hegemonluq uğrunda şiddətli mübarizə gedirdi. Bu mübarizədə döyüşlərin taleyini bir çox hallarda tərəflərin döyüşə cəlb etdiyi müttəfiqlərin qüdrəti həll edirdi. Nəticədə mübarizəyə qoşulan müttəfiqlər özləri də regionda söz sahibinə çevrilir, Sasanilər və Şərqi Roma (Bizans) onlara bölgədə güzəştə getmək məcburiyyətində qalırdılar. Qeyd edilən dövrdə regionun ən qaynar nöqtələrindən biri İrəvan və ətraf bölgələri idi. Mənbələrdə bu ərazilər müxtəlif cür qeyd edilmişdir. Ərəb mənbələrində, əsasən, İrəvan və ətraf bölgələrinə Dəbil (və ya Duvin) və Sisəcan, xristian mənbələrində isə Dvin və Sünik/Sisakan adlandırılan əraziləri daxil etmək olar.
602-629-cu il döyüşlərində bölgə Sasani-Bizans arasında döyüş bölgəsinə çevrilir. Döyüşlərin ilk mərhələsində Sasani hökmdarı II Xosrov (591–628) üstün vəziyyətə keçmiş, hətta Konstantinopolu mühasirə etməyə də nail olmuşdur. Şübhəsiz ki, bu döyüşlərdə İrəvan və ətrafı mühüm mövqeyə malik idi. 623-cü ildə II İrakli Dəbil və ətrafını ələ keçirsə də, buralarda möhkəmlənə bilməmişdir. Lakin Göytürk dövləti ilə ittifaq qurmağa nail olan Bizans imperatoru II İrakli (610–641) Sasanilərlə mübarizədə üstün vəziyyətə keçməyə bacarmışdı. 625/26-cı ildə İraklinin Cebu (Yabqu) xaqanla imzaladığı sülh sazişinə əsasən türk qoşunları 627-ci ildə Albaniyaya daxil olmuşdur. Tiflis və ətrafı II İrakli və Cebunun birləşmiş qoşunları tərəfindən ilk hücumda tutulmasa da, sonradan Cebu xaqan II yürüşdə Tiflisi, İrəvan və ətrafını, Albaniyanın hamısını ələ keçirmişdir. Bu zaman Cebu xaqanın oğlu Şadla katolikos Viro arasında imzalanan sülh müqaviləsinə əsasən Albaniya Göytürk imperiyasının hüdudlarına daxil edilmişdir.
VII əsrin 30-cu illərində Yaxın və Orta Şərqdə yaranmış yeni bir qüvvə – Xilafət bölgədəki bütün qüvvələr tarazlığını alt-üst etdi. Sasanilər və Bizans bir-birləri ilə apardıqları müharibələr nəticəsində həddindən artıq zəifləmişdilər. Xüsusilə də Sasanilər bu qüvvənin qarşısında çox da uzun müddət davam gətirə bilməmişdir. Beləliklə, bu mübarizə nəticəsində Sasani dövləti tamamən mövcudiyyətini itirmiş, Bizans isə cənub və şərq vilayətlərindən məhrum olmuşdu.
Xilafətin İrəvanətrafı tarixi ərazilərə ilk yürüşləri kəşfiyyat xarakterli olmuşdur. İyad bin Ğanəmin 640/641-ci ildəki hücumunda Dəbil və ətrafındakı xristian qoşunları məğlub edilmiş, bu qələbədən sonra Xilafət qoşunları mövqelərinə geri dönmüşdür.
Dəbil Xilafətin idarəçiliyinə Həbib ibn Məsləmənin yürüşləri nəticəsində, Xəlifə Osmanın (644–656) hakimiyyət illərində sülh yolu ilə keçmişdir. Bəlazurinin məlumatına görə Həbib müəyyən vergi ödəmələri, müsəlmanlara mehriban davranmaları, düşmənə qarşı onlara yardım etmələri şərti ilə onlarla əhdnamə imzalamışdı. Əhalinin canı, malı, kilsələr, monastırlar, şəhərlər, qalalar bu əhdnamə ilə əmniyyət altına alınmışdı. Eyni şərtlərlə Naxçıvan əhalisi də sülh yolu ilə Həbibə tabe olmuş, Sisəcan əhalisi isə əvvəlcə Həbibə qarşı mübarizə aparmış, məğlub olduqdan sonra bənzər şərtlərlə sülh müqaviləsini imzalamışdılar.
Xilafətin hakimiyyəti dövründə bölgəni Xuzeymə ibn Hazim, Yezid ibn Məzyəd, Məhəmməd ibn Yezid əş-Şeybani kimi məşhur sərkərdələr vali kimi idarə etmişdir. Onlardan Xuzeymə ilk dəfə vergi almaq məqsədi ilə Naxçıvan və Dəbil arasındakı torpaqları ölçdürmüşdü. Qeyd etmək lazımdır ki, Yezid ibn Məzyəd və Məhəmməd ibn Yezid əş-Şeybani Azərbaycan dövlətçilik tarixində böyük iz buraxmış və Şirvanşahlar dövlətinin idarəçilər sülaləsi olan Məzyədilərin nümayəndələri olmuşlar.
Xilafət idarəçiliyi dövründə Dəbil və ətrafı Şirak (Şörəyel), Naxçıvanla birgə eyni inzibati vahiddə birləşdirilirdi. Ərəb mənbələrində Sisəcan (Sünik) bölgəsi bir çox hallarda Arran bölgəsinin tərkib hissəsi kimi göstərilir. Bəlazuri ərəblərə qədər bu torpaqların xəzər türklərinə aid olduğunu bildirmişdir. Yaqubi isə ərəblərə qədər xəzərlərin Cənubi Qafqazda hökmranlıq etdiklərini, Arran, Gürcüstan, Busfurracan və Sisəcanda onların Yezid Balaş adlı xəlifəsi – canişini olduğunu qeyd etmişdir.
IX əsrin əvvəllərində İrəvan və ətraf bölgələri ərəb zülmünə qarşı Babəkin azadlıq mübarizəsində yaxından iştirak edirdilər. Buradakı alban zadəgan ailələri, xüsusilə alban mehranilər sülaləsindən olan Sünik hakimi Səhl ibn Sunbat onun yaxın müttəfiqinə çevrilmişlər. Sonralar öz ictimai mövqeyini qorumaq naminə Səhl ibn Sunbat Babəklə yollarını ayırmaq qərarına gəlmişdir. Sonrakı dövrdə Səhl ibn Sunbat Babəki həbs edərək ərəblərə təhvil verir və bunun müqabilində bir müddətlik Cənubi Qafqazın idarəçisi (mənbədə ali hakimiyyət) olmuşdur.
Babək hərəkatı Abbasi xilafətinin bölgədəki hakimiyyətini zəiflətmiş və Azərbaycanda dövlətçilik ənənələrini yenidən bərpa etmişdir. Məhz bunun nəticəsi idi ki, IX əsrdən etibarən Sacoğulları, Şirvanşahlar, Salarilər, Şəddadilər, Rəvvadilər kimi sülalələr bəzən bütövlükdə Azərbaycanı, bəzən də Azərbaycanın müəyyən bölgələrini idarə etməyə başlamışlar.
Təbəridən məlum olur ki, 893-cü ildə İrəvan yaxınlığında – Dəbildə böyük bir zəlzələ baş vermiş, bu zəlzələdə şəhərin əhalisinin xeyli hissəsi həlak olmuşdu.
Bu dövlətlərdən Sacoğulları qonşuluqda olan xristian hakimlərinin işğalçı yürüşlərinə qarşı uğurla mübarizə aparmış, onların qəsbkar siyasətini darmadağın etmişdir. Hökmdar Yusif ibn Əbu Sac (901–928) o dövrdə Dəbili işğal etmiş Sumbatı (890–914) mərkəzi hakimiyyətə tabe etmək barəsində xəbərdar etsə də, təsiri olmamışdı. Nəhayət, 908-ci ildə Yusif Niğ nahiyəsində Sumbatı məğlub etmiş, oğlu Muşeqi Dvinə apararaq zəhərləyib öldürmüşdür. 915-ci ildə isə Sumbatın özünü Dəbildə dar ağacından asaraq edam etmişdir.
Hətta bu dövrdən sonra da Sacoğullarının qərb sərhədlərində xristian feodallar təhlükə yaradır, Bizans dövlətini yardıma çağıraraq müstəqil olmağa çalışır, asılı vəziyyətdən qurtulmaq istəyirdilər. Belə cəhdlərdən birində Sacoğlu hökmdarı Müflih 931-ci ildə Bizans qüvvələrini Xilat yaxınlığında darmadağın edərək Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyini bərpa etmişdir.
Sacilər dövlətinin süquta uğramasından sonra İrəvan və ətraf bölgələr 951-ci ildən etibarən Şəddadilərin hakimiyyətinə keçmişdir. Salari Mərzban ibn Məhəmmədin (941–957) əsarəti dönəmində Dəbil əhalisi xristianlara və ətrafdakı dinsizlərə qarşı mübarizə aparmaq üçün Məhəmməd ibn Şəddadı şəhərə dəvət etmiş, şəhərin müdafiəsini ona tapşırmışdılar. Məhəmməd xristianlar üzərində qazandığı qələbələrə görə qısa zamanda məşhurlaşmış, Dəbil ətrafında Tell-Fəzli adlanan yeni bir qala da inşa etmişdir. Lakin sonralar Salarilər burada hakimiyyətini bərpa edəndə Şəddadilər Dəbili tərk etməyə məcbur olmuşdular.
971-ci ildə Şəddadilər Gəncəyə dəvət edilmiş, burada möhkəmlənərək ətraf bölgələri tabe etməyə nail olmuşdular. I Fəzlin (985–1031) hakimiyyət illərində İrəvan və ətrafı, eyni zamanda Şəddadilərin ata mülkü olan Dəbil şəhəri yenidən Şəddadilərin hakimiyyəti altına daxil edilmişdir. Dəbil mərkəz olmaqla İrəvan və ətrafını Əbuləsvar Şavur Şəddadi taxtında hakimiyyətə gələnə qədər yarımmüstəqil şəkildə idarə etdiyi təxmin edilir (1022–1049). Bu idarəçiliyi dövründə o bölgəni qərbdəki xristian feodalların qəsbkar siyasətindən uğurla müdafiə etmişdir. Şəddadilərdəki bu ikihakimiyyətlilik Şavurun əsas taxtı ələ keçirməsindən sonra da davam etmişdir. Belə ki, Şavur Gəncədə taxta keçdikdən sonra Dəbilin idarəsini 1053/54-cü ildə oğlu Abanəsr İskəndərə tapşırmışdır.
XI əsrdən etibarən Azərbaycana Səlcuqlu oğuzlarının yürüşü başlamışdır. Səlcuqlu oğuzlarının bölgəyə gəlməsini Azərbaycan əhalisi böyük məmnuniyyətlə qarşılamışdır. Onlar üçün oğuzlar hər şeydən əvvəl bölgəni dayanmadan təhdid edən Bizans və əlaltılarına qarşı etibarlı müttəfiq idi. Məhz buna görə də Azərbaycan hakimləri Səlcuqlu sultanı Toğrulun adına xütbə oxutdurmuşdular. Şavurun İrəvan və ətrafında uzun müddət hökmranlıq etməsi, Bizans və əlaltılarına qarşı mübarizəsi Səlcuqlu sultanı Alp Arslanın diqqətindən qaçmamışdı. Məhz buna görə idi ki, Alparslan 1065-ci il Rum (Bizans) üzərinə yürüşündə tutduğu əraziləri Əbuləsvar Şavurun idarəsinə vermiş, ona etibar etmişdir.
Bu dövrdən etibarən Atabəylər dövləti qurulana qədər İrəvan və ətrafı 1130-cu ilə kimi Şəddadilərin nəzarəti altında qalmışdır. Sonradan bölgəyə oğuz əmirləri rəhbərlik etməyə başlamışdır. 1177-ci il üçün bölgənin Əmir Qaracanın hakimiyyəti altında olduğu məlum olur. O öz torpaqlarını Atabəy hökmdarı Qızıl Arslanın (1186-1191) rəhbərliyində idarə etmiş, bölgədəki narazılıqları yatırtmışdır. Əmir Qaraca sonradan müsəlman əmiri ilə döyüşdə məğlub olmuş və öldürülmüşdür. Bundan istifadə edən xristian feodallar 1182-ci ildə Dəbilə hücum edərək müsəlman əhali arasında qətliam törətmişdilər. Bu qətliam nəticəsində Dəbil şəhərinin hakimi Əlişir öz oğlu və həyat yoldaşını da itirmişdir.
Dəbil üzərinə edilən xain yürüşlərə baxmayaraq, Atabəylər dövləti tez bir zamanda İrəvan və ətrafına nəzarəti bərpa edə bilmişdir. Lakin Atabəy Qızıl Arslanın vəfatından etibarən dövlət daxilindəki çəkişmələr mərkəzi hakimiyyəti zəiflətmişdir. Nəticədə İrəvan və ətrafı 1203-cü ildə Abxaz-Kartli sərkərdələri olan Mxarqrdzeli qardaşlarının hakimiyyəti altına keçmişdir. 1225-ci ildə Xarəzmşah Cəlaləddin bölgəni işğal qüvvələrindən xilas etmiş, lakin bölgədə yaranan yeni güc – monqollar onun da burada hakimiyyətini uzunmüddətli olmasına izn verməmişdir.
XIII əsrin ortalarında Elxanilər dövlətinin yaranması ilə Azərbaycanın İrəvanətrafı əraziləri bu dövlətin tərkibində qalmışdır. Bəhs olunan dövrdə Azərbaycan adıçəkilən dövlətin mərkəzi vilayəti kimi geniş ərazini əhatə edirdi. İrəvanətrafı ərazilər inzibati cəhətdən Naxçıvan tüməninə daxil idi. Dövrün qaynaqlarının təsdiq etdiyinə görə Naxçıvan tüməni Azərbaycan mahalının (burada Cənubi Azərbaycan nəzərdə tutulur) doqquz tümənindən biri olmuşdur. Onun şərq sərhədləri Qapandan başlamış qərbdə Sürməliyə qədər uzanmışdır. Həmdullah Qəzvininin verdiyi məlumata görə Naxçıvan tüməni geniş ərazini əhatə edirdi. Qərbdə Ərmən vilayəti ilə sərhədlənən bu tümən Makudan Qafan dağlarına qədər olan geniş ərazini əhatə etmişdir. Əslində, Naxçıvan tüməni Arazın hər iki sahilindəki əraziləri birləşdirmiş, qərbdə Dəbil (Dvin) şəhəri də bu tümənin tərkibinə daxil olmuşdur. Ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi yazır: Dvin “Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında” yerləşir.
V.Z.Piriyev XIV əsr müəllifi Əbu Bəkr əl Qütbi əl-Əhərinin verdiyi məlumata əsaslanaraq yazır ki, 1338-ci ildə Şərur və Dəbil əraziləri Əkəncinin oğlu Nacıbəy tərəfindən idarə olunmuşdur. Qərbdə Sürməliyə qədər olan ərazilər Naxçıvan tüməninə daxil olduğuna görə İrəvanətrafı ərazilər də həm Elxanilər, eləcə də Cəlairilər dövründə Naxçıvan tüməninin tərkibində olmuşdur.
XIV əsrin son rübündə Azərbaycanın qərb bölgəsində Naxçıvan, Sürməli və Xoy bölgəsində Qaraqoyunlu tayfa birliyi yüksəlməyə başlayır. Qaraqoyunlu tayfa birliyinə daxil 13 tayfadan biri də Sədli tayfası olmuşdur. Qaraqoyunlu tayfa birliyində Sədli tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Səəd adlı bəyin adından almışdır. Hafiz Əbru Naxçıvanda və Sürməli bölgəsində qədim dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olan Sədli tayfasının yaşadığını qeyd etmişlər. Foma Metsopski də XIV əsrin sonunda Səəd adlı igid türkman bəyi haqqında məlumat vermişdir. Hafiz Əbrunun və Dövlətşah Səmərqəndinin verdiyi məlumata görə sədlilər Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olmuşdular. Buna görə də Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında və möhkəmlənməsində bu tayfadan çıxmış əmirlər mühüm rol oynamışdılar.
XIV əsrin sonu – XV əsrin başlanğıcında sədlilərin qədim yurdu olan Naxçıvan və Sürməli bölgəsi Əmir Səəd başda olmaqla sədlilərin hakimiyyəti altında olmuşdur. Məhz buna görə də sədlilərın yaşadığı ərazi Çuxursəəd kimi tanınmışdır. Çuxursəəd vilayətinin adı ilə bağlı elmi fikirlərin hamısı həmin bölgənin adının qədim Azərbaycan türk tayfalarının adından götürüldüyünü təsdiqləyir. Bu, inkarolunmaz tarixi faktdır ki, Azərbaycan tayfalarından biri olan sədlilər Qaraqoyunlu tayfa birliyinə daxil idi. Dövrə aid mənbədə Əmir Teymurun yürüşlərindən bəhs olunarkən Əmir Səədin Çuxursəəd hakimi olduğu qeyd olunur.
1411-ci ildə dünyasını dəyişmiş Sədli hakimi Əmir Səəd İrəvan yaxınlığında dəfn olunmuşdur. Əmir Səədin ölümündən sonra Çuxursəəd vilayətinin hakimi onun oğlu Pir Hüseyn olmuşdur. Oğlu Pir Hüseyn 1413-cü il oktyabrın 11-də atasının qəbri üzərində məqbərə ucaltmış və ərəbcə mətn yazdırmışdır. Pir Hüseynin dövründə sədlilərin inzibati mərkəzi İrəvan olmuşdur. L.Bretanitski Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin kərpic memarlığı formasından daş memarlığa “keçidin” özünəməxsus forması adlandırmışdır.
Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmli Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in əl-Bəqərə surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: “Bu müqәddәs qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli padşahların vә sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin vә biliklәr üçün susamışların himayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә әl tutan, dövlәtinә eşq olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә ucaldılmışdır. Qoy onun әdalәtli, idarә üsulu var olsun. Qoy mәrhәmәtli, mәrhum, mәrhәmәtlilәrin ağuşuna atılmış Әmir Sәədin torpağı pak olsun. Qoy Allah böyük padşahın hökmranlıqı dövründә, alicәnab xaqan, Şәrqin vә Qәrbin şahlar şahı, dövlәtin vә dinin dayağı Pir Budaq xan vә Yusif noyanın hakimiyyәtini әbәdi etsin, – 816 hicri, rәcәb ayının 15-i”. Bu tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.
Çuxursəədin tarixi Azərbaycan torpağı olduğunu erməni mənbələri də təsdiq edir. Erməni mənbələri buranı “Sahata pos” – “Səhədin çuxuru”, yaxud da “Yerkin Sahar” – “Səhədin ölkəsi” adlandırırlar.
Çuxursəəd toponimi rəsmi sənədlərdə ilk dəfə 1428-ci ildə Üçkilsə kəndinə sahibliklə bağlı ərəbdilli sənəddə xatırlanır. 1428-ci il 18 noyabr tarixli həmin alqı-satqı sənədindən görünür ki, qeyd olunan kəndi Pir Hüseyn Sədlinin qızı Mülük Xatunun adından Şeyx Məhəmməd ibn-Dehxuda adlı şəxs yepiskop Qriqora satmışdır. Ərəbcə tərtib edilən həmin sənəddə şahidlər də özlərini “sədlilər” adlandırmışlar. Farsdilli qaynaqlarda isə Çuxursəəd adına ilk dəfə Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində rast gəlinmişdir. Faruk Sümər bu haqda yazır: “… Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə görə, iranlı müəlliflərin Çuxursəəd adlandırdığı məntəqə İrəvanın qərb və cənub-qərb hissəsində bir bölgə olmuşdur. Osmanlı mənbələrində “Səəd çuxuru” kimi verilmişdir. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı”.
Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli yuxarıda qeyd olunduğu kimi Sədli tayfasının qədim yurdu idi. XV əsrdə Arazın sahillərini əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadi də sədlilərin nəzarəti altında idi. Teymuri tarixçisi Hafiz Ebru Sultan Şahruxun Azərbaycana yürüşlərindən bəhs edərkən Naxçıvan və Sürməli bölgəsinin Sədli tayfasının qədim yurdu olduğunu qeyd etmişdir. Bu faktı Teymuri tarixçisi Əbdürrəzzaq Səmərqəndi özünün “Mətləüs-səədeyn və məcməül-bəhreyn” adlı əsərində də təsdiq edir.
Qeyd etmək lazımdır ki, Əmir Səəd məqbərəsinin yerləşdiyi Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən sonralar ayrılmışdır. Buna görə də Əmir Səəd məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür. Göykümbət kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin günbəzinin göy rəngdə olması ilə bağlı olmuşdur. Bu kəndin adı bəzi mənbələrdə Göygünbəz kimi çəkilir. Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti 4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək “Arqavand” qoymuş, Göykümbət kəndinin adını isə 1 dekabr 1949-cu ildən “Gexanist” adlandırmışdır.
Göykümbət kəndində Qaraqoyunlu tayfa birliyinə daxil olan Sədli tayfa başçılarının qəbiristanlığı mövcud olmuşdur. Həmin qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüzə qədər gəlib çatmışdır.
Qaraqoyunlu tayfa birliyinin başçısı Qara Yusif Əmir Teymurun vəfatından bir il sonra, yəni 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkri Çuxursəəd ərazisində, Naxçıvanın qərbində Araz çayının sahilində məğlubiyyətə uğradaraq qaçmağa məcbur etmişdir. Həmin döyüşdə Qara Yusifin ordusunun sağ cinahına məhz Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Əldə olunan qələbə nəticəsində bölgədə teymurilərin hakimiyyətinə son qoyulmuşdur. Qara Yusif bölgənin idarəçiliyini yenidən Sədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədin oğlu Pir Hüseynə həvalə edir. 1408-ci il aprelin 21-də Təbriz yaxınlığında Sərdrudda Teymurilərə qarşı baş vermiş əsaslı döyüşdə Qara Yusifin ordusunun sol cinahına Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Onun qardaşı Pir Məhəmməd də həmin cinahda yer almışdı. Qara Yusifin teymurilərlə döyüşdə əldə etdiyi böyük qələbə Azərbaycanda Teymuri ağalığına son qoyulmasına və paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasına səbəb olmuşdur. 1410-cu ildə Təbriz yaxınlığındakı Əsəd kəndində Sultan Əhməd Cəlairi ilə döyüşdə də Qara Yusifin ordusunun sağ cinahına Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Onun qardaşı Pir Məhəmməd Sədli də digər Qaraqoyunlu əmirləri ilə yanaşı həmin cinahda yer almışdır.
1410-cu ildə Azərbaycan sülaləsi olan Qaraqoyunlular Təbrizdə hakimiyyətə gələrkən sədlilər İrəvanətrafı ərazilərin sahibi idilər və yeni yaranmış dövlətin əsas dayağına çevrilmişdilər.
Azərbaycan Qaraqoyunlu dövlətinin yaranması və möhkəmlənməsində Pir Hüseyn Sədli və qardaşı Pir Məhəmməd Sədli mühüm rol oynamışdır. 1420-ci ilin noyabrında Teymuri hökmdarı Sultan Şahruxla döyüşə yollanan Qara Yusifin Təbrizdən cənubda Ucanda vəfat etməsindən istifadə edən Sultan Şahrux Azərbaycanda möhkəmlənmişdir. Əbubəkr Tehrani yazır ki, məhz bu zaman “Azərbaycanda Sədli camaatı İsfahan bəyi (Qara Yusifin oğlu) taxta çıxardılar. O, xəzinəni və Bəyazid qalasını ələ keçirdi. Çuxursəəddə qışladı”. Göründüyü kimi, Qaraqoyunlu dövlətinin yaranmasında əsaslı rol oynayan Sədli tayfası dövlətin ən çətin dövrlərində də onun əsas dayağını təşkil etmişdir. İrəvanətrafı ərazilər, o cümlədən Çuxursəəd vilayətinin idarəsi uzun müddət Sədli tayfasının irsi mülkü kimi mərkəzi hökumət tərəfindən onlara tapşırılmışdır.
1420-ci ildə Qaraqoyunlu taxtına çıxan İsgəndər onun taxt-tac rəqibi olan qardaşı Əbu Səidin tərəfini saxladıqları üçün Əmir Pir Hüseynin xələflərini vilayətin idarəçiliyindən kənarlaşdırmış və Çuxursəədin idarəsini birbaşa mərkəzi hakimiyyətə tabe etmişdir. Bu zaman Çuxursəəd vilayəti şimalda Gürcüstanla (Gürcüstan 1469-cu ildə parçalandıqdan sonra Kartli çarlığı ilə), şərqdə Naxçıvan, Qafan və Qarabağ vilayəti ilə, qərbdə Samsxe-Saatabaqo, Pasin, Ələşgird və Bəyazidlə, cənubda isə Maku ilə həmsərhəd idi.
1421-ci il iyulun sonlarında Qaraqoyunlu Qara İsgəndərin Teymuri hökmdarı Şahruxla Ələşgird düzündə baş verən döyüşdə Qaraqoyunlu ordusunun sağ cinahına Pir Hüseyn Sədli rəhbərlik etmiş, həmin cinahda onun oğlu Pir Qeyb, qardaşları Pir Üveys və Pir Məhəmməd yer almışdır. Döyüş qaraqoyunluların məğlubiyyəti ilə başa çatdığı üçün Pir Məhəmməd Sədli, Pir Üveys və Pir Qeyb əsir düşmüşdür. Həsən bəy Rumlu yazır ki, “Əmir İbrahim Cahanşah sol cinahda mərdlik göstərdi və Mirzə İsgəndərin böyük əmirlərindən olan Pir Hüseyn bəy Sədlini əsir tutdu”. “Qızılbaşlar tarixi” əsərinin müəllifinin qeyd etdiyinə görə Pir Hüseyn Sədli Ələşgird döyüşündə Teymuri sultanı Şahruxun mülazimləri tərəfindən öldürülmüşdür.
Pir Hüseyn Sədlinin öldürülməsindən sonra onun övladları (Pir Qaib və Əbdül) hələ də irsi mülklərinin idarə olunmasında yaxından iştirak edirdilər. Teymuri hökmdarı Şahruxun 1429-cu ildə Azərbaycana ikinci yürüşü zamanı Qaraqoyunlu hökmdarı Qara İsgəndər Salmas döyüşündə məğlub olaraq Şərqi Anadoluya çəkilmək məcburiyyətində qalmışdır. Sultan Şahrux Qaraqoyunlu taxt-tacını Qara Yusifin kiçik oğlu Əbu Səidə verərək geri qayıtmış və Əbu Səid Sultan Şahruxun vassalı kimi dövləti idarə etməyə başlamışdır. O, zəif iradəli olduğu üçün Qaraqoyunlu əmirləri arasında ciddi mübarizə yaranmışdır. Vəziyyətdən istifadə edən Qara İsgəndər narazı əmirlərin yardımı ilə 1431-ci ildə qardaşı Əbu Səidi öldürərək hakimiyyəti yenidən ələ almışdır.
Görünür, məhz bu dövrdə Qara İsgəndər üsyankar əmirlərə divan tutan zaman qardaşı Əbu Səidi müdafiə etmiş Sədli əmirlərindən Pir Qaiblə Əbdülü də cəzalandırmışdır. Qara İsgəndər üsyankar əmirləri cəzalandıraraq onların hüquqlarını məhdudlaşdırmağa və mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışmışdır. Sədli əmirləri Çuxursəədin idarəsindən uzaqlaşdırılmış, vilayət bilavasitə mərkəzi divanın idarəçiliyinə verilmişdir. Tədqiqatçılardan B.Ə.Budaqov və Q.Ə.Qeybullayev Borçalıda və Qarabağda Saatlı adlı yaşayış yerlərinin olduğuna diqqət çəkərək yazırlar ki, 1431-ci ildə Qara İsgəndər Çuxursəəddə Sədli əmirlərinin nüfuzunu qırdıqdan sonra sədlilərin bir hissəsi Qazax mahalına, sonralar isə Qarabağa köçmüşdür.
Qara İsgəndərin mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə həyata keçirdiyi tədbirlər Çuxursəəddə sədlilərin mövqeyini zəiflətsə də, Sədli əmirləri dövlətin digər vilayətlərinin idarə edilməsində yaxından iştirak etmişlər. Hüseyn Sədli Cahanşah dövründə Astrabad hakimi olmuşdur. Maraqlıdır ki, Qara İsgəndər dövründə Çuxursəəddə yerləşən Üçkilsə monastırının keşişləri ətraf kəndləri məhz sədli camaatından satın almağa başlamışdılar. Alqı-satqı sənədlərindən də görünür ki, Qara İsgəndərin mərkəzi hakimiyyəti möhkəmləndirməsində İslamı qəbul etmiş Əmir Rüstəmin böyük rolu olmuşdur. Əmir Rüstəm Qara İsgəndərin qardaşı Əbu Səid üzərində qələbədən sonra onun ən yaxın silahdaşına çevrildiyi üçün ona Çuxursəəddə geniş soyurqallar paylamışdır. Görünür, məhz bu dövrdə Əmir Rüstəm yaranmış vəziyyətdən istifadə edərək alqı-satqı sənədlərində deyildiyi kimi Azərbaycan ölkəsinin Çuxursəəd vilayətinin Karpi nahiyəsində yerləşən müəyyən kəndləri satın alaraq Üçkilsə monastırına vəqf etmişdir.
Qara İsgəndərin qardaşı Əbu Səidi öldürməsi və Qaraqoyunlu dövlətinin keçmiş əzəmətini bərpa etməsi Teymuri hökmdarı Şahruxun Azərbaycana növbəti yürüşünə səbəb olmuşdur. O, 1436-cı ilin mayında Qarabağı tərk edərək Ucana gələn zaman vassallığı qəbul etmək şərti ilə Azərbaycan hökmdarlığını Cahanşaha vermişdir.
Teymuri sultanının Azərbaycanı tərk etməsi ilə İsgəndər sığınmış olduğu Osmanlı torpağından Azərbaycana qayıtmış, bununla da İsgəndərlə qardaşı Cahanşah arasında kəskin mübarizə başlanmışdır. Əbu Bəkr Tehrani yazır ki, “İsgəndərin orduya və əhaliyə etdiyi zülm nəticəsində ona nifrət edən Azərbaycan qalalarının başçıları Əlincə qalasından başqa bütün digər qalaları Cahanşah Mirzəyə verdilər”. Amma o zaman Əlincə qalası və Naxçıvan İsgəndərə sadiq qüvvələrin nəzarətində qalmışdır.
İsgəndər Əlincə qalasında olduğu vaxt oğlu Şah Qubad atasını öldürmək fikrinə düşüb qırx nəfərlə birlikdə İsgəndərin yataq otağına soxulmuş və onu qətlə yetirmiş, xəzinəni ələ keçirərək bir qismini qoşuna paylamış və əhvalatı əmisi Cahanşaha bildirmişdir. Xəzinənin yarısı, Avnik qalası və Pasin vilayəti Cahanşah tərəfindən ona verilmişdir. Bununla da Əlincə qalası Cahanşahın ixtiyarına keçmişdir.
Cahanşahın hakimiyyəti dövründə Çuxursəəd vilayətinin tarixində sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problemlər yaradan bir hadisə də baş vermişdir: Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katolikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən İrəvan yaxınlığındakı Üçkilsə monastırına köçürülmüşdür. Bununla Cənubi Qafqazda Qriqoryanlığı yayan erməni missionerləri üçün əlverişli şərait yaranmışdır. Qaraqoyunlu hökmdarları erməni katolikoslarını himayə etmiş və onlara sərbəstlik vermişdilər. Bu vaxtdan Azərbaycanın Çuxursəəd diyarında yerləşən Üçkilsə monastırı bütün ermənilərin dini mərkəzinə çevrilmişdir.
Qaraqoyunlulardan sonra Ağqoyunlulara sığınan Üçkilsə katolikoslarının mövqeyi daha da möhkəmlənmişdir. Beləliklə, Azərbaycanın Çuxursəəd diyarında Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının icazəsi ilə Azərbaycan ərazisində erməni kilsələri tikilmişdir.
Çuxursəəd bəylərbəyliyi
İrəvan şəhərinin meydana gəlməsi və Səfəvilər dövlətinin Çuxursəəd bəylərbəyliyi
XVI əsrin əvvəlində mərkəzi Təbriz şəhəri olan mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti (1501–1736) yaranmışdı. Azərbaycanın başqa bölgələri kimi Çuxursəəd də Səfəvi dövlətinin tərkibinə daxil olmuşdu. XVI əsrin 30-cu illərində Azərbaycan Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən 13 vilayətə – bəylərbəyliyə bölündü. Bunlardan biri də mərkəzi İrəvan (Rəvan) şəhəri olan Çuxursəəd bəylərbəyliyi idi. Onun tərkibinə Maku, Sədərək, Naxçıvan (XVII əsrin əvvəllərindən) vilayətləri, Zaruzbilə, Bayazid qalası, Şadılı və Dumbuli tayfasına məxsus torpaqlar və Mağazberd daxil idi.
Çuxursəəd vilayətinin mərkəzi İrəvan şəhəri
İrəvanın bir şəhər kimi formalaşması və inkişafı qaynaqlar tərəfindən XVI əsrin başlanğıcında təsbit edilməkdədir. Bu tarixi hadisəni şərtləndirən və İrəvanın Çuxursəəd əyalətinin mərkəzi şəhəri statusunu qazanmasına səbəb olan ən mühüm amillərdən biri burada möhkəm qalanın inşası idi. Şəhərin quruluşu və tarixinin müxtəlif istiqamətlərinə dair qiymətli məlumatlar ehtiva edən Osmanlı qaynaqları arasında Evliya Çələbinin Səyahətnaməsi “Azərbaycanın Rəvan qalasının – Xoca Can şəhərin vəsfi” sözləri ilə başlayaraq İrəvan qalasının inşasına dair bu məlumatı qeyd etmişdir: “810-cu il (1407/1408) tarixində Timuri-binur xanın sövdəgərlərindən Xoca Cani-Lahicani adlı bir ənqa bəzirgan bu Rəvan torpağına qədəm basıb, pak ənbər qoxulu bu məhsuldar torpaqda bütün heyəti ilə qərar tapıb növbənöv çəltik əkib mal topladıqca nəhayətində bir böyük qəsəbə olub. Bundan sonra 915-ci il (1509/1510) tarixində İran şahı (Azərbaycan Səfəvi – red) İsmayıl şah bir qala binasını Rəvanqulu adında xanına fərman verib yeddi ildə qalanı tamamlayıb ki, adına Rəvan deyirlər”.
Rəvanqulu xan tərəfindən inşa edilən qala ilk olaraq İrəvan şəhərinin Azərbaycan Səfəvi dövlətinin inzibati vahidlərindən biri olan Çuxursəəd bəylərbəyliyinin mərkəzi kimi möhkəmləndirilməsini nəzərdə tuturdu. İrəvan şəhəri əlverişli coğrafi mövqedə yerləşdiyi üçün Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlı ordusunun başlıca hücum hədəfinə çevrilmişdi. Şah İsmayıl onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş və Zəngi çayının sahilində daş və kərpicdən qalanın inşa edilməsinə razılıq vermişdi.
XVI əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin inzibati ərazi vahidlərindən biri kimi Çuxursəəd bəylərbəyliyinin mövcudluğunu Şah I İsmayılın 1505-ci il 26 avqust tarixli fərmanı da təsdiq edir. Fərmanda Çuxursəədin hakim, darğa və kələntərinə divan məmurlarının Gərni nahiyəsindəki Qızılvəng monastırından müxtəlif adda vergi və mükəlləfiyyətin toplanmasının qadağan edən göstəriş verilmişdi.
İrəvan şəhəri Səfəvi–Osmanlı müharibələri dövründə
XVI əsrin əvvəllərindən başlayaraq Səfəvi-Osmanlı sərhədində yerləşən Çuxursəəd bəylərbəyliyinin tarixində ən ağır dövr başlanmışdı. Bəylərbəyliyin ərazisi və onun mərkəzi İrəvan şəhəri öz aralarında qanlı müharibələr aparan iki qardaş türk imperiyaları olan Səfəvilərlə Osmanlılar arasında müharibə meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdi.
1514-cü il Çaldıran savaşının iştirakçısı Heydər Çələbi özünün “Çaldıran Rüznaməsi” adlı gündəliyində Sultan Səlimin başçılığı ilə Osmanlı ordusunun İrəvan şəhəri və ərtafının qarət etməsinin təsvirini vermişdir. Müəllif yazır: “29 rəcəb (20 sentyabr 1514) çərşənbə günü Araz çayı keçilib Əlincə qalasının yuxarı tərəfindəki Kəsik Künbəzə çatıldı. Cümə axşamı Naxçıvan şəhərinə daxil olundu, qızılbaş olduqları üçün əhalisi yağmalandı, 1 şaban (22 sentyabr) cümə günü xaraba halda olan (Qərbi Qarabağ və ya Naxçıvan Qarabağı da deyilən) Qarabağ şəhəri yaxınlarına çatıldı. Ertəsi gün Naxçıvanın “Əhmədbəy-Zaviyəsi”nə, növbəti gün Sədərək və 4 şabanda Çuxursəədə (Rəvan) bağlı “Hacı Lələli”nin yanından keçilərək “Böyük Vedi” ilə “Kiçik Vedi” kəndləri arasında yerləşildi. 26 sentyabr günü Çuxursəəd ətrafındakı (İrəvandan axan) Zəngi çayı keçilərək Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhəri yaxınlarına çatıldı. Ertəsi gün də burada qalındı, gecəyarısı hücum edilərək İrəvan şəhəri yağmalandı. 7 şabanda Çuxursəəddə yerləşən Üçkilsədən keçərək “Səkkiz mənzildə” düşərgə quruldu. Həm sol, həm də arxa tərəfdə Ağrıdağ göründü”. Qeyd edilən hadisəni – Çuxursəəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhərinin Osmanlı sultanı tərəfindən ələ keçirilərək qarət olunması və qalanın yerlə-yeksan edilməsini digər Osmanlı mənbəsi də təsdiq edir.
Mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinin idarə edilməsi uzun müddət Rumlu, Ustaclı və Qacar əmirlərinə həvalə edilmişdir. Şah I İsmayıl Çuxursəəd vilayətinin tiyuldarlıq haqqını yığmağı nüfuzlu Rumlu nəslinə tapşırmışdı. Bu nəslin tanınmış əmirlərindən biri Div sultan Rumlu idi. O, Şah I İsmayıl zamanında şahın oğlu Təhmasib Mirzənin tərbiyəçisi və lələsi olmuşdu. Şahın fərmanı ilə 1515-ci ildə Çuxursəəd hakimi təyin olunan Div sultan Rumlu İrəvanda diqqətçəkən tikinti işləri aparmışdı. J.Şarden yazır ki, İrəvan şəhərində ön tərəfdə böyük bir bazar var və onun yaxınlığında kərpicdən inşa olunan və hazırda (1673-cü il – red) xaraba halında olan qədim bir məscid vardır. Həmin məscid onun bünövrəsini qoyan şəxsin adı ilə “Div Sultan məscidi” adlanır.
Göründüyü kimi, Şah I İsmayıl zamanında hərbi-strateji baxımdan önəmli olan İrəvanın abadlaşdırılması və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdi. Lakin İrəvan şəhəri və qalası sonralar dəfələrlə Osmanlıların hücumuna məruz qalmışdı. Bütün bunlar Osmanlılara müqavimət göstərmək və əməliyyat aparmaq üçün İrəvan vilayətində şahın əmri ilə iki silahqayırma müəssisəsinin tikilməsinə səbəb olmuşdu. İrəvan bəylərbəyliyi sikkə buraxmaq hüququna da malik idi.
Yuxarıda qeyd edildiyi kimi, Çuxursəəd (İrəvan) bölgəsi Div sultan Rumlunun tiyul mülkləri hesab olunmuş, şəxsi qabiliyyətinə görə isə əmirül-üməra vəzifəsinə yüksəlmişdi. 1524-cü ildə 10 yaşında hakimiyyətə gələn Şah I Təhmasib öz təzkirəsində yazır: “Div sultan Rumlu lələm idi. Qardaşı Çayan sultanın əvəzinə hakimiyyətə çatmış Köpək sultan adı ilə məşhur olan Mustafa sultanı əmirül-üməralıqda Div sultana şərik etdim”. Həsən bəy Rumlu da təsdiq edir ki, Şah I Təhmasib hakimiyyətə gələn zaman məmləkət işlərinin yüyənini Div sultan Rumluya təqdim etmişdi. F.Sümər Osmanlı qaynaqlarına istinad edərək yazır ki, Şah I İsmayıl ölüm ərəfəsində əmirlərə Div sultana mütləq itaət etmələrini və onun sözündən çıxmamalarını vəsiyyət etmişdi. Buna baxmayaraq, Şah I Təhmasib ustaclıların təzyiqi altında Köpək sultanı əmirül-üməralıqda onunla şərik etmiş və Div sultan bundan narazı qalmışdı. Bu narazılıq onlar arasında silahlı mübarizəyə yol açmışdı. Nəticədə Köpək sultan Ustaclı və tərəfdarları məğlub olaraq Gilanda Rəşt hakiminə sığınmışdılar. Onlar Rəşt hakimindən yardım alaraq növbəti il Ərdəbil üzərinə hərəkət etmişdilər.
1527-ci ilin iyununda Şah I Təhmasib özbəklərin Xorasana hücumunu dəf etmək üçün yürüşə başlayanda yaranmış fürsətdən istifadə edən ustaclı əmirləri Rəştdən Ərdəbilə yürüş edərək buranın hakimi Badıncan sultan Rumlunu məğlub edərək öldürmüşdülər. Onlar Ərdəbildən “Div sultanın ordusunun dayandığı və Rumlu tayfasının məskən saldığı Çuxursəədə getdilər. Div sultan və Çuxa sultan bu xəbəri eşitdikdə Xorasana getməkdən vaz keçib, cümə günü ramazan ayının 8-də (8 iyun 1527-ci il) Savucbulaqdan hücuma keçib Azərbaycana getdilər… Cümə günü ramazan ayının 29-da (29 iyun 1527) Naxçıvan tüməninin Arpaçay məntəqəsində onlara çatıb, şahanə vuruşdular. Ustaclılar məğlub oldular, Köpək sultan öldürüldü”.
Şah I Təhmasibin ordusu Savucbulaqdan hərəkət edib Sultaniyyə gələrək əmirlərin qatılmasını gözləyən zaman Div sultan Rumlu və Çuxa sultan da ona qatılmış, 26 iyul 1527-ci ildə Çuxa sultanın göstərişi ilə Div sultan Rumlu öldürülmüşdü. Onun qoşunu və vilayəti mülazimlərindən Süleyman bəy Rumluya tapşırıldı və ona Süleyman sultan ləqəbi verilmişdi. Beləliklə, 1527-ci ildən Çuxursəəd bəylərbəyliyi Süleyman sultan Rumlunun idarəsinə verilmişdi.
Göründüyü kimi, XVI əsrin I yarısında mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyini rumlu tayfasından olan tanınmış əmirlər idarə edirdi. Bəylərbəyliyi Div sultan Rumludan sonra Süleyman sultan Rumlu, sonra isə Hüseynxan sultan Rumlu idarə etmişdi. Osmanlı sultanı Süleyman Qanuninin 1534-1535-ci illərdə Azərbaycana yürüşləri zamanı Çuxursəəd hakimi Süleyman sultan Rumlu idi. Dövrün qaynaqlarında 1547-ci ildə Əlqas Mirzənin Şah I Təhmasibə qarşı üsyanı və Osmanlı sultanı Süleyman Qanuninin Azərbaycana 1548-ci il yürüşü zamanı da Çuxusəd hakimi Hüseynxan sultan Rumlunun olduğu qeyd edilir.
1548-ci ildə Van hakimi, “qiyamçı və fitnəkar bir şəxs olan İsgəndər Paşa Kürdüstanda qoşununu cəmləşdirib Çuxursəədə yürüş etdi. Çuxursəəd hakimi Hüseynxan sultan Rumlu mülazimlərinin (indiki leytenant rütbəsinə uyğundur – red.) pərakəndə halda olması səbəbindən, döyüşməyi məsləhət bilmədi. Yalnız vəkili Təbət ağanı 20 nəfərlə qarovulluğa (kəşfiyyata – red.) göndərdi. Onlar isə İsgəndər Paşa ilə vuruşmada məğlub oldular və 5 nəfəri qətlə yetirildi. Təbət ağa geri döndü. İsgəndər Paşa İrəvana soxulub oradakı bazarı yandırdı, daha sonra Van qalasına geri çəkildi. Hüseynxan sultan onların ardınca gedərək dəstədən 10 nəfəri qətlə yetirdi. Bu xəbər dinin pənahı olan şaha çatdıqda ona kömək etmək üçün Çərəndab sultan Şamlını Çuxursəədə göndərdi”.
1552-ci ilin əvvəlində Ərzurum hakimi olan İsgəndər Paşa Xoy ərazisindən Səfəvilərin hüdudlarına soxulmuş, sonra isə yenidən Çuxursəədə gəlib İrəvan şəhər bazarını yandırmış və geriyə qayıtmışdı. Ərzurum paşası qızılbaş əmirlərinə yazdığı hədə dolu məktublarında özünü lovğalıqla “Şirvan və Gürcüstan hakimi” adlandırırdı.
Belə olan vəziyyətdə I Şah Təhmasib “Ərzurumun lovğa, dikbaş hakimi İsgəndər Paşanı cəzalandırmağa qərar verdi”. Şah oğlu İsmayıl Mirzənin başçılığı altında ordunu ona qarşı göndərmişdi. Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Bədr xan Ustaclı və Məhəmməd xan Mosullu kimi adlı-sanlı əmirlər bu yürüşdə iştirak edirdi. Qızılbaş ordusu Ərzurum uğrunda döyüşdə mühüm qələbə qazandı. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Maraş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İsgəndər Paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar. Səfəvi ordusunun Osmanlı dövlətinin sərhəd ərazilərini – Bitlis, Vostan, Adilcəvaz, Ərciş, Muş və Pasini viran qoyması Osmanlı sultanının Azərbaycana növbəti yürüşünə bəhanə olmuşdu.
Sultan Süleymanın Azərbaycana IV yürüşü zamanı – 1554-cü il iyulun 10-da Osmanlı ordusu Şörəyel və Şərabxana bölgəsini talan edərək İrəvana yaxınlaşdı. İyulun 18-də şəhəri ələ keçirən Osmanlı ordusu onu tamamilə qarət etmiş, Şah Təhmasibə, oğluna və əmirlərə məxsus saraylar dağıdılmış, bağ və bağçalar yerlə-yeksan olunmuşdu. Şəhərdə şaha məxsus olan “Sultaniyyə baxçası” da tamamilə dağıdılmışdı.
Sultan Süleymanın Naxçıvan səfəri kimi tanınan bu yürüşü də əvvəlki yürüşləri kimi bir nəticə vermədi. Osmanlı sultanının bütün təhdidlərinə baxmayaraq, Səfəvi şahı onunla açıq döyüşə girməkdən çəkindi, həyata keçirdiyi “viran edilmiş ərazi” taktikası ilə Osmanlı ordusunun ölkənin içərilərinə irəliləməsinin qarşısını aldı. Kəskin ərzaq çatışmazlığı ilə üzləşən Osmanlı sultanı qabaqcadan od vurub yandırdığı Naxçıvanı iyulun 30-da tərk etdi və geriyə – Ərzuruma qayıtdı. Qızılbaş qoşunları geri çəkilən Osmanlıların ardınca Osmanlı ərazisinə daxil oldular.
Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına başlamağa razı oldu. 1555-ci il iyunun 1-də Amasyada imzalanan sülh müqaviləsinə görə İrəvan şəhəri də daxil olmaqla Çuxursəəd bəylərbəyliyi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı.
Qeyd edək ki, Çuxursəəd bəylərbəyliyini 1551–1573-cü illərdə Səfəvi sarayında böyük nüfuz sahibi olan Şahqulu Sultan Ustaclı idarə etmişdi. Şahqulu Sultanın 1567-ci ildə Şah I Təhmasib tərəfindən II Sultan Səlimin taxta çıxmasını təbrik etmək üçün qiymətli hədiyyələr və min nəfərlik heyətlə İstanbula göndərilməsi onun mühüm dövlət işlərində yaxından iştirak etdiyini göstərir. Elçi heyəti İstanbulda Piyalə Paşa tərəfindən qarşılanaraq Xəncərli Sultan sarayında yerləşdirilmişdi. 1568-ci ilin fevralında Şahqulu Sultan Ustaclı Ədirnədə qışlağa çəkilmiş II Sultan Səlimin sarayına gətirilmişdi. Rumeli bəylərbəyi Şəmsi Əhməd Paşa və vəzirlərlə görüşdükdən sonra Səfəvi elçisi Sultan tərəfindən qəbul edilmişdi. Elçinin şərəfinə ziyafət verildikdən sonra əvvəllər tərəflər arasında bağlanmış sülhü təsdiq edən məktub ona təqdim olunaraq geri dönməsinə icazə verilmiş, bununla da iki dövlət arasındakı münasibətlər qorunub saxlanılmışdı.
Mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyini Şah I Təhmasibin hakimiyyətinin sonlarında Şahqulu sultan Ustaclının oğlu Məhəmmədi xan Toxmaq Ustaclı əvəz etmişdi. 1576-cı ildə onun rəhbərliyi altında İstanbula böyük elçi heyəti göndərilmişdi. İsgəndər bəy Münşi bu haqda yazır: “… Rum padşahı Səlim xan vəfat etdiyindən və onun yerinə oğlu Sultan Murad taxtda əyləşdiyindən cənnətməkan şah istədi ki, Sultan Səlimin ölümünə başsağlığı vermək və Sultan Muradın cülusunu təbrik etmək üçün aqil və uzaqgörən böyük əmirlərdən birini Rum elçiliyinə göndərsin… Şərəfli hökmdar …ustaclı tayfasının mötəbər əmirlərindən birisi olan Çuxursəəd hakimi Məhəmmədi xan Toxmağı bu xidməti yerinə yetirməyə göndərdi”.
1576-cı ilin mayında Şah I Təhmasibin vəfatından sonra onun Qəhqəhə qalasında zindana salınmış oğlu İsmayıl Mirzə həbsdən azad olunmuş və həmin ilin avqustunda Qəzvində şah elan olunmuşdu. Şah II İsmayıl hakimiyyətini möhkəmləndirdikdən sonra Şah I Təhmasibin zamanından İstanbulda elçi olan Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi əmisi oğlu Əbu Turab Mirzənin vasitəsilə qətlə yetirmişdi. Bu qətllər ustaclı əmirlərinin aradan götürülməsi ilə davam etdirilmişdi. Bu zaman İstanbuldan geri qayıdan Toxmaq xan Çuxursəəddəki əmlakının Əbu Turab Mirzə (əmisioğlunun və qardaşlarının qatili) tərəfindən müsadirə olunduğunu görmüşdü. II İsmayıl şahzadə Mustafa Sultanın qətlindən sonra ustaclıları əfv etmiş və Toxmaq xan da öz əvvəlki vəzifəsinə qaytarılmışdı. O, Çuxursəəd bölgəsinin valiliyinə qayıtdıqdan sonra mərkəzin buradakı etibarlı adamına çevrilmiş və yenidən bütün məsələlərə nəzarət etməyə başlamışdı. 1578-ci ildə Məhəmməd Xudabəndə hakimiyyətə gələndən sonra da Məhəmmədi xan Toxmaq Çuxursəədin hakimi olaraq qalmışdı. Bu dövrdə İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Həmin illərdə əkin sahələrinin suvarılması üçün yeni su kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı.
İrəvan şəhəri Osmanlı idarəçiliyində (1583–1604)
Osmanlı-Səfəvi müharibəsinin yeni mərhələsinin (1578–1590-cı illər) gedişi zamanı İrəvan şəhəri növbəti dəfə Osmanlı ordusunun hücumuna məruz qalmışdı. 1583-cü ilin avqustunda Şərq yürüşünün yeni rəhbəri Fərhad Paşa 70-80 min nəfərlik qoşunla Ərzurumdan çıxıb Qarsı keçərək Çuxursəəd vilayətinə daxil olmuşdu. Öz qarşısında Osmanlıların üstün qüvvəsini görən Çuxursəəd bəylərbəyi Məhəmmədi xan Toxmaq kömək üçün Qarabağ və Təbriz bəylərbəyilərinə – İmamqulu xan Qacar və Əmir xan Türkmana müraciət etmişdi. Həmin əmirlər hələ Xorasanda olan şahın köməyi olmadan Osmanlı ordusuna qarşı durmağı öz qüvvələri imkanı xaricində saydıqları üçün Məhəmmədi xanın çağırışını cavabsız qoymuşdular. Buna görə də Məhəmmədi xan İrəvanı tərk edərək Naxçıvana çəkilmiş, Fərhad Paşa İrəvanı ələ keçirmişdi.
Fərhad Paşa İrəvan şəhərində Şah bağında Məhəmmədi xan Toxmağın sarayını içinə alan, Zəngi çayının şərq sahilində cənubdan şimala doğru uzanan bir narın qala və bayır qala tikdirmişdi. Səkkizqülləli, beş dəmir qapılı, məscidi və hamamı olan narın qala ilə qırx üçqülləli bayır qala 45 gün ərzində inşa edilmişdi. Məhəmmədi xan Toxmağın sarayı sökülərək daşları İrəvan qalasının inşasında istifadə olunmuşdu. Qala divarlarının tikintisində material çatışmadığı üçün əmirlər və əsgərlər ətraf ərazilərdən daş və ağac materialları toplamağa göndərilmişdi.
Mənbələrin məlumatına görə “İrəvanın bayır qalası Zəngi körpüsü, Dəmirbulaq, Abbasdarı (Abbasdərə – red.), Köşəli, Abagayat (Abıhəyat – red.), Qarabağ və Zoğalqala adlanan yerlərdən keçərək Zəngi çayına dönür və çay boyunca uzanaraq Zəngi körpüsündə birləşirdi. Uzunluğu təxminən 30 km olan qala divarlarında 50-60 bürc var idi”. Qala divarlarının önünə müdafiəni gücləndirmək üçün sıx ağaclar əkilmişdi. İrəvan şəhərinin ətrafına qala divarlarının çəkilməsi Osmanlıların onun müdafiəsinə xüsusi diqqət yetirdiyini göstərir. Şəhər ətrafında qaya və daşların az olması möhkəm qala divarlarının tikilməsini çətinləşdirdiyi üçün qala divarlarının qarşısında xəndək qazılmışdı. Fərhad Paşa tərəfindən Xızır Paşa İrəvan bəylərbəyi təyin olunmuş və o, lazım olan sursat və hərbi ləvazimatla təchiz edilmişdi. Evliya Çələbinin yazdığına görə Xızır Paşanın sərancamına 70 minlik Osmanlı əsgəri verildi.
Beləliklə, 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi nəticəsində Qızılbaşlar məğlub olmuş və tərəflər arasında 1590-cı il İstanbul sülh müqaviləsi imzalanmışdı. Azərbaycanın əksər əraziləri kimi mərkəzi İrəvan olan Çuxursəəd bəylərbəyliyi də xeyli müddət – 20 il Osmanlı idarəçiliyində qalmışdı.
Osmanlı idarəçiliyi dövründə İrəvan bölgəsinin demoqrafik vəziyyəti
Müharibədə qalib gələn Osmanlı imperiyası İstanbul sülhündən dərhal sonra ələ keçirilmiş Səfəvi torpaqlarında, o cümlədən İrəvan bölgəsində siyahıyaalmalara başlamışdı. 1590-cı ildə tərtib olunan “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə bu diyarın ən qədim yerli əhalisi olan Azərbaycan türklərinin tarixi bütün incəlikləri ilə əks olunmuş, bölgənin, o cümlədən İrəvan şəhərinin sosial-iqtisadi durumu, tarixi coğrafiyası, mövcud toponimlər və s. barədə çox qiymətli materiallar öz əksini tapmışdır.
Ümumtürk tarixi üçün gələcək təhlükəni qiymətləndirə bilməyən Osmanlı sultanları ələ keçirdikləri Qərbi Azərbaycan torpaqlarında, xüsusilə İrəvan bölgəsində erməniləri məskunlaşdırır və onlara xüsusi “qayğı” göstərirdi. Səfəvi-Osmanlı müharibələrinin gedişində İstanbuldan göndərilən sultan fərmanları və xüsusi göstərişləri ilə Azərbaycan torpaqlarına köçürülən ermənilərin toxunulmazlığı təmin olunurdu. Bununla belə, həmin müharibələrinin gedişində vəziyyətin Səfəvilərin xeyrinə dəyişməsindən asılı olaraq Azərbaycan türkləri təkrar doğma torpaqlara qayıdır, ənənəvi demoqrafik durum yenidən bərpa olunurdu. İrəvan bölgəsində yaşayan əhalinin gerçək etnik mənzərəsinin işıqlandırılması üçün müfəssəl dəftərlərlə yanaşı, bu dəftərlərin tərtib edildiyi və ondan əvvəlki dövrdə yazılmış tarixi xronikaların məlumatlarını da nəzərə almaq lazım gəlir.
XVI əsrin əvvəllərindən başlayaraq davam edən Səfəvi-Osmanlı müharibələri nəticəsində Azərbaycanın qərb bölgəsinin şiə məzhəbli əhalisinin xeyli hissəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Dövrün qaynaqlarında Abaran, Şərəbxana, Bazarçayı, Zar və Zəbil nahiyələrində heç kimin yaşamadığı göstərilir. 1579-cu il oktyabrın 4-də Qarsdan hərəkət edən 40 minlik Osmanlı ordusu Şörəyel livası tərəfdən Arpaçayı keçərək Şərur qəzasınının Şərəbxana nahiyyəsinə girmiş və buradan 20 minə qədər əsir aparmışdır. Əsir aparılanların etnik mənsubiyyəti barədə dövrün xronikalarında məlumat verilməsə də, onların müsəlman (türk) əhalisi olduğunu söyləməyə Sultan III Muradın 28 aprel 1578-ci il tarixli fərmanı əsas verir. Səfəvilərlə müharibə ərəfəsində verilmiş bu fərmanda “reayadan olan xəracgüzar erməni tayfasının mallarına və canlarına zərər verilməməsi” əmr edilmişdi. Həmçinin 1583-cü ilin avqustunda Fərhad Paşanın başçılığı ilə Osmanlı ordusunun Şörəyel və Talin (Talın) tərəfdən İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhəri və eyni adlı əyalətin müsəlman (türk) əhalisi ərazini tərk edərək Ağrıdağ və yaylaqlara çəkilmişdi.
Osmanlı sultanı isə ələ keçirilən Çuxursəəd bölgəsində özünə sosial dayaq yaratmaq məqsədilə türk-müsəlman əhalinin məcburən tərk etdiyi torpaqlara xristian əhalisi ilə yanaşı sünni kürdləri də köçürdü. XVI əsrin sonlarına aid Baş Nazirlik Osmanlı Arxivi (Başbakanlık Osmanlı Arşivleri) “Mühimmə dəftəri”nə görə Sultan III Muradın əmri ilə “Diyarbəkrdən və s. yerlərdən sünnü məzhəbli Kurmac adlanan Dəclə kürdləri … Maku, İrəvan və Naxçıvan bölgələrinə gətirilərək buradan köçmüş Qızılbaş – türkmənlərdən və Oyrat xalqından boşalan kənd və qəsəbələrə yerləşdirildi”.
1590-cı ildən sonra Osmanlı sultanının İrəvan əyalətində Səfəvilər dövrü ilə müqayisədə yaratdığı əlverişli həyat şəraiti və xüsusilə də əyaləti ədalətlə idarə etmək üçün tərtib etdikləri qanunnamə doğma yurdlarını tərk etmiş İrəvan əyalətinin türk-müsəlman əhalisinin yenidən öz ata-baba torpaqlarına qayıtmalarına şərait yaratmışdır. Müfəssəl dəftərdən görünür ki, türk-müsəlman əhalisi İrəvan, Karbi, Karni, Vedi, Talin (Talın) və Ərmavi nahiyələrində geri qayıdıb yerləşmiş, Karni, Vedi, Ərmavi, Naxçıvan, Mülki-Arslanlı, Qarabağ, Şərur, Azadciran, Şorlut nahiyələrində Osmanlılardan əvvəlki dövrdə olduğu kimi yenə də çoxluq təşkil etmişlər. Hətta bir müddət sonra İrəvan şəhərində daimi yaşayan əhalinin yenə də tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr təsdiq edir. XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) Səfiqulu xan Çuxursəəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir. Səyyahın məlumatına görə “…İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan türkləri – red.) yaşayırlar”. Beləliklə, bəhs olunan dövrdə də Azərbaycanın qədim Çuxursəəd (İrəvan) bölgəsində və İrəvan şəhərində yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.
XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı müharibələri zamanı İrəvan şəhərinin dəfələrlə osmanlı ordusunun hücumlarına məruz qalmasına baxmayaraq, şəhərdə həyat davam etmişdi. 1590-cı il Osmanlı mənbəsinə görə İrəvan şəhəri narınqala və bayır qaladan təşkil olunmuş, məscidləri, xan sarayı, hamamları və çarşısı olan müsəlman-türk şəhəri idi. Narınqala – Dərəköy, Mardiros, Məzərə (Mərzə), Kiçik Qayıq (Kiçik Qayğı), Əyali (İsalı) və Börkçü Ohan adlanan 6 məhəlləyə ayrılmışdı. Bayır qalada isə şəhərin Dərəköy, Bağlar, Hacı İlyas, Yenicə və Oxcabert adlı məhəllələri mövcud olmuşdur. Mənbədə İrəvan şəhərindəki Dəyirmantəpə küçəsində yerləşən ticarət obyektlərindən və İrəvan şəhərində yerləşən boyaxana, bozaxana, şamxana, bazar bacı, qara tamğa və at bazarından alınan illik gəlirlər qeyd edilmişdir.
XVI əsrin sonunda Şah Abbas Səfəvi dövlətinin tarixi sərhədlərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iqtisadi əhəmiyyəti olan Azərbaycan ərazisini Osmanlı işğalından azad etmək üçün müharibəyə ciddi hazırlıq görmüşdü. Onun həyata keçirdiyi bütün iqtisadi, siyasi və hərbi islahatlar bu məqsədə yönəlmişdi. Qeyd edilən dövrdə Osmanlı dövlətinin daxili və xarici vəziyyətinin ağır olması və Azərbaycanda da Osmanlı hakimiyyətinin xeyli zəifləməsi Səfəvi şahına itirilmiş əraziləri geri qaytarmaq üçün Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başlamağa imkan yaratmışdı.
Azərbaycanda Osmanlı ağalığına qarşı başlanan üsyanlardan istifadə edən Şah Abbas 1603-cü il sentyabrın 14-də Mazandarandan 2-3 minlik qüvvə ilə ova çıxmaq bəhanəsi ilə Azərbaycana yürüşə başlamışdı. Digər qüvvələr isə yolda şaha qoşulmuşdu. Sentyabrın 27-də Təbrizi mühasirəyə alan Səfəvi ordusu oktyabrın 21-də şəhəri azad etmişdi. Bu hadisə Səfəvi ordusunun qərbə doğru irəliləməsinə şərait yaratmışdı.
İrəvan şəhərinin azad edilməsi və möhkəmləndirilməsi
Şah Abbas Culfanı və Naxçıvanı azad etdikdən sonra İrəvan qalasını ələ keçirməyi qərara almışdı. Həmin dövrdə İrəvan qalası kompleks olaraq üç mühüm qaladan ibarət olmuşdur: “Biri sərdar Fərhad Paşanın 1583-cü ildə …inşa etdirdiyi Ətiq qalasıdır… İkincisi qalanın cənub-qərbindəki təpənin üzərində yerləşən Gözçü adlı kiçik bir qaladır ki, bu iki qala arasındakı məsafə iki-üç ox sürətinə bərabərdir. …Üçüncüsü isə bir neçə gün ərzində Naxçıvan ləşkərinin Ətiq qalasının yanında olduqca möhkəm inşa etdikləri Yeni qaladır, amma oraya şirhacı çəkmək və xəndək qazmağa hələ imkan tapa bilməmişdilər”.
Səfəvi ordusu 1603-cü il oktyabrın 18-də İrəvan qalasının cənub-şərqində göründü. Qalada Şərif Paşanın 10 minlik Osmanlı qarnizonu möhkəmləndirilmiş üç istehkam xətti ilə müdafiə olunurdu. Buna görə də şəhərin mühasirəsi uzun müddət davam etmişdi. Şah Abbas İrəvan qalasının ətrafında istehkam tikmək üçün Naxçıvan və Culfa əhalisini səfərbərliyə almış və onların hərbi əməliyyatda iştirak etməsini məsləhət görmüşdü. Şah I Abbas öz qoşunlarını bir neçə dəstəyə bölmüşdü. O, Azərbaycan ordusunun rəhbəri Zülfüqar xana Gözçü qalasını ələ keçirməyi tapşırmış, digər məşhur sərkərdə Qırçığai bəyi isə öz xüsusi mühafizəçiləri ilə birgə Köhnə qalanın (Ətiq qalası) qarşısında qoymuşdu. Bu zaman Osmanlı topçuları qala divarlarının üstündən Şah I Abbasın əsgərlərini mərmi yağışına tutmuşdular. Vəziyyətin gərginləşdiyini görən Şah Abbas təcili tədbirlər görmüşdü.
Gözçü qalası ələ keçiriləndən sonra Şah I Abbas Qırçığai bəyə “Yeni qala”nı tutmağı əmr etmişdi. O, Xorasan tüfəngçilərinin bir dəstəsini və öz xüsusi mühafizəçilərini də onun komandanlığına vermişdi. Zülfüqar xanı isə Köhnə qalanı mühasirəyə almağa göndərmiş və yeni düzəldilmiş toplardan birini onun ixtiyarına vermişdi. 1604-cü il iyunun 8-də İrəvan qalası azad edilmiş, Şərif Paşa başda olmaqla Osmanlı qarnizonu təslim olmuşdu. Şah I Abbas Şərif Paşanın xahişini nəzərə alaraq onu Məşhədə, İmam Rza türbəsinə mütəvəlli təyin etmiş, Mehmed Paşanın rəhbərliyi altında əsir alınan 500 nəfərlik dəstəyə Qarsa getməyə icazə verilmişdi. Şah I Abbas bu döyüşlərdə göstərdiyi igidliyinə görə “Sarı Aslan” ləqəbini almış Əmirgünə xan Qacarı Çuxursəəd (İrəvan) bəylərbəyi təyin etmişdi. 1625-ci ildə Əmirgünə xanın ölümündən sonra bu vəzifəyə onun oğlu, Şah I Abbasın ən tanınmış sərkərdəsi Təhmasibqulu bəy Qacar təyin edilmişdi.
Beləliklə, iyirmi ildən artıq Osmanlı dövlətinin idarəçiliyində qalan İrəvan şəhəri azad edilərək Azərbaycan Səfəvi dövlətinin tərkibinə qaytarılmış və XVII əsr ərzində bu bölgənin idarəçiliyi Azərbaycanın qədim tayfası olan Ağcaqoyunlu Qacarların əlində qalmışdı.
Səfəvi-Osmanlı müharibələri XVII əsrin birinci yarısında davam etdiyi üçün İrəvan şəhəri 1635-ci il də Osmanlı sultanı IV Muradın hücumuna məruz qalmışdı. Osmanlı ordusu həmin il iyulun 27-də İrəvan şəhərini mühasirəyə almış, İrəvan hakimi Təhmasibqulu xan Qacar avqustun 8-ə kimi müqavimət göstərməsinə baxmayaraq təslim olmaq məcburiyyətində qalmışdı.
Osmanlı ordusunun Təbrizi tərk etməsindən sonra şah hərbi şurası İrəvan şəhərinin təcili geri alınmasına qərar vermişdi. 1635-ci il dekabrın 25-də Rüstəm xanın komandanlığı altında Səfəvi ordusu qalanı mühasirəyə almışdı. Ciddi mübarizədən sonra, 1636-cı il aprelin 2-də İrəvan şəhəri Səfəvi ordusu tərəfindən işğaldan azad olunmuşdu.
100 ildən çox davam edən Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə Qəsri-Şirin müqaviləsi ilə başa çatmış, iki imperiya arasında 1723-cü ilə kimi davam edən uzunmüddətli sülh dövrü başlanmışdı. Yaranmış əmin-amanlıq Çuxursəəddə sosial-iqtisadi inkişafa müsbət təsir göstərmişdi.
Dövrün qaynaqlarının və elmi ədəbiyyatın təhlili göstərir ki, İrəvan şəhəri Azərbaycan Səfəvi dövlətinin strateji mövqeyinə görə mühüm əhəmiyyət daşıyan başlıca əyalət mərkəzlərindən biri kimi uzun müddət davam edən Səfəvi-Osmanlı müharibələri dövründə fasilələrlə Osmanlı işğalına məruz qalmışdır. Bu şəhərin gələcək inkişafına öz təsirini göstərmişdir. İrəvan şəhəri ayrı-ayrı dövrlərdə Osmanlı ordusunun hücumu zamanı dağıntılara məruz qalsa da, şəhərin quruluşu və qala divarları ilə əhatə olunaraq möhkəmləndirilməsi də məhz Osmanlı hakimiyyəti altında olduğu zaman təmin edilmişdir. İrəvan şəhərini Səfəvi ordusunun hücumundan müdafiə etmək üçün Osmanlı sərkərdəsi Fərhad Paşa şəhərdə möhtəşəm qala tikdirmiş və şəhər ətrafına qala divarları çəkdirmişdir. İrəvan şəhəri 1636-cı ilin aprelində Osmanlı işğalından azad edildikdən sonra Səfəvi şahı tərəfindən daha da möhkəmləndirilmişdi.
1663-cü ildə II Şah Abbas keçmiş Çuxursəəd hakimi Əmirgünə xanın oğlu Abbasqulu xanı İrəvana hakim təyin etmiş və o, Çuxursəəd bəylərbəyliyini 1666-cı ilə kimi idarə etmişdi. Onu bu vəzifədə Səfiqulu xan (1666-1674) əvəz etmişdi.
Səfiqulu xan Qarasu çayından susuz çöllərdən birinə böyük kanal çəkdirmiş, orada kənd saldırmış və öz adı ilə – Səfiabad adlandırmışdı. Səfiqulu xanın arvadı da onun kimi hərəkət edərək bu kanaldan digər tərəfə arx çəkdirmiş və onu Xatınarxı adlandırmışdı. Bundan sonra ər-arvad xeyriyyəçilik məqsədilə çəkdirdikləri bu kanalın və Xatınarxının suyundan əhalinin vergi ödəmədən istifadə etməsinə icazə vermişdilər.
Səfiqulu xanın ölümündən sonra Çuxursəəd bəylərbəyliyini Rüstəm oğlu Səfiqulu xan (1674-1679) idarə etmişdi. Onun zamanında əhalinin vəziyyəti xeyli ağırlaşmışdı. Nəticədə iki il məvacibsiz qalan Qacar və Bayat tayfalarından olan döyüşçülər 1677-ci ildə Səfiqulu xana qarşı üsyana qalxmışdılar. Vəziyyəti nəzərə alan Şah Süleyman (1666-1694) Çuxursəəd bəylərbəyliyinə özünün etibarlı adamlarından biri olan Zal xanı (1679-1688) təyin etmişdi. Onun hakimiyyəti illərində – XVII əsrin son rübündə bütün Yaxın Şərq ölkələri kimi Səfəvi dövləti də dərin tənəzzül dövrünü yaşayırdı. Bu Çuxursəəd bəylərbəyliyi üçün də təsirsiz qalmamışdı.
Bununla belə, Azərbaycanın bir çox yerlərində olduğu kimi Çuxursəəddə də ənənəvi iqtisadi həyat davam etməkdə idi. Vilayətin mərkəzi İrəvan şəhəri Osmanlı imperiyasının ticarət mərkəzləri, Tiflis, Gəncə, Şamaxı və İsfahan şəhərləri ilə aparılan ticarət yollarının qovşağında yerləşirdi. İrəvan digər Azərbaycan şəhərləri ilə daha geniş ticarət əlaqəsi saxlayırdı. İrəvana hər yerdən tacirlər gəlir, istədiklərini alıb aparırdılar.
İrəvan şəhəri səyyahların təsvirlərində
Səfəvi dövlətinin inzibati vahidlərindən biri, Çuxursəəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri haqqında müхtəlif vaxtlarda burada olmuş səyyahlar maraqlı məlumatlar vеrmişlər.
ХVII əsrin 50-ci illərin ortalarında İrəvanda olmuş fransız səyyahı J.B.Tavarniye İrəvan şəhərini təsvir edərkən onun iki hissədən – içəri şəhər və bayır şəhərdən ibarət olduğunu qeyd edərək yazırdı: “İçəri şəhərdə yalnız xan özü, ordu başçıları və hərbçilər yaşayırlar. Xanın imarəti çaya baxır. Xan çox güclüdür və onun hər zaman sərhədi qorumağa qadir ordusu vardır. …şimal-qərb hissədə yerləşən bayır şəhərdə yaşayış içəri şəhərdən 20 dəfə çoxdur.”
ХVII əsrin 70-ci illərinin əvvəllərində İrəvanda olmuş digər fransız səyyahı J.Şarden şəhərin ümumi təsvirini verərək yazırdı: “İrəvan böyük şəhər olsa da, gözəl deyil və çirkli şəhərdir. …Onun böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. …O, hər tərəfdən dağlarla əhatə еdilmiş düzənlikdə yеrləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırхbulaq çayları aхır”. J.Şarden daha sonra içəri şəhərin, yəni qalanın təsvirini vermişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. …Qalanın müdafiəsi üçün iki min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir. …Şəhərdə və qalada çoхlu hamam və karvansara vardır”.
XVII əsrdə İrəvanda olmuş Osmanlı səyyahı Evliya Çələbi İrəvan qala-şəhəri ilə bağlı maraqlı məlumatlar vеrmişdir: “Möhkəm dəmirdən hazırlanmış üç darvazası vardır. Təbriz qapısı cənub tərəfə, Mеydan qapısı və ya Yayla qapısı şimal tərəfə açılır. Çövkən meydanı burada yerləşir. Qərb tərəfə açılan Körpü qapısına Əcəm dilində “Darvazeyi-Pul” deyərlər. Osmanlıdan qalmış 700 ədəd böyük və kiçik topları var. Digər sursat və cəbbəxanalarının da sayı-hesabı yoxdur. …Burada 3 min qala gözətçisi, 3 min xan ordusu və 7 min əyalət əsgəri vardır. Bura bir neçə dəfə хanlar хanlığı olmuşdu. Burada qazı, molla, şеyхül-şərif, kələntər, darğa, münşi, yasavul ağası, qoruqçubaşı, еşikağası, dizçökən ağa, 7 nəfər mеhmandar və şехbəndər vardır”.
Evliya Çələbinin təsvir etdiyi İrəvan şəhəri üç mühüm hissəyə – Əskişəhər, Narınqala və Körpübaşına ayrılırdı. Əskişəhər və Narınqala Zəngi çayının şərqində, Körpübaşı isə çayın qərb sahilində yerləşirdi. E.Çələbi qeyd edir: “Narınqalada bəylərbəyinin sarayı, məscid, zərbxana və 2600 üstüörtülü torpaq ev vardır. Onlardan ən gözəli Xan sarayıdır ki, Əmirgünə xan abadlaşdırmışdır. Bu sarayın yaxınlığında, sol tərəfdə şah zərbxanası yerləşir. Burada abbasi və bisti kəsilirdi. Qalanın şimalında Yayla qapısının qarşısında Əskişəhər yerləşir. Burada Çovqan meydanı, cümə məscidi, karvansara, üstüörtülü və üstüaçıq bazar vardır. Qaladan çayın qərb yaxasına açılan körpünün başında Körpübaşı yerləşir. Burada Xan bağı salınmışdır. Yenə orada cümə məscidi, karvansara, hamam, üstüörtülü bazar çoxdur, bir növ şəhərdir. Burası Əcəm (Səfəvilər – red.) əlinə keçdikdən sonra qalanın şərq tərəfdən bayırına üç qat qalın divar çəkib əsil divara əlavə etmişlər”.
1701-ci ilin yayında İrəvan şəhərində olan fransız səyyahı Yozef de Tournefort da şəhər haqqında maraqlı məlumatlar vermişdir: “Düzənliyin kənarında təpənin zirvəsində yerləşən İrəvan şəhəri üzüm bağları və digər bağlarla doludur. Hətta evlər də ölkənin ən gözəl vadilərindən birində çəmənliklər, meyvə ağacları və üzümlüklərlə çulğalaşır. …İrəvanın evləri ölkənin digər şəhərlərində olduğu kimi, bir mərtəbəli kürsülüdür, çiy kərpicdən və palçıqdan tikilmişdir. Hər bir ev kvadrat, düzbucaqlı və ya dairəvi formada olub ətrafı təxminən 2 metr hündürlüyündə divarla əhatə olunub. Şəhər divarları bir çox yerlərdə iki qatlıdır, lakin onların hündürlüyü 4 metrdən çox deyil və yalnız 4 və ya 5 fut enində dairəvi xəndəklərlə qorunur. Bütün bu tikililər və hətta divarlar günəşdə qurudulmuş kərpiclə tikilmişdir. Şəhərin yuxarı tərəfindəki qala divarları üç qatlı olmasına baxmayaraq yaxşı vəziyyətdə deyil. Forması az qala oval olan qalada 800-dən çox ev var, burada müsəlmanlar yaşayır, gün ərzində burada işləyən ermənilər şəhərə yatmaq üçün gedir. Qala mühafizəçilərinin sayının 2500 olduğu bildirilir. Şimaldan qalanı ələ keçirmək mümkün deyil: lakin bu, kərpic divarların hesabına deyil, qalanı çayın axan dəhşətli uçurumla təchiz edən təbiətin əməyidir. Qalanın qapısı təbəqə metalla örtülüb. Darvazanın dəmir məhəccərləri və qala mühafizəçiləri bir-birini kifayət qədər yaxşı tamamlayırlar”.
İrəvan şəhərinə getmək üçün “üç tağlı körpü üzərindən Zəngi çayını keçən” səyyah hava çox isti olduqda vilayət hakiminin sərinləmək üçün bu tağların altında tikilmiş otaqlara gəldiyi, şəhərin cənubundakı təpədə qaladan təxminən 1000 addım məsafədə, ikiqat divarlarla qorunan Keçiqalanın yerləşdiyi və İrəvan divarlarındakı bütün mazğalların kifayət qədər spesifik quruluşa malik olması haqda məlumat vermişdir.
İrəvan şəhəri XVIII əsrin əvvəllərində
XVIII əsrin əvvəllərində Səfəvi dövlətində mərkəzi hakimiyyət çox zəifləmişdi. Artıq dövlətin digər əraziləri kimi Azərbaycanın da ayrı-ayrı bölgələrini idarə edən hakimlər, o cümlədən Çuxursəəd bəylərbəyiləri mərkəzi hakimiyyətdən ayrılıb müstəqil hakimlərə çevrilirdi.
Yerli hakimlər öz məqsədlərinə çatmaq üçün xalq üsyanlarından istifadə edirdilər. Səfəvilərin zəifləməsindən istifadə edən əfqanlar 1722-ci ildə dövlətin paytaxtı İsfahan şəhərini ələ keçirmişdilər. Belə bir vaxtda yaranmış əlverişli şəraitdən istifadə edən Rusiya 1722-1723-cü illərdə Səfəvi dövlətinin Xəzərsahili vilayətlərini işğal etmişdi. Bundan narahat olan Osmanlı dövləti Rusiyanı qabaqlamaq üçün 1723-cü ildə öz qoşunlarını Azərbaycana yeritmişdi.
Rusiya Osmanlı dövləti ilə müharibəyə girməkdən çəkinmiş, nəticədə 1724-cü ildə İstanbulda Rusiya və Osmanlı dövlətləri arasında müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə Rusiya işğal etdiyi Xəzərsahili vilayətləri əlində saxlamaqla kifayətlənirdi. Osmanlı dövləti isə Cənubi Qafqazın, o cümlədən Azərbaycanın qalan ərazilərini işğal etmək üçün Rusiyanın bitərəfliyini təmin etmişdi.
1724-cü ilin yazında Osmanlı sərkərdəsi Arifi Əhməd Paşa 60 min nəfərdən artıq qoşunla Tiflisdən İrəvan şəhərinə doğru hərəkət etmiş və mayın 29-da Arpaçay vadisinə yetişərək burada mövqe tutmuşdu. Osmanlı ordusu İrəvan qalası ətrafında ciddi müqavimətlə qarşılaşmışdı. Çuxursəəd əhalisi başda bəylərbəyi Əliqulu xan (bəzi mənbələrdə Allahqulu xan) olmaqla Osmanlı qoşunlarına şiddətli müqavimət göstərmişdi. İrəvanın müdafiəsi zamanı şəhərin əhalisi bütünlüklə azərbaycanlılardan ibarət idi. L.Lokhart Osmanlı ordusunun şiddətli hücumlarının İrəvan müdafiəçilərinin qəhrəmancasına müqaviməti ilə rastlaşması, Osmanlıların çoxlu sayda itki verməsi və bununla əlaqədar olaraq “ölüləri dəfn etmək üçün Arif Əhməd Paşanın müvəqqəti atəşkəs təklif etməsi” barədə məlumat vermişdir.
Üçkilsə və onun ətrafında məskunlaşan, əsasən, Qriqoryan missionerlərindən ibarət olan erməniləri öz vətənləri olmadığı üçün Çuxursəədin və İrəvan qalasının taleyi əsla maraqlandırmırdı. Əksinə, onlar bu torpaqlarda möhkəmlənmək üçün ölkəyə hücum edən hər hansı xarici qüvvə ilə sövdələşməyə hazır idilər. Buna görə də nə katolikos, nə də erməni missionerləri İrəvanın müdafiəsində iştirak etməmişdilər. Əksinə, ermənilər Osmanlı hərbi hissələri ilə əlaqə yaratmış və səbirsizliklə Azərbaycana müdaxilə edən Osmanlı qoşunlarının qələbəsini, İrəvan qalasının təslim olmasını gözləmişdilər.
İrəvan şəhərinin mühasirəsi uzandıqca qalada ərzaq, sursat çatışmamazlığı getdikcə daha çox hiss olunmağa başlamışdı. Şəhərin müdafiəçilərinə köməyə heç bir qüvvə gəlmədiyindən İrəvan komandanlığı Arif Əhməd Paşa ilə danışıqlara girməyə məcbur olmuşdu. Mərkəzdən aramsız olaraq kömək alan Osmanlı qoşunları, 92 gün mühasirədə saxladığı İrəvan qalasını nəhayət ki, böyük çətinliklə ələ keçirə bilmişdi.
İrəvan qalası ələ keçdikdən sonra Anadolu valisi Osman Paşa İrəvana hakim təyin olunmuşdu.
İrəvan şəhərinin itirilməsindən sonra Çuxursəəd bəylərbəyliyi 10 ildən çox Osmanlıların hakimiyyəti altında qalmışdı. Osmanlılar işğal etdikləri Azərbaycan ərazilərində öz inzibati idarə sistemlərini tətbiq edərək əyalətləri sancaqlara, onları isə nahiyələrə bölmüşdülər.
Osmanlı məmurları tərəfindən tərtib edilən 1728-ci il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə keçmiş Çuxursəəd bəylərbəyliyinin ərazisi iki livaya – İrəvan və Naxçıvan livalarına bölünmüşdü. İrəvan livasına 10 nahiyə daxil idi: İrəvan, Karbi, Gərni, Vedi, Aralıq, Talin (Talın), Ərmus, Abnik, Abaran, Şərabxana. Naxçıvan livası isə 16 nahiyədən (Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərənürgüt, Dərəşahbuz, Bazarçayı, Şərur, Şorlu, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad) və bir qəzadan – Naxçıvan qəzasından (sancağından) ibarət idi. Bu zaman Maku, İğdır, Sürməli nahiyələri ilə yanaşı Zar, Zəbil və Şərur nahiyələri də Naxçıvan sancağının tərkibindən çıxarılaraq İrəvan əyalətinə birləşdirilir. Eyni zamanda, İrəvan əyalətinin ərazisində Göyçə, Məzrəə, Xınzirək, Qırxbulaq, Dərəçiçək, Sədərək nahiyələri və Şörəyel livası yaradılmışdı. XVI əsrin sonunda mövcud olmuş Talin (Talın), Ərmus, Abnik, Şərabxana nahiyələri, eləcə də Naxçıvan sancağının ərazisindəki Bazarçay və Ağcaqala nahiyələri ləğv olunmuşdu. Qeyd edilən dövrdə İrəvan şəhəri 4 məhəllədən – Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olmuşdu.
XVIII əsrin 30-cu illərinin əvvəllərində görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşarın başçılıq etdiyi Səfəvi qoşunlarının zərbələri altında Osmanlı hərbi qüvvələri Azərbaycan ərazisini tərk etməyə başlamışdı. Növbə İrəvana çatdıqda qaladakı Osmanlı qarnizonu döyüşə girməkdənsə müdafiə olunmağı üstün tutmuşdu. Tezliklə Osmanlı qarnizonu bunun da mənasız olduğunu nəzərə alaraq Nadir xanla danışıqlara girmiş, nəticədə İrəvan qalasındakı Osmanlı qarnizonu heç bir itki vermədən 1735-ci il oktyabrın 3-də qalanı tərk etmişdi.
Nadirin uğurlarının qaçılmaz olduğunu görən erməni katolikosu bu dəfə Osmanlılardan üz döndərərək onun tərəfinə keçmişdi. Xarici müdaxiləçilərə qarşı müharibədə qazandığı qələbələr Nadir xanın orduda və bütün ölkədə nüfuzunu artırmış və Muğan qurultayında şah seçilməsini təmin etmişdi.
İrəvan xanlığı
Xanlığın inzibati ərazisi
XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazisini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min km² olmuşdur.
Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olumuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxursəəd – yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə Çuxursəəd həmçinin İrəvan ölkəsi olaraq keçir. Çuxursəəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.
1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxursəəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxursəəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə Osmanlı tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət inzibati-ərazi bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Dərələyəz, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.
Nadir şahın hakimiyyəti dövründə (1736-cı ildən) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əfşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.
İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi İrəvan şəhərində xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeliyinə vermişdi. Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçisi İvan Şopen ətraflı məlumat vermişdir. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur.
Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi. Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.
Qırxbulaq mahalı Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. Mahal şərq tərəfdən onu Göyçə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub-qərbdən Gərnibasar, qərbdən isə Körpübasar mahalı ilə həmsərhəd idi. Qırxbulaq yaylasının bulaqları İrəvan şəhərini içməli su ilə təmin edirdi. Mahalda mövcud olmuş 48 kənddən 26-ı rus işğalı nəticəsində dağıdılmışdı. Qırxbulaq mahalının ərazisi indiki Kotayk vilayətinin, keçmiş Ellər (Kotayk, Abovyan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.
Zəngibasar mahalı İrəvan şəhərinin cənubunda yerləşirdi. Bu mahal şimal və şimali-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 33 kənddən 7-i rus işğalı nəticəsində dağıdılmışdı. Mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Zəngibasar (Masis) rayonunun ərazisinə uyğun gəlir.
Gərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalı, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 95 kənddən 43-ü rus işğalı nəticəsində dağıdılmışdı. Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Qəmərli (Artaşat) rayonunun ərazisinə uyğun gəlir.
Vedibasar mahalı Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Gərnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qafan çaylarının əhatə etdikləri dağlardan və düzənlikdən ibarət idi. Mahalda mövcud olmuş 54 kənddən 33-ü rus işğalı nəticəsində dağıdılmışdı. Vedibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Vedi (Ararat) rayonunun ərazisinə uyğun gəlir.
Körpübasar mahalı şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən Zəngi çayı, şimali-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı “Karbibasar” kimi verilmişdir. Mahalda mövcud olmuş 49 kənddən 9-u rus işğalı nəticəsində dağıdılmışdı. Körpübasar mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Eçmiədzin rayonu və indiki Ararat vilayətinin, keçmiş Əştərək (Aştarak) rayonunun ərazilərinə uyğun gəlir.
Sərdarabad mahalı Araz çayının şimal tərəfındə, Sürməli mahalının qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Körpübasar yə Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı İrəvanın sonuncu xanı Hüseynəli xan dövründə yaradılmışdı. 1817-ci ildə tikintisi başa çatdırılan məşhur Sərdarabad qalası bu mahalda yerləşirdi. Mahalda mövcud olmuş 30 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun ərazisinə uyğun gəlir.
Talın mahalı İrəvan xanlığının şimal-qərbində Alagöz (Ələyəz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayırırdı. Talın mahalı şimaldan Şörəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidə yerləşirdi. Mahalda mövcud olmuş 47 kənddən 27-i rus işğalı nəticəsində dağıdılmışdı. Talın mahalının ərazisi indiki Araqasotn vilayətinin, keçmiş Talin rayonunun ərazisinə uyğun gəlir.
Səədli mahalı İrəvan xanlığının ərazicə ən kiçik mahalı idi və onun qərb qurtaracağında yerləşirdi. Həmin ərazidə Arpaçay Araza qovuşurdu. Səədli mahalı şimaldan Talın, qərbdən Qars paşalığı, cənubdan Dərəkənd-Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı yanlış olaraq “Saatlı mahalı” kimi verilmişdir. Mahalda mövcud olmuş 14 kənddən 5-i rus işğalı nəticəsində dağıdılmışdı. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.
Abaran mahalı Ələyəz dağının ətəyində, xanlığın şimal qurtaracağında yerləşirdi. Mahal şimaldan Pəmbək əyaləti, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 61 kənddən 22-i rus işğalı nəticəsində dağıdılmışdı. Abaran mahalının ərazisi indiki Araqasotn vilayətinin, keçmiş Abaran rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.
Seyidli-Ağsaqqallı mahalı şimaldan Abaran, qərbdən Talın mahalı, cənubdan və şərqdən Körpübasar, cənubi-qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. 20 kəndə malik Seyidli-Ağsaqqallı mahalının 11 kəndi Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Bəzi mənbələrdə Ağsaqqallı tayfasının adı yanlış olaraq “Axsaxlı” kimi verilmişdir. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdir. Seyidli-Ağsaqqallı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin, keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisidir.
Dərəçiçək mahalı şimaldan Pəmbək, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə mahalı arasında yerləşirdi. Mahalda mövcud olmuş 53 kənddən 16-ı rus işğalı nəticəsində dağıdılmışdı. Dərəçiçək mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Axta (Hrazdan) rayonunun ərazisinə uyğun gəlir.
Göyçə mahalı şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimal-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və cənub-qərbdən Vedibasar mahalları ilə həmsərhəd idi. Ərazicə ən böyük olan Göyçə mahalı Göyçə gölü hövzəsini tam əhatə edirdi. Mahalda mövcud olmuş 126 kənddən 67-i rus işğalı nəticəsində dağıdılmışdı. İ.Şopen tərəfindən yalnız 59 kənddə əhali qeydə alınmışdı. 37 kəndin adı isə unudulmuşdur. Göyçə mahalının ərazisi indiki Geğarkunik vilayətinin keçmiş Qaranlıq (Martuni), Yelenovka (Sevan), Basarkeçər (Vardenis), Çəmbərək (Krasnoselo) (bir hissəsi) rayonlarının ərazisinə uyğun gəlir.
Şərur mahalı şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və cənub-şərqdən Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Arpa çayı mahalı iki hissəyə bölürdü. Mahalda mövcud olmuş 61 kənddən 11-i rus işğalı nəticəsində dağıdılmışdı. Şərur mahalının ərazisi hazırda Naxçıvan MR-in Sədərək rayonunun ərazisinə uyğun gəlir.
Dərəkənd-Parçenis mahalı xanlığın cənub-qərb qurtaracağında Araz çayının sağ sahilində yerləşirdi. Hazırda Türkiyə ərazisindədir. Bu mahal şimaldan Səədli mahalı, cənub və qərbdən Bayazid paşalığı, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 88 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə 54 yaşayış üçün yararlı kəndi olmuşdur. Dərəkənd-Parçenis mahalı hazırda Türkiyənin Qars vilayətinin Kağızman ilçəsinin ərazisinin bir hissəsinə uyğun gəlir.
Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimal-şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ silsiləsi və Maku xanlığı ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 78 kənddən 28-i rus işğalı nəticəsində dağıdılmışdı. Sürməli mahalının ərazisi hazırda Türkiyənin İğdır vilayətinin ərazisinə uyğun gəlir.
Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimal-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirdi. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay çayı Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə İrəvan xanlığının tərkibinə daxil olan Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı.
Pəmbək əyaləti şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şörəyel (Şürəgəl), qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ildə Pəmbəkdə mövcud olmuş 44 kənddən 14-ü rus işğalı nəticəsində boşaldılmışdı. Dərəkənd-Parçenis və Sürməli mahalları istisna olmaqla yuxarıda adları sadalanan mahalların əraziləri hazırda Ermənistan Respublikası adlanan dövlətin ərazisinin əsas hissəsini təşkil edir.
Xanlığın əhalisi
İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki, xanlığın əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qacar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər. Həmçinin 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun Kilikiyadan Çuxursəəd əmirliyinin Vağarşapat kəndindəki Üçkilsə (Eçmiədzin) monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı ermənilər xanlığın ərazisində tədricən məskunlaşmışdılar.
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə hələ 1432-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi – Üçkilsə (Eçmiədzin) monastırının yerləşdiyi Vağarşapat kəndini və Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini Qriqor Makuluya satmış, o da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına bağışlamışdı. Sonralar Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və mülkləri ələ keçirmişdi. Bu yolla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.
Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir. Osmanlı sultanlarının şiə məzhəbli qızılbaş türklərin təqib edilməsi haqqında verdikləri fərmanlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalini türk qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu. Həmin fərmanların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu.
İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər faydalanırdılar. Məsələn, Səfəvilərlə müharibə zamanı Osmanlı sultanı III Muradın 28 aprel 1578-ci il tarixli fərmanında ərz edilirdi ki, rəiyyət və vergi ödəyicisi olan erməni tayfasının mallarına və canlarına zərər verilməsin. 1579-cu ilin sentyabrında Osmanlı ordusunun İrəvan üzərinə hücumundan öncə Abaran nahiyəsindən 3 min ailə Ərzurum vilayətinə köçürülmüşdü. Həmin ilin oktyabr ayında Osmanlı ordusu Şərabxana nahiyəsindən 20 min əsir aparmışdı. 1583-cü ildə Osmanlı ordusu İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhərinin və eyniadlı əyalətin müsəlman əhalisi Ağrıdağ yaylaqlarına çəkilmiş, şəhərdə və kəndlərdə yalnız ermənilər qalmışdı.
Eçmiədzin ətrafındakı torpaqlarda ermənilərin daha da möhkəmlənməsinə Səfəvi hökmdarı I Şah Abbas daha geniş imkanlar yaratmışdı. 1605-ci ildə onun fərmanı ilə Səfəvilər dövlətinin ərazisində pərakəndə şəkildə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Həmin dövrdə paytaxt olan İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, buraya köçürülən ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən vəsait ayırmışdı. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venesiya dojuna məktublar göndərmişdi. Xoca Səfər şahın məktubunu təqdim etdikdən sonra, ermənilərin (Eçmiədzin kilsəsinin) Roma papası və digər Avropa ölkələrinin başçılarına məktublarını da təqdim etmişdi. Bu məktublarda xristian Avropa ölkələrindən şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.
I Şah Abbasın xələfi Şah Səfi 1629-cu ildə katolikos Movsesin adına verdiyi fərmanla Eçmiədzin katolikosluğunu hər il şah xəzinəsinə ödədiyi 100 tümən vergidən azad etmişdi. Şah Səfinin 1638-ci ildə verdiyi digər fərmanla şah və xan məmurlarına Eçmiədzinin daxili işlərinə qarışmamağı əmr etmiş, hər hansı vergi, rüsum və s. tələb etməyi qadağan etmişdi. Eçmiədzin kilsəsinə qarşı II Şah Abbas (1642-1667) və Şah Süleyman (1667-1694) da xeyirxah siyasət yürütmüşdülər.
Eçmiədzin kilsəsi Səfəvi hökmdarlarının ermənilərə olan xeyirxah münasibətlərindən ustalıqla faydalanırdı. Katolikos I Filippos 1650-ci ildə II Şah Abbasa müraciətində yazırdı: “İtəatkarcasına ərz edirəm ki, hazırda yerli ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif vilayətlərdən gəlib məskunlaşmışlar. Əlahəzrət hökmdar, üç yüz mömin, – qoy buna bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun, – Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə borcludurlar”.
Digər tərəfdən, katolik missionerləri də Vatikanın və Avropa dövlətlərinin başçılarının adından xristian azlıq kimi, ermənilərin himayə və müdafiə edilməsini Səfəvi hökmdarlarından xahiş edirdilər. Məsələn, Fransa kralı XIV Lüdovik 1688-ci ildə şah Sultan Hüseynə məktub və vəsatətlə müraciət etmişdi ki, Şamaxıda və İrəvanda kilsə və iezuitlər (Roma katolik kilsəsinin missionerləri) üçün məktəb açılsın. Tədqiqatçıların qənaətincə, bu missiyaların arxasında daha dərin iqtisadi və siyasi xarakterli mətləblər, həmçinin kəşfiyyat mahiyyətli məqsədlər gizlənirdi. 1708-ci ildə Səfəvilərlə Fransa arasında bağlanan ticarət müqaviləsinin bəndlərinin birində ifadə edilirdi ki, Səfəvilər dövlətinin ərazisində kök salan xristian missionerləri harada istəsələr orada yaşaya bilərlər, bütün ermənilər və xristianlar, onların övladları missionerlərə baş çəkmək, onların yanında təlim görmək və moizələrinə qulaq asmaq istəyirlərsə, heç kim onların qarşısını ala və mane ola bilməz.
1723-cü ildə Osmanlı qoşunlarının İrəvan üzərinə növbəti hücumu zamanı İstanbulda sarayda qulluq edən Seqbos adında bir erməni Sultan III Əhməd xahiş etmişdi ki, qoşunların Eçmiədzin kilsəsinə və ermənilərə toxunmaması haqqında göstəriş versin. Osmanlı qoşunlarının komandanı Abdulla paşa sultanın verdiyi fərmana əsasən qoşunun Eçmiədzin üzərinə hücumuna icazə verməmiş, üstəlik onun müdafiəsi üçün bir polk ayırmışdı. 1726-cı il fevralın 22-də imperatriça I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman vermişdi. Bütün bunlar müsəlmanlar içərisində azlıq təşkil edən erməniləri xüsusi imtiyazlı təbəqə halına gətirir, bölgənin etno-demoqrafik vəziyyətinə tədricən təsir göstərirdi. XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı ərazisində 50-dən artıq qədim oğuz-türk yaşayış məntəqələrinə sahib olmuşdular.
1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işğal etməsindən sonra azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işğalınadək bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-ı XIX əsrin əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə İrəvan xanlığından Rusiyanın tabeliyinə keçən ərazilərdə, xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.
İngiltərənin Qacarlar İranındakı səfirliyinin katibi Ceyms Morier 1813-cü ildə İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını göstərmişdir. Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmışdır. XIX əsrin əvvəllərində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru olmuş Semyon Bronevskinin verdiyi məlumata görə İrəvan xanlığında 18 min ailə yaşamışdır. Rus qoşunlarının İrəvan xanlığı üzərinə 1827-ci ildə sonuncu həmləsi nəticəsində müsəlman əhalinin bir qismi öz yer-yurdlarını tərk edərək qonşu İran və Türkiyəyə sığınmışdılar. Rus qoşunlarının komandanı general Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirirdi ki, İrəvan xanlığında yaşayan türk tayfaları qarapapaqlardan 900, ayrımlardan 300, uluxanlılardan 600, çobankərəlilərdən 200 ailə, müsəlman kürdlərindən üst-üstə 2600 ailə Türkiyənin müxtəlif yerlərinə qaçmışlar.
İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə xanlığın ərazisində kameral siyahıyaalma keçirən İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap edilən “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи” kitabından əldə etmək olar. İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmişdir. Həmçinin kitabın əvvəlində İ.Şopeninin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında ən müfəssəl məlumat verən əsər hesab edilməlidir. Müəllifin verdiyi məlumata görə işğal ərəfəsində İrəvan xanlığının ərazisində 831 kənd mövcud olmuşdur ki, onlardan 310-u müharibə nəticəsində dağıdılmışdı. Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə, dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən etmək olur. İ.Şopenin məlumatına görə işğaldan sonra İrəvan şəhərində 7331 nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur.
Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369 nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442 nəfər. Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən müharibələrdən sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmış ermənilər idi. Bununla belə, faizlə ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19 faizini təşkil etmişdir. Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir.
İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdı. Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi, lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur. Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir.
Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə, əsasən, azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər.
1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi. Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər. XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54, 1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi. İrəlidə hər biri haqqında ayrıca söhbət açacağımız azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1987-1989-cu illərdə həyata keçirilən soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki Ermənistan Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuş, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.
İrəvan xanlığının süqutu
XIX əsrin əvvəllərində Rusiyanın işğal etdiyi Şimali Azərbaycan xanlıqları içərisində ən sonda süqut edən İrəvan xanlığı olmuşdur. Qeyd etmək lazımdır ki, işğaldan əvvəl 150 ildən artıq bir müddətdə, ermənilər Eçmiədzin kilsəsinin yerləşdiyi ərazini əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması üçün Rusiya çarlarına müraciət edir, hərbi əməliyyatlara başlamaq üçün onları müxtəlif vədlərlə şirnikləndirirdilər. Avropa dövlətlərinin real köməklik göstərə bilməyəcəyini dərk edən ermənilər qiymətli hədiyyələr vermək yolu ilə Rusiya çarlarının diqqətini çəkməyə çalışırdılar. İpək ticarəti ilə məşğul olan Yeni Culfada yaşayan erməni Xoca Zakar Sarhadov 1660-cı ildə çar Aleksey Mixayloviçə fil sümüyündən düzəldilmiş “Almaz taxt” hədiyyə etmişdi. Hazırda Moskva Kremlinin “Silahlar palatası”nda saxlanılan həmin taxtı bəzəmək üçün 897 almaz, 1298 yaqut, 18030 firuzə dənəsindən istifadə edilmişdi.
1666-cı ildə Qriqor Lusikovun başçılığı ilə Yeni Culfalı tacirlər qiymətli hədiyyələrlə Moskvaya gələrək onları çara təqdim etmişdilər. Bir qədər sonra – 1667-ci ilin mayında erməni tacirlərinin Rusiya ilə əlaqələrinə böyük imkanlar açan ticarət müqaviləsi imzalanmışdı. 1677-ci ildə Eçmiədzin kilsəsi tərəfindən Avropaya göndərilən nümayəndə heyətinə qatılan İsrael Ori adında erməni Avropa dövlətlərini gəzib dolandıqdan sonra onların real köməklik göstərməyəcəklərinə əmin olmuş və 1701-ci ildə çar I Pyotrun qəbuluna gəlmişdi. O da çara gözqamaşdıran hədiyyələr gətirmişdi. İ.Ori Səfəvilər imperiyası ərazisində erməni dövləti yaradılması üçün proqramı çara təqdim etmişdi. 1726-cı il fevralın 22-də imperatriça I Yekaterina ermənilərin yüksək mərhəmət və himayəyə layiq görülmələri haqqında fərman vermişdi.
XVIII əsrin ikinci yarısında ermənilər yenidən fəallaşmışlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparmış, İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif etmişdir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov Rusiya sarayına layihə təqdim etmişdir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskvada yaşayan erməni varlısı İvan Lazarev (Hovhannes Lazaryan – onun atası Yeğiazar Lazaryan 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra xəzinədən qiymətli daş-qaşları oğurlayıb Moskvaya qaçmışdı. Həmin brilyantlardan ən böyüyü sonralar II Yekaterinaya hədiyyə edilmişdi və hazırda Moskvada “Silahlar palata”sında saxlanılır) Rusiya hökumətinin nümayəndələrinə təqdim etdikləri proqramda təklif edirdilər ki, Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Rusiyanın protektoratlığı altında müstəqil erməni monarxiyası yaradılsın. Yaradılması arzulanan erməni çarlığının paytaxtının Vağarşapat və yaxud Ani olması nəzərdə tutulurdu.
Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırmış, erməni dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün vasitəçi kimi danışıqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilmişdir. Ermənilər Suvorovu əmin edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal köməklik göstərəcəklər.
Valentin Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir dialoqu diqqəti çəkir. O, imperatriçaya keçirəcəyi müşavirədə Suvorov, Lazarev və Arqutinski ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırlar, artıq özlərinə paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur, təkcə paytaxtla nə olar” – sualına Potyomkin cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq”.
Azərbaycan xanlıqlarının öz aralarında gedən aramsız çəkişmələr və toqquşmalar XVIII əsrin ikinci yarısından İrəvan xanlığını müəyyən fasilələrlə Kartli-Kaxetiya çarlığından qismən asılı vəziyyətə salmış, onun daxili işlərinə qarışmasına şərait yaratmışdı. 1783-cü ilin iyulunda Georgiyevsk şəhərində imzalanan müqavilə ilə Kartli-Kaxetiya çarlığının Rusiyanın protektoratlığını qəbul etməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirmişdi. Bundan sonra Rusiyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına Rusiyanın protektoratlığını qəbul etmələri üçün məktub və hədiyyələr göndərilmişdi. Həmin ilin noyabrında qraf Apraksin Rusiya hökumətinin məktubunu İrəvan xanı Hüseynəli xana təqdim etmişdi. Məktubda Hüseynəli xandan Kartli-Kaxetiya çarı II İrakliyə itaət etmək təklif edilirdi. Rusiyanın bu addımları Osmanlı Türkiyəsini ciddi narahat etmiş və Osmanlı sultanı Azərbaycan xanlıqlarını Rusiya əleyhinə bişləşdirmək siyasəti yürütməyə başlamışdı.
XVIII əsrin 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən Ağa Məhəmməd xanın niyyəti Səfəvilər imperiyasını bərpa etmək idi. O, Şimali Azərbaycan xanlıqlarının hamısını və Kartli-Kaxetiya çarlığını özünə tabe etdirmək üçün 1795-ci ildə Cənubi Qafqaza yürüş etmişdi. Onun bu hücumu Rusiyanın Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-cı ilin aprelində rus qoşunları general Valerian Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum etmişdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etmişdi. Növbəti hədəf İrəvan xanlığı olmuş, lakin həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra rus qoşunlarının yürüşü dayandırılmış və qoşunlar geri çəkilmişdi.
1801-ci ilin fevralında Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində İrəvan xanlığının şimal sərhədlərində yerləşən və Kartli-Kaxetiya çarlığından asılı olan Pəmbək, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları da Rusiyanın tabeliyinə keçmiş oldu. İrəvan xanının Pəmbək əyalətini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnmişdi. 1802-ci ilin sentyabrında qəddarlığı ilə ad çıxaran general Pavel Sisianovun (1724-cü ildə Kartli-Kaxetiya çarlığından Rusiyaya köçən gürcü knyazları Çiçişvililərin törəməsi olan Pavel Sisianov 1806-cı ilin fevralında Bakı üzərinə ikinci hücumu zamanı Bakı xanının qardaşı oğlu tərəfindən qətlə yetirilmiş, başı kəsilərək Fətəli şaha göndərilmişdi. Onun başsız bədəni Tiflisdə dəfn edilmişdir) Qafqazdakı rus ordusunun baş komandanı təyin edilməsindən sonra Şörəyel sultanlığı da işğal edilmişdi.
1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. Çünki İrəvan xanlığını ələ keçirməklə Rusiya hərbi-strateji döyüş meydanı əldə etməklə yanaşı, İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. Həmin il mayın 10-da P.Sisianov İrəvan xanı Məhəmməd xana göndərdiyi məktubunda ondan öz möhürünü vurmaqla aşağıdakı şərtlərə razılıq verdiyini ifadə edən məktub göndərməyi tələb edirdi: rus ordusu İrəvan qalasında yerləşdirilməlidir, xan Rusiya imperatorunu öz padşahı kimi qəbul etməli və ona sədaqət andı içməlidir və nəhayət, imperatora ildə 80 min rubl məbləğində xərac verməlidir. Bu şərtlərin qəbul edildiyi təqdirdə, Sisianov xanın həyatının və hakimiyyətinin həmişəlik toxunulmaz olacağını vəd edir, lakin Məhəmməd xan Sisianovun təkliflərini qəbul etmir. O, İrəvan qalasını daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılır və xeyli ərzaq ehtiyatı tədarük edilir.
Rus qoşunlarının İrəvan xanlığı üzərinə birinci yürüşü 1804-cü il iyunun 12-də Sisianovun komandanlığında Gümrünü ələ keçirərək Abaran istiqamətindən İrəvan qalası üzərinə hücumla başlanır. Qacarlar İranı da öz növbəsində Fətəli şahın vəliəhdi Abbas Mirzənin komandanlığı altında İrəvan xanlığının ərazisinə qoşun yeridərək rus qoşunlarını qabaqlamaq istəyirdi. İyunun 19-da rus qoşunları Üçkilsəyə (Eçmiədzinə) çatanda artıq Abbas Mirzənin qoşunu orada qərar tutmuşdu. Sisianovun Üçkilsəni ələ keçirmək üçün etdiyi hücumlar bir nəticə vermir. Ruslar böyük itki verərək geri çəkilirlər. İyunun 25-də Sisianov İrəvan qalasına hücum əmrini verir. Eyni zamanda ruslar Abbas Mirzənin qoşununu sıxışdıraraq Araz çayının əks tərəfinə çəkilməyə məcbur edirlər. Ruslar İrəvan qalasını mühasirəyə alırlar. Sisianovun qalanı təslim etmək barədə təhdid dolu məktublarına Məhəmməd xan diplomatik tərzdə cavablar verərək vaxt udmağa çalışırdı. Rusların qalaya etdikləri həmlələr və satqın ermənilərin yardımı heç bir nəticə vermirdi. Məhəmməd xan əmin idi ki, vaxt uzandıqca rus qoşunlarının ərzaq ehtiyatı tükənəcək və qalanın mühasirəsi heç bir nəticə verməyəcək. Belə də odu. Avqustun 31-də Sisianov hərbi şuranın iclasını çağırdı. İclasda qalanın mühasirəsinə son qoyulması qərara alındı. 2000 rus hərbçisinin itirilməsi ilə nəticələnən uğursuz müharibəyə son qoyuldu. Sisianovun fatehlik xülyası boşa çıxdı. Rus qoşunları sentyabrın 4-də gecə ikən geri çəkilərək Gürcüstana qayıtdı.
Rusların İrəvan qalasına birinci yürüşü zamanı ermənilər yenə də satqınlıqlarını göstərdilər. Qala mühasirədə olan zaman erməni casusları Sisianova xəbər göndərmişdilər ki, qalanın şərq tərəfdən müdafiəsi zəifdir və ilk növbədə həmin istiqamətdən hücuma keçsinlər. Qalanın mühasirəsinin gərgin günlərində Gürcüstan ermənisi Rostam bəyin dəstəsi iki dəfə Tiflisdən Pəmbək-Abaran yolu ilə rus qoşunlarına silah-sursat daşımış, üçüncü dəfə isə ələ keçmişdi. Digərlərinə dərs olsun deyə satqın Rostam bəy Təbrizdə edam edilmişdi.
1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan vəzifələrdən biri də İrəvan xanlığını işğal edib ərazisini Rusiya torpaqlarına qatmaqdan ibarət idi, lakin Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ilk növbədə Fransanı ciddi narahat edirdi. Fransa İran və Türkiyədən Rusiyaya qarşı istifadə etmək istəyirdi. 1806-cı ilin dekabrında Fransa həmin dövlətlərə çoxlu zabitlər və mühəndislər göndərdi ki, orduların yenidən qurulması və müasir texnika ilə təminatı məsələlərini həll etsinlər. 1807-ci ilin dekabrından İrəvan xanı olan Hüseynqulu xan Qacar İrəvan qalasının möhkəmləndirilməsi üçün fransız mühəndislərinin xidmətindən lazımınca istifadə etmişdi. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. Qudoviç İrəvan qalasını belə təsvir edirdi: “Qala bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır.”
Rus qoşunlarının İrəvan xanlığı üzərinə ikinci yürüşü 1808-ci il sentyabrın 25-də baş tutdu. Qudoviç 6 minlik qoşun və 12 topla İrəvan üzərinə hücuma keçdi. Hüseynqulu xan ertəsi gün 5 minlik qoşunla rusların qarşısını Abaranda almaq istəsə də, buna nail ola bilmədi və geri çəkildi. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirdilər sonra isə İrəvan ətrafında düşərgə qurdular. Hüseynqulu xan qalada iki minlik qoşun qoyaraq onun müdafiəsini qardaşı Həsən xana tapşırdı. Özü isə 5 minlik qoşunla qaladan çıxıb, rus qoşunlarına arxadan zərbə endirmək məqsədilə Gedər çayın ətrafında düşərgə saldı. Bayır şəhəri ələ keçirən, qalanı hər tərəfdən mühasirəyə alan general Qudoviçin qalanı təslim etmək barədə bütün ultimatumlarını və şirnikləşdirici vədlərini Həsən xan rədd edir və bildirir ki, qaladakı qarnizon son nəfəsinədək vuruşacaqdır.
Uzun müddət hazırlıqdan sonra rus qoşunlarının noyabrın 17-də İrəvan qalasına başlanan növbəti hücumu iki həftə davam etmiş və yenə də uğursuzluqla nəticələnmişdi. Qudoviçin təşkil etdiyi dəstələr böyük itki verərək qala müdafiəçilərinin zərbələri altında geri çəkilməyə məcbur olmuşdular. Rus ordusunun 300 nəfərə yaxın əsgər və zabiti ölmüş, 600 nəfərə qədər əsgər və zabiti isə ağır yaralanmışdı. Qış yaxınlaşır, İrəvan qalasını mühasirədə saxlayan rus qoşunlarının silah-sursatı və ərzağı tükənirdi. Nəhayət, noyabrın 30-da qalanın mühasirəsinə son qoyulmuşdu. Sisianov kimi lovğa və təkəbbürlü olan general Qudoviçin komandanlığı altında rus qoşunu qarlı-şaxtalı havada min nəfərdən artıq itki verərək Gürcüstana qayıtmışdı. Bununla da rusların İrəvan qalasına ikinci yürüşü biabırcasına sonluqla başa çatmışdı.
Rusiyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı, 1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə bir qədər aralıda Sərdarabad qalası adlanan möhtəşəm hərbi-istehkam kompleksi inşa etdirmişdi. 1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılsa da, regionda sabitlik yaranmamışdı.
Rusiya İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirməklə öz sərhədlərini daha da genişləndirmək, regionda Fransanın yerinə aktiv rol alan İngiltərə isə İran və Türkiyəyə hərbi yardım edərək isti dənizlərə çıxmaq niyyəti olan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına nail olmaq istəyirdi. Ordusunun hazırlıq səviyyəsindən razı olan vəliəhd Abbas Mirzə isə Rusiya ilə müharibədə qələbə çalacağına əmin idi və ilk növbədə Qarabağ xanlığını işğaldan azad etmək üçün 1826-cı il iyulun 16-da hücuma keçmişdi. İrəvan xanı Hüseynqulu xan da Gülüstan müqaviləsi ilə xanlığın itirilmiş ərazilərinin geri qaytarılması üçün müharibəyə ciddi hazırlaşmış və iyulun 16-da Abaran mahalının Mirək kəndindəki rus əsgərlərinin postuna hücum etmişdi. Hüseynqulu xanın qardaşı Həsən xan isə rus qoşunlarının qərargahı yerləşən Böyük Qarakilsə (sonralar Kirovakan, indiki Vanadzor şəhəri) üzərinə hücum edib avqustun 9-da onu ələ keçirmiş, bundan sonra Gümrü də xan qüvvələrinin əlinə keçmişdi. Bununla da Şörəyel və Pəmbək əyalətləri yenidən İrəvan xanılığının ərazisinə qatılmışdı.
Həmin ərəfədə hakimiyyətə gələn I Nikolay Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova qısa müddətdə İrəvan xanlığını ələ keçirməyi tapşırmışdı. Sentyabrın birinci yarısında Abbas Mirzənin qoşunlarının Şəmkir, Gəncə və Qarabağ döyüşlərində məğlubiyyətindən sonra İrəvan xanının qoşunları Pəmbək və Şörəyeldən geri çəkilmək məcburiyyətində qalmış, bundan sonra 1827-ci ilin yazınadək rus qoşunları İrəvan üzərinə yürüşə hazırlaşmışdı. Çar I Nikolay aprelin 1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırmışdı və ona görə də Rusiya ordusunun baş qərargah rəisi Dibiçi Tiflisə köməyə göndərmişdi. İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general-adyutant İvan Paskeviç təyin edilmişdi.
Martın 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanan erməni könüllü dəstələrinin paradı keçirildi. Aprelin əvvəlində general-adyutant Konstantin Benkendorfun komandanlığı, arxiyepiskop Nerses Aştarakesinin müşayiəti ilə rus qoşunlarının Borçalı üzərindən İrəvan xanlığı üzərinə sayca üçüncü yürüşü başlandı. Benkendorfun avanqard dəstənin tərkibində 5 minə yaxın piyada, min nəfərə qədər kazak döyüşçüsü və 12 top var idi. Rus qoşunları aprelin 13-də ciddi müqavimətə rast gəlmədən Üçkilsə (Eçmiədzin) monastırına çatdıqdan sonra ərzaq çatışmazlığı ilə üzləşdi. Nerses Aştarakesinin ermənilərin rus qoşunlarını ərzaqla təmin edəcəyi haqda verdiyi vədlər yalan çıxdı. Çünki xanlığın ərazisində rus qoşunlarını bir neçə günlüyə də olsa ərzaqla təmin edə biləcək sayda ermənilər yaşamırdı. Azərbaycanlı əhali isə döyüşlər başlanmazdan öncə xan tərəfindən Arazın əks tərəfinə köçürülmüşdülər. Ayın 16-da Benkendorf Sərdarabad qalasına hücum etdi. Qala qarnizonuna Həsən xanın 16 yaşlı nəvəsi Fətəli xan komandanlıq edirdi. Həsən xanın süvariləri rusları təqib edir, onların qalaya yaxınlaşmasına şərait yaratmırdı. Lakin rusların toplar sarıdan üstünlüyü Həsən xana qələbə çalmağa imkan vermirdi. Benkendorfun Sərdarabad qalasını təslim etmək barədə məktubuna Fətəli xan kəskin rədd cavabı vermişdi. Paskeviçin Tiflisdən göndərdiyi 10 günlük ərzaq ehtiyatı Eçmiədzinə çatdıqdan sonra Benkendorf İrəvan qalasının üzərinə hücum əmri verdi.
Aprelin 25-dən etibarən İrəvan qalasının mühasirəsi başlandı. Benkendorfun qalanı ələ keçirmək cəhdləri heç bir nəticə vermədi. Qala mərdliklə müdafiə olunurdu. Qalada 26 top yerləşdirilmiş, qarnizonun sayı 5 min döyüşçüyə çatdırılmış, kifayət qədər ərzaq ehtiyatı toplanmışdı. Qalanın içərisindən rusların mövqelərinə toplardan ağır zərbələr endirilirdi. Xan döyüşçüləri kiçik dəstələr halında qaladan çıxaraq ruslara qəfil zərbələr endirir və sürətlə geri çəkilirdilər. Hüseynqulu xana qalanın təslim edilməsi barədə Benkendorf tərəfindən göndərilən ultimatumlar və şirnikləşdirici vədlər də kara gəlmirdi. Həsən xan isə Arazın o tayındakı düşərgəsində öz dəstəsini möhkəmləndirdikdən sonra Benkendorfun qoşununa arxadan aramsız zərbələr endirməklə qardaşı Hüseynqulun xana yardım edirdi. Getdikcə güclənən istilər və yayılan xəstəliklər Benkendorfun qoşununu günü-gündən taqətdən salır, qalanın işğalını mümkünsüz edirdi.
İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı dəstəsi və 26 topla yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. İrəvanın mühasirəsini yoxlayan Paçkeviç əmin olmuşdu ki, cəsarətsiz Benkendorfun komandanlığı altında İrəvanı ələ keçirmək mümkün olmayacaq. İyunun 19-da Paçkeviç İrəvanın mühasirəsini general Afanasi Krasovskinin komandanı olduğu diviziyaya həvalə etmişdi. Elə həmin gün Naxçıvana yola düşən Paskeviçin məqsədi Naxçıvanı və Abbasabad qalasını ələ keçirməklə Abbas Mirzənin qoşunu ilə İrəvan xanlığının əlaqəsini kəsməkdən ibarət idi. Rus qoşunları iyunun 26-da Naxçıvanı, iyulun 7-də isə Abbasabad qalasını ələ keçirdi. İrəvan qalasının mühasirəsinin davam etməsinin heç bir nəticə vermədiyini görən Krasovski havalar sərinləşənədək və Tiflisdən göndərilən ağır silahların gəlib yetişməsinədək mühasirəni götürmək və qoşunu Abaranda yerləşən düşərgəyə çəkmək barədə iyunun 22-də əmr verdi.
Hüseynqulu xan bilirdi ki, rus qoşunları müvəqqəti uzaqlaşır və Paskeviçin qoşunu Naxçıvandan qayıtdıqdan sonra yenidən İrəvan qalasına hücum edəcək. Fürsətdən yararlanan Hüseynqulu xan qalanın daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər görmüşdü. Qala ətrafındakı istehkam qurğuları təkmilləşdirilmiş, qaladan tüfəng atəşi məsafəsində olan bütün tikililər məhv edilmiş, qalanın ətrafını daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılmış, qala ilə şəhər arasında yerləşən xanın hərəmxanasına məxsus bağın ağacları tamamilə kəsilmişdi ki, ətrafı daha yaxşı müşahidə etmək mümkün olsun. Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçürülərək qalada yerləşdirilmişdi. Onların bir neçə aylıq ərzaq təminatı məsələsi həll edilmişdi.
Avqustun 4-də Abbas Mirzənin təxminən 30 minlik qoşunu Üçkilsə (Eçmiədzin) ətrafında mövqe tutdu. Vəliəhdin qoşunu ilə Krasovskinin qoşunu avqustun 17-də Əştərəklə Üçkilsə arasında yerləşən Üşəyən (indiki Oşakan) kəndi ətrafında üz-üzə gəlirlər. Rus qoşunları böyük itki verir. General Krasovski kontuziya alsa da xoş təsadüf nəticəsində salamat qalır. Abbas Mirzənin qoşunu döyüşdən sonra Zəngi çayının sahilində düşərgə salır. Rusların məğlubiyyəti xəbərini eşidən Paskeviç bir dəstəni Naxçıvanda qoyub, qoşunla Üçkilsəyə (Eçmiədzinə) qayıdır. Abbas Mirzənin qoşunu Arazın əks tərəfinə çəkilir. Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyir. Sentyabrın 13-də Paskeviçlə Krasovskinin qoşunları iki qoldan Sərdarabad qalasına hücuma keçirlər. Qala qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olur və onun müdafiəsinə rəhbərlik edir, lakin rusların topları qalanın cənub divarlarını dağıtdıqdan sonra onun müdafiəsi mümkünsüz hala gəlir və sentyabrın 20-ə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxaraq İrəvana tərəf üz tutur və qala süqut edir. Paskeviç səhər tezdən qalaya daxil olur. Ruslar qaladan 6 aylıq ərzaq ehtiyatı və misdən tökülmüş 13 top və xeyli miqdarda barıt və sursat ələ keçirirlər.
Erməni tarixçisi V.Parsamyanın yazdığına görə Həsən xanın qalanı tərk etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar. Sərdarabad qalasının süqutundan sonra Hüseynqulu xan İrəvan qalasının müdafiəsini döyüşlərdə göstərdiyi igidliyə görə Fətəli şah tərəfindən “Səraslan” (yəni “Aslanlarbaşı”) adına layiq görülən qardaşı Həsən xana həvalə edərək 1200 döyüşçü ilə özü qaladan çıxmış, yeni qüvvələr toplayıb ruslara arxadan zərbə vurmaq məqsədilə Türkiyə sərhədinə çəkilmişdi. Abbas Mirzə qoşununun bir hissəsini Naxçıvan üzərinə yönəltmişdi ki, rus qoşunlarını İrəvan üzərinə hücumdan yayındırsın.
Sentyabrın 23-də Paskeviç İrəvan qalasının iki verstliyinə gəlib Müxənnəttəpə adlanan yüksəklikdə mövqe tutmuşdu. Ertəsi gün qalanın mühasirəsinin cənub-şərq tərəfdən başlanması qərara alındı. Ayın 25-də Müxənnəttəpədən qalaya mərmilər yağdırıldı. Ertəsi gün səhərdən qala bürclərində qoyulan toplardan rusların mövqeləri güclü yaylım atəşinə tutuldu. Rus toplarından atılan mərmilərdən biri qaladakı böyük məscidin minarələrindən birini dəlib keçmiş, digər bir mərmi isə Sərdar sarayına düşmüşdü. Ruslar bütün gecəni səhərədək qalanı toplardan atəşə tutdular. Sentyabrın 27-i bütün gün qalanı 18 top atəşə tutdu. Günün sonunda qalanın müdafiəçiləri istehkamın rusların atdıqları mərmilərdən zədələnmiş yerlərini bərpa etdilər. Ertəsi gün yenə toplar qalanı atəşə tutdular. Ayın 29-da səhər divardağıdan topların güclü atəşindən sonra qalanın şərq qülləsi və ona bitişik divarlar uçdu. Paskeviç Həsən xana 6 saat vaxt verərək qalanı təslim etməyi tələb etmiş, lakin Həsən xan Paskeviçə heç bir cavab verməyərək vaxt udmaq istəmişdi. O gözləyirdi ki, Abbas Mirzənin və qardaşı Hüseynqulu xanın qoşunları ruslara arxadan zərbələr endirəcəklər, bununla da qalanın mühasirəsinə son qoyulacaq, lakin Paskeviç qabaqlayıcı tədbir görərək onların İrəvan qalasına yollarını kəsmişdi.
Sentyabrın 30-da rusların mövqelərinə yeni top batareyaları gətirildi. Qalanın müdafiəçiləri rusların top atəşlərinə fasiləsiz olaraq cavab verirdilər. Ruslar gecə ikən qalanın uçmuş yerlərini genişləndirərək içəri daxil olmaq istəyirlər. Rusların 40 topu bütün gecəni qalanı atəşə tutdu. Həsən xan rusların mühasirəsini yarıb qaladan çıxmaq istəsə də, buna müvəffəq olmadı.
Oktyabrın 1-i səhər tezdən qala əhalisi rusların qalanın divarları boyu qazılmış xəndəklərə doluşduğunu gördü. Ruslar güllə yağışı altında qalanın cənub-qərb qülləsini ələ keçirdilər. Bu zaman rusların başqa bir dəstəsi qalanın şimal darvazası (Şirvan darvazası) önündə mövqe tutdu. Rus toplarının zərbələrindən canlarını qurtarıb qaçmaq istəyən qala əhalisi darvaza önünə toplaşmışdı, lakin darvazanın ağzı içəridən daşla doldurulmuş və torpaqla örtülmüşdü. General Krasovskinin darvazanı açmaq tələbindən bir qədər sonra qapılar sındırıldı və rus qoşunu qalaya daxil oldu. Qalanı işğalından sonra Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki, imperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları əlindədir, bütün qarnizon əsir götürülmüşdür, Həsən xan bu dəfə mühasirəni yarıb keçərək qaçmağa müvəffəq olmamışdır, 4 bayraq (bu bayraqlardan ikisi hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır), 37 top, 2 haubitsa (qısalüləli ağır top), 9 mortira (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir.
Rusların qalaya daxil olmasından sonra Həsən xan döyüşçüləri ilə birlikdə qaladakı məscidlərdən birinə çəkildi. Məscidə daxil olan general Krasovski ruslara atəş açmamağı əmr etdi. O özü Həsən xanın silahını alaraq onu tərksilah etdi. Həsən xan Krasovskidən qalanı tərk etmək istədiyi vaxt itirdiyi qılıncın tapılıb özünə qaytarılmasını xahiş etdi. Əmir Teymura məxsus olan və sonradan Səfəvi hökmdarlarının sarayını bəzəyən həmin qılıncı Həsən xana döyüşlərdə göstərdiyi igidliklərə görə Fətəli şah bağışlamışdı. Krasovski həmin qılıncı qiymətli hədiyyə müqabilində aldıraraq Həsən xana qaytardı. Lakin qiymətli daş-qaşlarla bəzədilmiş qılıncın dəstəyi qopub itmişdi. Dəstək qızıldan düzəldilərək bərpa edildikdən sonra Həsən xanın istəyi ilə Krasovski həmin qılıncı Şərqin fatehi Əmir Teymurun qüdrətli qılıncı kimi xarakterizə edərək İmperator I Nikolaya hədiyyə olaraq göndərdi.
Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı ilə adı dillər əzbəri olan görkəmli sərkərdə Həsən xanla rus generalları çox nəzakətli davrandılar. Onun gələcək taleyi haqqında Paskeviç heç bir nəticəyə gələ bilmədi. Ona görə də qərara alınır ki, Həsən xanı I Nikolayın hüzuruna göndərsinlər və son qərarı İmperatorun özü versin. Paskeviçin tapşırığı ilə Həsən xan xüsusi kareta ilə əvvəlcə Tiflisə, oradan isə Peterburqa yola salındı. Rus hərb tarixçisi V.Pottonun yazdığına görə siyasi şərait Həsən xanın Peterburqa çatmasına imkan vermədi, o, Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində ləngidi. Bundan sonra Həsən xanın taleyi haqqında müəllif heç bir məlumat verməmişdir. Digər məlumatlara görə İrəvan xanlığının işğalından sonra imzalanan Türkmənçay (fevral 1828) müqaviləsinin on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarılmış, o cümlədən Həsən xan da azad edilmişdi. Qovanlı-Qacar sülaləsinə mənsub olan Həsən xan İrana gəlmişdi. 1828-ci ildə Fətəli şah Qacar Həsən xanı Xorasanda baş vermiş iğtişaşları yatırmaq üçün göndərmiş və 1830-cu ilədək oranı idarə etmişdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırmışdı. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və Bəlucistan əyalətlərinin hakimi olmuş, 1856-cı ildə Kirmanda vəfat edərək Nəcəf şəhərində dəfn olunmuşdu.
İrəvan xanı Hüseynqulu xanın aqibəti haqqında isə ziddiyyətli məlumatlar mövcuddur. İ.Şopenin verdiyi məlumata görə taleyin dönüklüyü ilə üzləşən Hüseynqulu xan Qacar 1834-cü ildə kasıbçılıq içində Cənubi Azərbaycanda vəfat etmişdir. Hüseynqulu xanla Fətəli şahı qohumluq əlaqələri də birləşdirirdi. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə və Abbas Mirzə isə Hüseynqulu xanın qızı ilə evlənmişdi. Erməniəsilli Amerika tədqiqatçısı Corc Burnoutyan İran tədqiqatçısı M. Bamdada istinadən məlumat verir ki, xanlığın işğalından sonra da Hüseynqulu xan Fətəli şah tərəfindən müxtəlif vəzifələrə təyin edilmiş və 1831-ci ildə 90 yaşında zəngin adam kimi vəfat etmişdir.
“Alınmaz qala” adlandırılan İrəvan qalası rus döyüşçülərinin fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının hamısı Rusiya işğalı altına düşdü. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti göstərirdilər. Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus ordusuna köməyə gəlsinlər. Qalanın içərisində olan ermənilər hər vasitə ilə qalanın süqutuna çalışırdılar. Qalanın təslim edilməsinə çalışan Astvasaturyan soyadlı bir ermənini etdiyi xəyanətinə görə sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun.
Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə “Müqəddəs Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır). Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi.
İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirdilər. 1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirildi.
Çar Rusiyası dövründə Qərbi Azərbaycan
1747–1827 – Azərbaycanın mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığının yaranması ilə Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsi Azərbaycanın xanlıqlar dövrünün müstəqil dövlətlərindən birinə çevrilmişdir. Rusiya imperiyasının XIX əsrin əvvəllərində Cənubi Qafqazda hakimiyyət uğrunda mübarizəsində İrəvan xanlığının və Qərbi Azərbaycan ərazisinə daxil olan digər ərazilərin işğalı əsas yerlərdən birini tuturdu. 1804–1813-cü illər müharibəsi zamanı bu planı həyata keçirmək mümkün olmadı. 13 illik fasilədən sonra yeni müharibə başlandı.
1. İrəvanın işğalı və ilk erməniləşdirmə tədbirləri. (1827, oktyabr–1828, mart)
1826–1828-ci illər – Rusiya ilə İran arasında yeni müharibə. Onun mərkəzi məsələsi Rusiya imperiyası ilə İrəvan xanlığı arasındakı müharibə idi. Belə ki, məhz İrəvan xanlığının süqutundan sonra, Rusiya qoşunları Arazı keçərək Cənubi Azərbaycan ərazisinə daxil olmuşdur.
1827, 1 oktyabr – Rusiya-İran müharibəsinin (1826–1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən tutulması. Xanlığın işğalının başa çatdırılması və ləğvi. İrəvan əyalətinin yaradılması.
1827, oktyabr–1917, oktyabr – Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində. Əvvəlki dövrlərdə Rusiya imperiyasına ilhaq edilən digər Azərbaycan torpaqları kimi onun tarixi qərb ərazisi də xristian dövlətin hakimiyyəti altına düşdü. Rusiya imperiyasının burada xristianlaşdırma və erməniləşdirmə siyasəti simmetrik olaraq azərbaycanlıların hüquqlarının pozulması idi.
1827, 6 oktyabr – Qafqazdakı rus qoşunlarının baş komandanı İ.F.Paskeviç tərəfindən İrəvan əyalətinin idarəsi üçün ümumi qaydalar hazırlanması. Qaydalara görə, mülki hissə üzrə işlərin aparılması üçün Müvəqqəti idarə yaradılır. Sədri A.İ.Krasovski, üzvləri isə yepiskop Nerses və İrəvan qalasının müvəqqəti komendantı A. Borodin olur. [4, док. 432, с.480-481]
1828, 10 fevral – Rusiya-İran Türkmənçay müqaviləsi. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyasına ilhaq edilməsinin rəsmiləşdirilməsi. [11, док.1794, с.123-130] Türkmənçay ilə Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsi başa çatdırıldı. Rusiya imperiyasının hakimiyyətinə keçən ərazilərdə müstəmləkə sistemi bərqərar edildi. Onun əsas göstəricilərindən biri etnik-milli ərazilərin süni şəkildə yaradılmış inzibati vahidlər arasında bölüşdürülməsi idi. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı inzibati-ərazi bölgüsü müəyyən dərəcədə sabitləşdikdə burada beş quberniya (Tiflis, İrəvan, Bakı, Kutais və Yelizavetpol (Gəncə) mövcud idi. Azərbaycan torpaqları dörd quberniya (Kutais istisna olmaqla) arasında bölüşdürülmüşdü. Qərbi Azərbaycan ərazisində müstəmləkə rejimi müəyyən xüsusiyyətləri ilə fərqlənmiş, daha ağır formada təzahür etmişdir. Erməni tarixşünaslığı isə tarixi Azərbaycanın qərb torpaqlarına dair “Şərqi Ermənistan”, Şərqi Anadolu torpaqlarına dair isə “Qərbi Ermənistan” və ya “Türkiyə Ermənistanı” kimi qeyri-elmi konsepsiyalar yaratmağa cəhd edir, “Şərqi Ermənistan”ın Rusiya imperiyası tərkibində tərəqqisini əsaslandırmağa çalışır. [19 və b.]
1828–1831 – Türkmənçay, sonra isə Ədirnə (1829) müqavilələrinə görə, ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən keçmiş İrəvan xanlığı ərazisinə köçürülməsi. Polkovnik L.Lazarevin (Lazaryanın) Paskeviçə 14 iyun 1828-ci il raportuna əsasən, İrandan köçürülən 7458 erməni ailəsinin 3900-ü (52,3%) İrəvan əyalətində yerləşdirilmişdir. Rəsmi statistik məlumata görə, 1829–1831-ci illərdə köçürülən erməni ailələrin sayı 6946 (35560 nəfər) idi. Onlardan 366 ailə (1715 nəfər) İrəvan şəhərində, müvafiq olaraq 4193 (21853 nəfər) İrəvanın 10 mahalında yerləşdirilmişdi. İrəvan şəhəri və mahallar üzrə bu rəqəmlər 4559 ailə (65,6%) təşkil edirdi. Əslində, bu rəqəmlər daha yüksək idi. Ədirnə müqaviləsi üzrə Osmanlı imperiyasından köçürülən erməni aillərinin sayı isə 14 min və ya 100 min nəfərdən çox idi. İrandan köçürülənlər ilə birlikdə ümumi say 145 minə çatırdı. [18,c. 32-33, 39] Rus batalist rəssam Moşkov (Maşkov) bu hadisəni “40 min erməninin polkovnik Lazarevin şəxsi sərəncamı ilə rus hüdudlarına köçürülməsi” adlı rəsm əsərində təsvir etmişdir.
1828, 21 mart – I Nikolayın (1825–1855) fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əsasında “Erməni vilayəti”nin yaradılması. [11, док.1888, с.272-273] Rusiya işğalının ilk dövründə tutulan Azərbaycan xanlıqlarına münasibətdə müəyyən siyasi xətt formalaşmışdı. Müqavimət göstərən xanlıqlar ləğv edilib, əyalətə çevrilirdi. Müqavilə ilə tutulan xanlıqlarda müvəqqəti olaraq xanlıq sistemi saxlanırdı. İrəvan və Naxçıvan xanlıqlarına münasibətdə isə daha kəskin bir anti-Azərbaycan addımı atılır. Tarixi Azərbaycan torpaqlarında heç bir əsas olmadan “Erməni vilayəti” təşkil edilir. Məsələ bununla da bitmir Azərbaycanın işğal edilmiş digər ərazilərindən fərqli olaraq bu vilayət imperatorun tituluna daxil edilir.
1829–1873 – “Erməni vilayəti”, sonralar isə İrəvan qəzası və quberniya üzrə əhaliyə dair əsas mənbələrdən olan kameral təsvirlərin keçirilməsi.
1829–1832 – İ.Şopen tərəfindən (məşhur bəstəkarın qohumu idi) “Erməni vilayəti”ndə kameral təsvirin keçirilməsi. İrəvanın Rusiya tərəfindən işğalından sonrakı vəziyyətdə İrəvan əhalisinin sayı və etnik tərkibi haqqında da məlumat verir. Bu rəqəmlər sonrakı dövr üçün baza rolunu oynadığından onları xüsusi qeyd etmək lazımdır. Müsəlmanların sayı: ailələr 1807, kişilər 3749, qadınlar 3582, cəmi 7331 nəfər. Onu da nəzərə almaq lazımdır ki, işğal prosesində müsəlman əhalinin müəyyən hissəsi şəhəri tərk etmişdi. Şopen erməniləri iki yerə bölür: yerlilər (əslində, bunlar daha əvvəl gələnlər idi) və gəlmələr. “Yerli”lərin sayı belə idi: ailələr 567, kişilər 1220, qadınlar 1149, cəmi 2369 nəfər. Gəlmələr İran və Türkiyə olmaqla iki yerə bölünür. İrandan gələnlər: ailələr 366, kişi 903, qadın 812, cəmi 1715 nəfər. Türkiyədən gələnlər: ailələr 11, kişi 25, qadın 23, cəmi 48 nəfər. Rəqəmlərdən göründüyü kimi gəlmələr nəzərə alınmasa İrəvanın əhalisi 9700 nəfər idi ki, onun da 75,58%-i müsəlmanlar, 24,42%-i isə “yerli” ermənilər idi. Köçürmə nəticəsində İrəvan əhalisinin etnik tərkibinin dəyişdirilməsi başlanır. Belə ki, köçürülən ermənilərin sayı (1763 nəfər) mövcud əhalinin (9700 nəfər) 18,17%-ni təşkil edirdi. Bunun nəticəsində ümumi əhali içərisində (11463 nəfər) müsəlmanlar 63,95%, ermənilər isə 36,05% oldu. [20, с.543-546] Çar hökumətinin siyasətinə baxmayaraq, 1918-ci ilədək İrəvan şəhərini ermənilərin nə siyasi, nə də iqtisadi mərkəzinə çevirmək mümkün olmadı. Bu ərazilər ermənilərin vətən anlayışına da daxil olmamışdır. Erməni siyasiləri və kapitalı, əsasən, Bakı və Tiflisə can atırdı.
1833, 27 fevral – “Erməni vilayəti”nin gerbinin qəbul edilməsi. Bu vilayətin, sonra isə İrəvan qəzası (1843) və quberniyasının (1878) gerblərinin təhlili (hər bir halda gerblərdə erməni və xristian atributları aparıcı element kimi verilmişdir) göstərir ki, I Nikolay inadla İrəvan bölgəsinin erməniləşdirilməsi və xristianlaşdırılmasına nail olmağa çalışmış, varisləri də bu siyasəti davam etdirmişdir.
1833, 22 iyun – “Erməni vilayəti”nin idarə quruluşu haqqında, bu idarənin ştatlarının əlavəsilə” adlı 16 maddədən ibarət çar fərmanı. Fərmana görə, İrəvanda vergi və mükəlləfiyyətlərin toplanması üzrə idarə yaradılırdı. 10 mahaldan ibarət olan İrəvan əyaləti İrəvan, Şərur, Sərdarabad və Sürməli dairələrinə bölünürdü. Polkovnik Ehsan xan və mayor Şıxəli bəy Naxçıvan və Ordubadda naib kimi qalırdı və s. [12, док.6282, с.374-375]
1836, 11 mart – Erməni-qriqorian kilsəsi haqqında Əsasnamənin qəbulu. Çar hökuməti tərəfindən erməni kilsəsinə mühüm hüquqlar verilir. Təsadüfi deyil ki, bu Əsasnamə Zaqafqaziyanın (Bu termin Rusiya imperiyasının geopolitikasını əks etdirir. Cənubi Qafqaz və ya Transqafqaz terminləri də işlənir. Dövrün reallığından bəhs edildikdə həmin termin saxlanır, müəllif şərhində isə Cənubi Qafqaz termininə üstünlük verilir.-K.Ş.) erməni kilsəsi kimi deyil, ümumiyyətlə erməni-qriqorian kilsəsi kimi qeyd edilməklə, dünya üzrə ermənilərin birləşdirilməsini ifadə edirdi. Əsasnamə ilə Rusiya hüdudlarında 6 yeparxiya müəyyən edilirdi. Onların içərisində Azərbaycan ərazilərini əhatə edən İrəvan, Qarabağ və Şirvan yeparxiyaları da var idi. [13, док. 8970, с.194-209] Erməni-qriqorian kilsəsi bu Əsasnamədən istifadə edərək, həm siyasi, həm də maddi baxımdan güclü mövqeyə malik olur. Çar hökuməti tərəfindən 1903-cü ildə bu mövqenin zəiflədilməsinə cəhd edilsə də, uğursuz olur. Əsasnamədən əlavə, çar hökuməti digər vasitələr ilə də erməni-qriqorian kilsəsinin nüfuzunu artırmağa çalışırdı. I Nikolay Qafqaz səfəri zamanı erməni katalikosu ilə görüşmüşdür.
1837, 20 sentyabr–26 oktyabr – İmperator I Nikolayın Qafqaz səfəri. İmperator oktyabrın 4-də Gümrüyə gəlir. Müqəddəs Aleksandr adına kilsənin bünövrəsini qoyur və şəhəri Aleksandropol adlandırmağa icazə verir. Çar oktyabrın 5-də Sərdarabada, oradan Eçmiədzinə, sonra İrəvana gəlir. İrəvanda Sərdar sarayında Qafqazdakı rus qoşunlarının baş komandanı baron Rozen, hərbi və mülki administrasiya nümayəndələrinin də qatıldığı nahar vaxtı çox maraqlı hadisə baş verir. Sarayın yanına yığılmış kütlə içərisindən qışqırıq səsləri gəlir: “Ərzimiz var, qoymurlar”. Bu səfərə məqalə həsr etmiş A. Berjenin deyildiyi kimi qeydə aldığı bu ifadələrdən görünür ki, bu insanlar azərbaycanlılar idi. Çarın “Bu nə səsdir?” sualına Rozen çarın gəlişi münasibətilə sevinc göstəricisi olduğunu bildirir. Bununla razılaşmayan çar məiyyətinə işin mahiyyətini aydınlaşdırmağı tapşırır. Nahardan sonra isə çar özü kütləyə yaxınlaşır və çoxlu şikayət eşidir. Əyalət rəisi erməni V.O.Bebutov sui-istifadələrinə görə, vəzifəsindən uzaqlaşdırılır. [6, с. 385] Bu nadir tarixi faktın önəmi ondan ibarətdir ki, hətta, Rusiya imperatoru qarşısında belə sadə azərbaycanlılar öz haqlarını qoruya bilmişdi. I Nikolay İrəvana səfərdən sonra yerindəcə əmin olur ki, “Erməni vilayəti” üsul-idarəsi özünü doğrultmamışdır və o dəyişdirilməlidir. Burada bir faktı da xatırlatmaq lazımdır. Berje çarın Üçkilsədə katolikos ilə görüşündən bəhs edərkən yazır ki, o, erməni dilindən başqa Azərbaycan dilində də izah edə bilirmiş. [6, с. 383] Bu, Azərbaycan dilinin nüfuzunu, ermənilər arasında geniş yayıldığını və ümumi ünsiyyət vasitəsi olduğunu təsdiq edir.
1840, 10 aprel – Zaqafqaziyada keçirilən islahatlar üzrə “Erməni vilayəti”nin ləğv edilməsi. Yeni yaradılan Gürcü-İmeret quberniyası tərkibində mərkəzi İrəvan şəhəri olan İrəvan qəzasının (1840–1930) təşkili. [14, док.13368, с.237] “Erməni vilayəti”nin ləğvinin bir sıra səbəbləri var idi. Onlardan ikisi xüsusilə diqqəti cəlb edir: 1. Azərbaycanlıların rus-erməni hakimiyyətinə qarşı mübarizəsi (I Nikolayın 1837-ci il Qafqaz səfərinə bax) ; 2. Vilayətin tərkibinə qatılan Naxçıvanda Ehsan xanın artan nüfuzu və fəaliyyəti.
2. İrəvan qəzası (1840–1849-cu illər)
1840, 10 aprel–1846, 14 dekabr – İrəvan qəzası Gürcü-İmeret quberniyası tərkibində.
1844, 27 dekabr – Qərbi Azərbaycan torpaqlarını da əhatə edən Qafqaz canişinliyinin (mərkəz Tiflis şəhəri) yaradılması. 1881-ci ilədək mövcud olmuşdur. 1905-ci ildə yenidən bərpa edilmişdir.
1846, 14 dekabr – I Nikolayın təsdiq etdiyi Zaqafqaziya diyarının bölgüsü haqqında əsasnaməyə görə, Gürcü-İmeret quberniyasının ləğvi, Tiflis quberniyasının təşkili və İrəvan qəzasının bu quberniyanın tərkibinə keçməsi. [15, док.20701, с.647-648]
1846, 14 dekabr–1849, 9 iyun – İrəvan qəzası Tiflis quberniyası tərkibində.
1849, 9 iyun – Zaqafqaziya diyarında İrəvan mərkəz olmaqla eyni adlı quberniya yaradılması haqqında çar fərmanı. Fərmana uyğun olaraq, 5 quberniya- İrəvan (qəza şəhəri İrəvan), Novo-Bayazet (Kövər kəndinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılır və qəza şəhəri statusu verilir), Naxçıvan, Ordubad, Aleksandropol olmaqla beş qəzaya bölünür. Quberniyanın ərazi-inzibati bölgüsü 1867-ci ildə də davam etdirilir. 9 dekabr fərmanı üzrə aşağıdakı qəzalar müəyyən edilir: İrəvan, Aleksandropol, Eçmiədzin, Novo-Bayazet və Naxçıvan. 1875-ci ildə isə daha iki qəza-Şərur-Dərələyəz və Sürməli qəzaları yaradılır. Beləliklə, qəzaların sayı yeddiyə çatdırılır. [16, док.23303, с.311-312] 1917-ci il Qafqaz təqviminə görə, İrəvan quberniyasının ərazisi 26210,11 kv.km. idi. İrəvan qəzası üzrə bu rəqəm 3.078,46; Aleksandropol üzrə 3826,97; Eçmiədzin üzrə 3658,26; Novobayazet üzrə 4658,72; Naxçıvan üzrə 4451,11; Şərur-Dərələyəz üzrə 2980,37 və Sürməli üzrə 3556,21 kv. km. təşkil edirdi. [8, отдел статистический, c.218]
1850, yanvar–1917, fevral – İrəvan quberniyası çar hakimiyyəti dövründə.
1853 – Rusiya imperiyasının hərbi-statistik icmalına dair seriyadan İrəvan quberniyasına dair cildin çap olunması. [7]
1870, 14 may – Kəndli islahatı. “Zaqafqaziya quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan keçmiş dövlət kəndlilərinin torpaq quruluşu haqqında Əsasnamə”. Əsasnamənin adından göründüyü kimi tarixi reallıq təhrif olunub. Çar hökuməti məqsədyönlü şəkildə “erməni məlikləri” anlayışını tətbiq edir, halbuki bu dövrəqədərki hüquqi sənədlərdə belə bir anlayış yox idi.
1877–1878 – Rusiya-Osmanlı müharibəsi. San-Stefano (1878, fevral) barışığı, sonra isə Berlin müqaviləsinin (1878, iyul) imzalanması. [21, №54, с. 243-270] Ərdəhan, Kars və Batumun Rusiyaya ilhaq edilməsi. “Erməni məsələsi”nin meydana gəlməsi.
1879, 1 oktyabr – 1870-ci il Şəhər əsasnaməsinə uyğun olaraq İrəvan şəhər dumasının fəaliyyətə başlaması. İrəvan duması şəhərin əsas anti-azərbaycanlı mərkəzlərindən birinə çevrildi.
1881, noyabr – İrəvan Müəllimlər seminariyasının açılması. Azərbaycan Respublikası Prezidenti tərəfindən Seminariyanın 140 illiyinin qeyd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixində sərəncam imzalanmışdır.
1882 – İrəvan teatrının yaranması. Azərbaycan Respublikası Prezidenti tərəfindən “İrəvan Dövlət Azərbaycan Dram teatrının 140 illiyinin qeyd edilməsi haqqında” 14 iyul 2022-ci il tarixində sərəncam imzalamışdır.
1884–1914 – İrəvan qubernatorunun hesabatları. Quberniya üzrə əsas rəsmi sənədlərdən biri idi. [9]
1887 – Cenevrədə Sosial-demokrat Qnçak (Zəng) partiyasının təşkili. Zəng adı A.İ.Gertsenin “Kolokol”undan mənimsənmişdir. Azərbaycanın qəddar düşmənlərindən olan Andranik də vaxtilə bu partiyanın üzvü olmuşdur.
1890 – Tiflisdə Daşnaksütun partiyasının təşkili. XIX əsrin sonları-XX əsrin əvvəllərində erməni və daşnak ifadələri, əsasən, eyni məna daşıyırdı. Azərbaycan xalqına qarşı hər bir soyqırımın fəal təşkilatçısı olmuşdur. Qərbi Azərbaycan torpaqlarında yaradılan ilk erməni dövlətində, Birinci Respublikada (1918–1920) hökumət qurmuşdur.
1897, yanvar – Rusiya imperiyasında ilk ümumi əhali siyahıya alması. İrəvan quberniyası üzrə nəticələrə görə, İrəvan şəhərində 29006 nəfər əhali var idi. Əhali tərkibində ana dili tatar (Azərbaycan.-K.Ş.) olanlar 12359 (42,69%), erməni dili olanlar isə 12153 (41,89%) nəfər idi. Müsəlman və xristianların (erməni-qriqorian və erməni-katoliklər) nisbəti isə 12537 (43,22%) və 12516 (43,15%) olmuşdur. [9, с. 2-3] 1829–1832-ci il kameral təsviri ilə müqayisədə əhalinin 17543 nəfər (60,49%) artdığı görünür. Əhalinin etnik və dini tərkibində isə daha ciddi dəyişiklik olub. Ermənilərin sayı təxminən müsəlmanların sayı ilə bərabərləşib.
1902, 5 dekabr – Aleksandropol-İrəvan dəmir yol xəttinin açılışı. Bu və sonrakı dəmir yol xətlərinin çəkilməsi İrəvanın strateji əhəmiyyətini daha da artırırdı.
1903, 12 iyun – Çar II Nikolayın Erməni-qriqorian kilsəsinin mülklərinin müsadirəsi haqqında fərmanı. Erməni terrorunun təzyiqi altında 1 avqust 1905-ci il fərmanı ilə müsadirə olunan mülkiyyət geri qaytarıldı. [17, док.23156, с.778-779]
1905–1906 – “Erməni-müsəlman davası” dövründə ermənilərin İrəvan quberniyası, o cümlədən İrəvan şəhərində yüzlərlə azərbaycanlını öldürməsi və tarixi torpaqlarından qovması. [2, s.31-42 və s.; 5, c. 591-600]
1906 – İrəvan-Culfa dəmir yol xəttinin istifadəyə verilməsi.
1914–1916 – I Dünya müharibəsi ərəfəsində İrəvan əhalisi 29366 nəfər idi ki, onun da 11500 nəfəri (39,2%) azərbaycanlı, 15531 nəfəri (52,8%) erməni idi. 1916-cı ildə İrəvanın əhalisi 1914-cü ildəki 29366 nəfərdən 51286 nəfərə (+21920 nəfər) çatır. [1, s.228] 1897-ci illə müqayisədə aydın olur ki, İrəvanda azərbaycanlıların demoqrafik vəziyyəti XX əsrin əvvəllərində kəskinləşməyə başlayır. Müharibə dövründə isə erməni qaçqınların məqsədyönlü şəkildə İrəvan şəhərinə yönəldilməsilə azərbaycanlıların sıxışdırılması genişlənir.
1914, avqust – Rusiyanın I Dünya müharibəsinə daxil olması. Ermənilərin Rusiya vasitəsi ilə Osmanlı imperiyası ərazisində dövlət yaratmaq uğrunda mübarizəsinin genişlənməsi.
1914, sentyabr-noyabr – Rusiya imperiyası tərəfindən erməni könüllü dəstələrinin yaradılması. Şərqi Anadoluda türklərə, sonra isə İrəvan bölgəsində azərbaycanlılara qarşı soyqırımı törədilməsində fəal iştirak etmişdir. 1917-ci ilin dekabrında Erməni könüllü korpusuna çevrilmişdir. Bu korpusun rəhbəri Foma Nazarbekov general-leytenant rütbəsilə 1918–1920-ci illərdə Ermənistan Respublikası ordusunun baş komandanı olmuşdur.
1917, fevral-oktyabr – Qərbi Azərbaycan Müvəqqəti hökumət dövründə.
1917, 9/22 mart-15/28 noyabr – Müvəqqəti hökumətin Zaqafqaziyada yerli orqanı Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom). Sədri V.A.Xarlamov (kadet) idi. Tərkibinə M.Y.Cəfərov, M.İ.Papacanov, K.Q.Abaşidze və P.N.Pereverzyev daxil idi. Az sonra P.N.Pereverzyevi A.İ.Çxenkeli əvəz etmişdir.
1917, 26 aprel/9 may – Müvəqqəti hökumətin “Türkiyə Ermənistan”ı haqqında qərarının qəbulu. Dörd maddədən ibarət olan bu qərara görə, sülh müqaviləsi ilə Türkiyə Ermənistanının vəziyyəti müəyyən edilənədək onun rus ordusu tərəfindən tutulan ərazisi mülki idarə baxımından Qafqaz hakimiyyəti, eyni zamanda Qafqaz cəbhəsi hakimiyyətinin idarəsindən çıxarılaraq, bir başa Müvəqqəti hökumətə tabe edilir, Türkiyə Ermənistanı Baş komissarı vəzifəsi təsis edilirdi və s. [3, с.356-357] Beləliklə, Müvəqqəti hökumət erməniləri öz tərəfinə daha da yaxınlaşdırmaq məqsədilə “Türkiyə Ermənistan”ı anlayışını tətbiq edir, əsas diqqəti Türkiyə ərazisinə keçirirdi. Sovet Rusiyası da bu xətti davam etdirirdi. Sonra aydın olacağı kimi Osmanlı imperiyası həmin əraziləri azad etdiyi üçün erməni dövlətinin yaradılması Zaqafqaziyaya, Qərbi Azərbaycan torpaqlarına keçiriləcəkdir.
1917, sentyabrın sonu-oktyabrın əvvəli – Erməni Milli Şurasının yaranması. Rəhbəri A.V.Aharonyan (daşnak) idi. Azərbaycan Milli Şurası İrəvan haqqında danışıqları bu təşkilat ilə aparmışdır.
1917, 25 oktyabr/7 noyabr – Rusiyada Oktyabr çevrilişi, bolşeviklərin hakimiyyəti ələ alması. Rusiya imperiyasının dağılması. İrəvan quberniyasının digər Azərbaycan torpaqları ilə birgə, Rusiya imperiyası tərkibindən çıxması. Beləliklə, Rusiya imperiyası tərəfindən Qərbi Azərbaycanın işğalı və 90 il sistemli şəkildə davam edən müstəmləkə siyasəti ilə onun tarixən formalaşmış inzibati ərazi quruluşunun, etno-konfessional tərkibinin, siyasi strukturunun və idarə sisteminin məqsədyönlü şəkildə erməniləşdirilməsinə baxmayaraq, bu torpaqların, orada mövcud olan aparıcı əhali fundamentinin və mədəniyyətinin azərbaycanlılara məxsus olduğunu dəyişmək mümkün olmadı. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsi kimi Rusiya imperiyasının tərkibindən türk-müsəlman torpağı kimi çıxmış və Zaqafqaziya hökumətinin ərazisinə daxil olmuşdur.
Zaqafqaziya dövlətçiliyi sistemində Qərbi Azərbaycan
Bolşeviklərin 1917-ci ilin noyabrında hakimiyyəti ələ alması ilə Rusiya imperiyası dağıldı. Bu vəziyyətdə Rusiyanın geopolitik vahidi kimi formalaşan Zaqafqaziya (Cənubi Qafqaz) bir tərəfdən onun ağır nəticələri, digər tərəfdən isə yaranmış vəziyyətin təsiri altında yeni dövrə qədəm qoydu. Bu dövr Zaqafqaziyanın parçalanması və müstəqil dövlətlərin yaranması ilə başa çatdı. Belə bir kontekstdə Qərbi Azərbaycanın Ümumazərbaycan torpaqlarından ayrılaraq erməni dövlətinin coğrafiyasına çevrilməsi prosesi başladı və 1918-ci il mayın 28-də Ermənistan Respublikasının yaradılmasında mühüm rol oynadı. Azərbaycan Milli Şurası tərəfindən İrəvanın Ermənistana verilməsi (1918, 29 may) və Osmanlı-Ermənistan Batum müqaviləsilə (1918, 4 iyun) onun rəsmən tanınması isə Ermənistan Respublikası dövründə (1918-1920) davam etdirildi.
İlk Zaqafqaziya hökumətinin yaradılması
1917, 15/28 noyabr-1918, 26 mart – Rusiyada bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumətin Zaqafqaziyadakı orqanlarının süqutu. Zaqafqaziya komissarlığı (Zakavkom) adlı müvəqqəti koalision hökumətin yaradılması. Sədri, eyni zamanda əmək nazirliyi işləri və xarici işlər üzrə komissarı Y.P.Gegeçkori idi. Tərkibinə azərbaycanlılardan F.X.Xoyski (xalq maarifi komissarı), M.Y.Cəfərov (ticarət və sənaye komissarı), X.A.Məlikaslanov (yollar komissarı), X.B.Xasməmmədov (nəzarət komissarı) daxil idi. Zaqafqaziya Komissarlığının ilk bəyannaməsində qeyd edilirdi ki, “Rusiya inqilabı tərəfindən elan edilən millətlərin tam olaraq öz müqəddəratını müəyyən etməsi nöqteyi-nəzərində dayanan Zaqafqaziya Komissarlığı Zaqafqaziyanın milli məsələsinin tezliklə və ədalətlə həll edilməsi üçün addımlar atacaqdır”. [8, док. №7,с. 9] Bu koalision hökumətin yaradılması ilə Zaqafqaziyanın ərazi bölgüsünün etnik əsası da qoyuldu. Azərbaycan və gürcülərin ermənilər ilə bir koalisiyada birləşməsi onların ərazi təminatının tanınması oldu. Bu fikir Seym və onun yaratdığı müvəqqəti hökumətə, həmçinin Zaqafqaziya respublikasına da aiddir.
1917, noyabr – İrəvan quberniyasının bütün inzibati-ərazi vahidləri ilə birgə Zaqafqaziya hökumətinin ərazisinə daxil olması.
1917, 2/15 dekabr – Mərkəz dövlətləri və Sovet Rusiyası arasında Brest-Litovskdə barışıq imzalanması. [16, №70.1, с. 337]
1917, 5/18 dekabr – Osmanlı imperiyası və Zaqafqaziya komissarlığı arasında Ərzincan barışığının imzalanması. [8, док. №14, с. 18-23)]Bu barışıq nəticəsində Osmanlı imperiyası diplomatik, sonra isə hərbi üstünlüyə nail oldu. Zaqafqaziya komissarlığı tərəf kimi qəbul olundu. Rus qoşunlarının kütləvi şəkildə Qafqaz cəbhəsindən çəkilməsilə ərazidə güclənmək istəyən erməni hərbi qüvvələrinə qarşı tədbirlər görülməyə başlandı. Rusiya qoşunları ilə birgə, həmin əraziləri tərk edən erməni qaçqınları Qərbi Azərbaycan ərazilərinə axın etdi. Onların sayı ən azı 300 min nəfər təşkil edirdi.
1917, 29 dekabr/1918, 11 yanvar – Sovet Rusiyasının ermənilərin Türkiyə ərazisində təşkilatlanması üçün “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etməsi. Preambula, 4 maddə və qeyddən ibarət olan dekretin 1-ci maddəsinə görə, Sovet Rusiyası “Türkiyə Ermənistanı”nda ermənilərin tam müstəqilliyədək öz müqəddəratını təyin etmək hüququnu tanıyırdı. Dekretin həyata keçirilməsində əsas rol 1917-ci ilin dekabrında Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilən Şaumyana ayrılırdı. [16, №69.5, с. 334-335] Dekret daha çox deklarativ xarakter daşıyırdı.
1918, 12 fevral-25 aprel – Osmanlı irəli hərəkatı. Ərzincan, Trabzon, Ərdəhan və b. yerlərin azad edilməsi. 1918-ci il aprelin sonlarında Osmanlı-Rusiya imperiyası arasındakı 1877-ci il sərhəddi bərpa edildi. [2, s.553]Bu hərəkat nəticəsində faktiki olaraq, Osmanlı ərazisində Rusiyanın və ermənilərin erməni dövləti yaratmaq siyasəti süquta uğradı. Bu siyasət Zaqafqaziyaya, Qərbi Azərbaycan torpaqlarına keçirildi. I Dünya müharibəsinin gedişi zamanı bu ərazilərdəki türk-müsəlman əhaliyə qarşı soyqırımı törədən ermənilər bu əraziləri tərk edərək Qərbi Azərbaycana köçməkdə davam edir.
Zaqafqaziya Seymi. Seym hökumətinin təşkili
1918, 23 fevral-26 may – Zaqafqaziya Seymi. Sədri N.S.Çxeidze (gürcü sosial-demokrat (menşevik)). Seymin 125 üzvündən 44-ü müsəlman fraksiyasından ibarət idi. Seym Y.P.Gegeçkorinin başçılığı altında Müvəqqəti Zaqafqaziya hökuməti (26 mart -22 aprel) təşkil etdi.
1918, 3 mart – Brest-Litovsk müqaviləsi. [16, №70.2, с. 337-347]Osmanlı imperiyası sülhün şərtlərinə uyğun olaraq, Elviyey-i selaseni (“Üç liva”), yəni Qars, Batum və Ərdəhan üzərində hakimiyyətini bərpa etmək hüququ aldı. [8, док. №48,с.85-86] Bu məsələ Zaqafqaziyaya aid olduğu üçün, Komissarlıq tərəfindən etirazla qarşılandı. Osmanlı dövləti ilə Zaqafqaziya komissarlığı arasında ərazi məsələsi meydana gəldi. Elə ilk sınaqda Zaqafqaziya hökuməti daxilində də ərazi üzrə ziddiyyətlər ortaya çıxdı. Türkiyə isə komissarlıq ilə xarici sərhədlərinin nizamlanmasından əvvəl Brest üzrə, sonra isə hərbi yol ilə tutulmuş torpaqların təsdiqinə başladı. Nəticədə Zaqafqaziyanın ərazisi getdikcə kiçildi. Bu da Zaqafqaziyada ərazi uğrunda mübarizəni daha da kəskinləşdirdi. Türkiyə Zaqafqaziya ilə sərhədlərinin müəyyən edilməsilə birgə, Zaqafqaziyada daxili hüdudların müəyyən edilməsinə də təsir göstərməyə başladı. Beləliklə, Zaqafqaziyada ərazi məsələsi beynəlxalq xarakter aldı. Mübahisəli məsələləri həll etmək üçün Trabzonda konfrans çağırılması qərara alındı.
Trabzon konfransı
1918, 14 mart-14 aprel – Trabzon konfransı. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hüseyn Rauf bəy (Orbay), Seymin 40 nəfərlik nümayəndə heyətinə daxili işlər naziri A.Çxenkeli rəhbərlik edirdi. Nümayəndə heyəti içərisində müsəlman fraksiyasından M.H.Hacınski, X.B.Xasməmmədov, İ.Heydərov, Mir Yaqub Mehdiyev, Ə.Şeyxülislamov var idi. Erməni heyətinə A.Xatisov rəhbərlik edirdi. [8, №№ 54-84, с.107-184;9, c.85-94]
Xatisov Seymin çoxsaylı nümayəndə heyəti haqqında Türkiyə mətbuatının belə bir baxışını xatırladırdı: ²Əgər, hərbi dəstə gəlibsə o azsaylıdır, əgər bu sülh nümayəndəliyidirsə, onda o olduqca böyükdür². [7, c.278] İstər Seymdə, istərsə də onun nümayəndə heyəti tərkibində mövcud vəziyyətə dair ciddi fikir ayrılığı var idi. Seym Brestin şərtlərini qəbul etmədiyi üçün aprelin 14-də nümayəndə heyətini geri çağırdı.
1918, 26 mart – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Trabzon konfransından yenicə gələn Şeyxülislamovun məruzəsindən sonra, Brest-Litovsk müqaviləsi üzrə ona keçən ərazilərin verilməsi haqqında Türkiyənin ultimatumu ilə əlaqədar müsəlman partiyalarının taktikası barədə məsələ müzakirə edilir. [14, док. №3, с. 77]
1918, 31 mart – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Məsul partiyaların Türkiyəyə müharibə elan etmək qərarı ilə əlaqədar müsəlman partiyalarının hərəkət xətti haqqında məsələnin müzakirəsi. “Hümmət”in nümayəndələri gürcü menşevikləri ilə bir olur. Müsəlman sosialist bloku partiyaları müharibənin davamına mənfi baxır və Seymdə müstəqil çıxış etmək qərarına gəlir. “Müsavat”, bitərəflər qrupu və Rusiyada müsəlmanlıq partiyası “İttihad” müharibənin əlverişli ləğvi üçün bütün tədbirləri görəcəyini bildirir. Seymdə bu qətnamənin səsləndirilməsi Ş.Rüstəmbəyova həvalə edilir. [14, док. №4, с. 77-79]
1918, 1 aprel – Seym üzvlərinin fraksiyalararası iclası. İclasda Türkiyəyə müharibə elan edilməsilə əlaqədar olaraq Seymin işinə iki həftəlik ara verilməsi və 3 nəfərdən ibarət fövqəladə səlahiyyətə malik olan hərbi kollegiyanın seçilməsi məsələsi müzakirə edilir. [14, док. №5, с. 79-80]
1918, 3 aprel – Seym üzvlərinin fraksiyalararası iclası. Sülh komissiyasının üzvü X.B.Xasməmmədovun məruzəsi dinlənilir. Zaqafqaziya hökumətindən təlimat almaq adı altında nümayəndəlik geri qayıdır. Müzakirələrdən aydın olur ki, türklər Zaqafqaziya müsəlmanlarının vəziyyəti haqqında çox yaxşı məlumatlıdırlar və anarxiyanın yatırılması üçün aktiv güc ilə kömək göstərilməsinə vəd veriblər. [14, док. №6, с. 81-82]
Zaqafqaziya Seymi hökuməti ilə Osmanlı dövləti arasında müharibə (1918, 14-22 aprel)
1918, 14-22 aprel – Zaqafqaziya Seymi hökuməti ilə Osmanlı dövləti arasında 8 günlük müharibə. Türkiyə Oltu, Artvin, Ərdəhan, Sarıqamış, Batum, müharibədən az sonra isə Qarsı tutur. Seym təslim olur. [15, c.350]
ZDFR-in yaradılması
1918, 22 aprel-26 may – 8 günlük müharibənin nəticələrindən biri kimi Zaqafqaziyanın müstəqilliyi elan edilir. Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) yaradılır. Zaqafqaziyanın siyasi birliklərindən ən qısa ömürlüsü idi. Cəmi 34 gün mövcud ola bildi. Baş nazir və xarici işlər naziri Trabzonda Seymin nümayəndə heyətinin rəhbəri A.İ.Çxenkeli idi. Tərkibinə azərbaycanlılardan X.B.Məlikaslanov (yollar naziri), F.X.Xoyski (ədliyyə naziri), N.B.Yusifbəyov (xalq maarif naziri), M.H.Hacınski (ticarət və sənaye naziri) və İ.Heydərov (dövlət nəzarətçisi) daxil idi. [12, c.63-64] Hökumət yaradıldıqdan sonra ilk iş Türkiyə ilə danışıqların bərpası oldu.
1918, 23-26 aprel – Osmanlı və Zaqafqaziya hökuməti arasında yeni müzakirələrin başlanması və konfrans yeri olaraq hökumət başçısı Çxenkeli tərəfindən irəli sürülmüş Batumun qərara alınması. Konfrans haqqında qərar qəbul edildikdən sonra, tərəflər nümayəndə heyətini müəyyən etmişdir. Osmanlı tərəfindən nümayəndə heyətinin başçısı Ədliyyə naziri Xəlil bəy, ikinci önəmli şəxs III Türk ordusu komandanı Vehib paşa müəyyən edilmişdi. Zaqafqaziya nümayəndə heyəti isə belə idi: A.İ.Çxenkeli (sədr), gürcülər: Nikolay Nikoladze, general Odişelidze, Noy Ramişvili, Qriqori Qvazava və b.; azərbaycanlılar: M.H.Hacınski, M.Ə.Rəsulzadə və b.; ermənilər: A.Xatisov (Xatisyan), H.Kaçaznuni, M.Papacanyan və b. Ümumilikdə heyətin sayı 45 nəfər idi. [2, s.512-523] Batum konfransı diplomatiya tarixində nadir hadisələrdən hesab oluna bilər. Konfrans işinə iki dövlət arasında başlamış, dörd dövlət ilə başa çatmışdır. Konfransın təşkili və işinin idarə olunmasında sədrəzəm Tələt paşa və Baş komandan vəkili Ənvər paşa həlledici rola malik idi. Onlardan da ən əsası Ənvər paşa idi. Təsadüfi deyil ki, Tələt paşanın konfransa ünvanlanmış teleqramlarının əksəriyyətində qeyd edilir ki, Ənvər paşa da onun yanındadır. Bu baxımdan hər ikisinin mövqeyi, daha doğrusu Tələt paşanın mövqeyi, əsasən, Ənvər paşanın fikirlərini əks etdirir. Subordinasiyaya uyğun olaraq, Tələt paşa daha çox Xəlil paşaya, Ənvər paşa isə Vehib paşaya müraciət edirdi. Nadir nümunələrdən biri də o idi ki, konfransın gedişi zamanı Tələt və Ənvər paşa tandemindən fərqli olaraq, həm onlar ilə nümayəndəlik arasında, həm də Xəlil paşa ilə Vehib paşa arasında nəinki fikir ayrılığı, hətta təlimatlara əməl edilməməsi belə müşayiət olunurdu. Konfransa o zamankı Osmanlı dövlətindən digər nümayəndələr təyin edilsəydi, hansı rol oynayacağı, yalnız mühakimə predmeti kimi maraqlı ola bilər. Zaqafqaziya hökuməti və onun nümayəndə heyətinin də özünəməxsus problemləri var idi. Burada da birlik yox idi, lakin bunun səbəbi fərqli idi. Nümayəndə heyəti bir-birilə ziddiyyətdə olan üç qrupun nümayəndələrindən ibarət idi. Burada hər hansı bir təlimat və ya vahid mövqedən yanaşma da yox idi.
1918, 26 aprel – Osmanlı dövlətinin ZDFR-i tanıması. [2, s.501-503] Bu da çox maraqlıdır ki, Türkiyə Zaqafqaziya Respublikasının yaradılması və tanınmasında olduğu kimi, onun dağılmasında da həlledici rol oynadı.
1918, 1 may – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Trabzon sülh konfransı nümayəndə heyətinin üzvü M.H.Hacınskinin məruzəsinin müzakirəsi. Hacınski qeyd edir ki, ən əlamətdar hadisələrdən biri Ənvər paşanın Trabzon və Batuma gəlməsi olub. Hacınski Türkiyə siyasətinin əsas rəhbəri kimi Ənvər paşanın Zaqafqaziyanın siyasi quruluşuna, ən başlıcası azərbaycanlı və osmanlıların gələcək qarşılıqlı əlaqələrinə dair baxışları barədə bildirir ki, onun fikrincə, ümumi Seym ilə Azərbaycan, Gürcüstan və Ermənistan Türkiyə ilə sıx ittifaqda ümumi federativ və konfederativ Zaqafqaziya yaratmalıdır. Vahid Zaqafqaziya yaratmaq mümkün olmadıqda Türkiyə ilə ümumi sərhəddi olan müstəqil Azərbaycan Osmanlı imperiyası ilə Avstriya-Macarıstan formasınadək daha sıx ittifaq yarada bilər. Ermənistanın müstəqilliyinə münasibətə isə Ənvər paşa cavab verib ki, əgər erməni xalqı ingilis-rus siyasəti naminə türklərin əksinə öz intriqalarını dayandırarsa, Türkiyə müstəqil erməni dövlətinin yaradılması əleyhinə deyil. Hacınski məruzəsinin sonunda göstərir ki, Vehib paşa və Rauf bəyin bu məsələyə münasibəti Ənvər paşadan fərqlənir. Onlar burada sülhün saxlanılması naminə Zaqafqaziyanın daxili işlərinə qarışmamağın tərəfdarıdır. [14, док. №13, с. 97-100] Bu məlumat əsas götürülsə, bəzi mühakimələr irəli sürmək olar: 1) Ermənistan dövlətinin yaradıla biləcəyi diqqət mərkəzinə gəlmişdir; 2) Ənvər paşa siyasətçilərə məxsus bir şəkildə alternativli bir fikir irəli sürmüş, onun yaradılmasını inkar etməmişdir; 3) Bu məsələ barəsində Türkiyə hakim dairələrində fikir ayrılığı olmuşdur; 4) Batum konfransında da nümayəndə heyətinin üzvü olan Hacınski, həm də Seymin bütün müsəlman fraksiyalarının üzvləri Osmanlı dövlətinin liderlərindən olan Ənvər paşanın mövqeyi ilə tanış olmuşdur və s. Təəssüf ki, burada Seymin müsəlman fraksiyasının üzvlərinin bu məsələyə münasibətindən bəhs olunmur.
1918, 1-6 may – Türk heyətini, o cümlədən general Lossovun rəhbərliyindəki alman nümayəndələrini Batuma aparan Gülnihal vapurunu 1 mayda İstanbuldan Tələt paşa və Ənvər paşanın iştirak etdiyi qələbəlik bir heyət yola salmış, 6 mayda onlar Batuma gəlmişdilər. Zaqafqaziya nümayəndə heyəti də həmin gün Batuma çatmışdır.
1918, 2-10 may – Ənvər paşa tərəfindən Osmanlı dövlətinin III ordu komandanı Vehib paşaya Batum konfransına dair 11 maddədən ibarət təlimat göndərilməsi. [1, sənəd №33, s.121-122] Bu təlimatın yerinə yetirilməsi faktik olaraq Zaqafqaziyanın Osmanlı dövlətindən asılı vəziyyətə düşməsi demək idi. Təlimatın önəmli maddələri saxlanılmaqla, 4 və 5 may tarixlərində də yeni təlimatlar ünvanlanıb.
1918, 6 may – Seymin bütün müsəlman fraksiyalarının və Zaqafqaziya Mərkəzi müsəlman şurasının birgə iclası. Seym üzvü F.X.Xoyski belə bir bəyanatla çıxış edir ki, Daşnaksütun partiyasının Seym fraksiyası bildirdiyinə görə, onlar Bakıdakı gələcək hakimiyyətin sırf müsəlman deyil, internasional olması və erməni hissələrinin burada qalması şərti ilə Bakı hadisələrinin ləğvini üzərinə götürür. F.X.Xoyski əlavə edir ki, o, belə bir həyasız təklifi taktiki mülahizə üzündən həmin an rədd etməyib. Seym üzvü Yusifbəyov isə qəti olaraq bildirir ki, belə bir xidmətdən imtina edir, çünki bu sülh şəraitində yaşamaq kimi səmimi arzudan deyil, türk ordusunun yaxınlaşmasından irəli gəlir. Seym üzvü Xasməmmədov da bu barədə kəskin çıxış edir. Xoyski sonda daşnaksakanlara aşağıdakı şərtləri irəli sürməyi təklif edir: Bakıda hakimiyyətin müsəlmanlara verilməsi, bu hakimiyyətə kömək üçün şəhərə müsəlman hərbi hissələrinin daxil olması və tərksilah edilmiş hərbi hissələrin çıxarılması. Taktiki və siyasi mülahizələrə görə, bu danışıqların uzadılması və hökumət başçısına nə Bakıda, nə də qəzetlərdə bu barədə rəsmi məlumat verilməməsinin tapşırılması qərara alınır. [14, док. №15, с. 103-104]
1918, 7 may – Xəlil bəyin sədrəzəm və xarici işlər nazirliyinə teleqrafı. Saat yeddidə Çxenkelinin onun yanına gəldiyini və görüşdüyünü bildirir. Görüş zamanı Xəlil bəy Qafqazdakı vəziyyətdən, xüsusilə ermənilərin fəaliyyətindən narazılığını qeyd edir. Ermənilər tərəfindən İrəvanda müsəlman kəndlərindən əhalinin qovularaq, yerinə ermənilərin yerləşdirilməsi diqqətə çatdırılır. Xəlil bəy sonra birlikdə Camal paşanın (gənc türklərin liderlərindən idi) ziyarətinə getdiklərini yazır. Yeməkdə Vehib paşa İrəvan üzərinə hərəkət etmək üçün Ənvər paşadan əmr aldığını söyləyir. [2, s.553-554] Xəlil paşaya görə, Qafqazın tutulması vəziyyəti mürəkkəbləşdirə bilər və bu hal Osmanlı dövlətinin xeyrinə olmaz. Bu hərəkatın gürcü və erməniləri sıx birləşdirə biləcəyindən ehtiyatını da dilə gətirir. [1, № 34, s.123-124] Buradan aydın olur ki, Türkiyənin Qafqaza dair siyasəti paralel olaraq həm diplomatik, həm də hərbi yol ilə davam etdirilir.
1918, 9-10 may – Ənvər paşa 9 mayda göndərdiyi bir təlimatda müzakirələrin sürətlə başa çatdırılmasını tələb edir. Bu arqumentlər içərisində ermənilərin İğdır və İrəvan əhalisi tərəfindən vurulan teleqramlar əsas götürülməklə ermənilərin müsəlmanlara qarşı təcavüzünün təcili şəkildə dayandırılması qeyd edilirdi. [2, s.526-531] Ənvər paşanın sərhəd layihəsində isə Osmanlı dövlətinin ZDFR ilə xarici sərhədləri müəyyən edilirdi. Bu sərhəd xətti 1:400000 miqyaslı xəritə üzərində çəkilərək göndərilmiş, həmin xəritə 10 mayda Xəlil bəyə verilmişdir. [1, sənəd №36, s.138-139]
Batum konfransı
1918, 11 may-4 iyun – Batum konfransı. Konfrans öncəsi tədbirlər və planlar ilə onun işə başlamasının reallaşdırılmasına cəhd edilir. Konfransın yalnız bir ümumi, açılış iclası keçirilir, sonra münasibətlər notalar mübadiləsi ilə aparılır, nəhayət, ZDFR-in dağılması ilə konfransın işi ayrı-ayrı nümayəndə heyətləri ilə davam etdirilir. Bu baxımdan konfransın fəaliyyətini iki yerə bölmək olar: 1918-ci il 26 mayadək (Seymin buraxılması) və sonrası. Cənubi Qafqazın müasir siyasi coğrafiyası, bəzi istisnalar ilə, Batum konfransında dizayn edilmişdir.
1918, 11 may – Batum konfransının ilk iclası. İclassaat 16:00-da Batum (gürcü) klubunun taxta binasında Xəlil bəyin sədrliyilə başlamış, 18:35-də başa çatmışdır. İclasda Osmanlı, Zaqafqaziya hökuməti, konfransın razılığı əsasında Şimali Qafqaz nümayəndə heyəti ilə eyni zamanda, fon Lossovun rəhbərlik etdiyi alman nümayəndə heyəti də iştirak edirdi. Qeyd etmək lazımdır ki, alman faktoru da konfransın gedişində mühüm rol oynadı. Gürcüləri himayə altına alaraq, onların mövqelərini gücləndirdi, federasiyanın dağılmasını sürətləndirdi. Çxenkeli danışıqların Brest müqaviləsi əsasında aparılmasına və İttifaq dövlətlərinin də cəlb edilməsinə nail olmaq istəyirdi. Xəlil bəy isə Trabzon konfransından sonra yeni şəraitin əmələ gəldiyini, yəni Türkiyənin Brest müqaviləsindəki əraziləri müharibə yolu ilə əldə etdiyi üçün qan töküldüyünü və buna uyğun olaraq, yeni ərazi tələblərinin zəruri olduğunu bildirdi. Brest müqaviləsinin danışıqların əsası kimi qəbul edilməsini, eyni zamanda İttifaq dövlətlərinin qatılmasını rədd etdi. Osmanlı dövləti yalnız Zaqafqaziya hökuməti ilə müqavilə bağlamaq istəyirdi. Bununla da, Batum konfransının fəaliyyəti fərqli istiqamətə yönəldi. Bu ümumi iclas ilk və son oldu. [8, №131, с. 312-316;1, sənəd №37, s.140-141; 2, s.545-550] Batum konfransı bir səhnə, burada cərəyan edənlər isə bəzən mənalı, bəzən də mənasız diplomatik oyunlar idi. Əsas məsələ onun nəticəsində, 4 iyun müqavilələrində oldu.Bunu nəzərə alaraq, daha çox həmin müqavilələrə diqqət yetirmək lazımdır. Qısa müddətə olsa da, həmin dövrün beynəlxalq münasibətlər sistemində Batum alt sisteminin yaradıldığı da qeyd olunur. [13, с.5-22]
1918, 12 may – Zaqafqaziya nümayəndələrinin toplantısı. Türkiyənin tələbləri ətrafında müzakirələr aparılmış, vahid fikir hasil edilə bilməmişdir. Sonda, Türkiyə hökumətinə bir nota verilməsi qərara alınmışdır. [2, s.551-553;5, с.45 ]
1918, 13 may – Zaqafqaziya nümayəndə heyətinin notası. Sənəd və materiallarda 1-ci memorandum adlandırılır. Bu nota Avalov tərəfindən tərtib edilmişdi. [8, с. 268-269) ] Burada əsas məqsəd Almaniyanı müzakirələrə cəlb etmək üçün siyasi manevr idi. [2, s.553]
– Xəlil bəyin Xarici işlər nazirliyinə teleqramı. Bu teleqramda İrəvan istiqamətində irəli hərəkatının Brest müqaviləsinə zidd olması bildirilir. [1, sənəd №38, s.142] Xəlil bəy hər vasitə ilə İrəvan üzərinə hərəkatın qarşısını almağa çalışır.
– Xəlil bəyin gürcü, erməni və müsəlman nümayəndələrilə ayrı-ayrılıqda görüşləri. Bu konfransın gedişində yeni formatın yaranması demək idi. Gürcü (Çxenkeli), erməni və azərbaycanlı (Rəsulzadə) nümayəndələr ²təshihi hüdud² barədə fikirlərini bildirir. O, bu barədə Tələt paşaya məlumatında yazırdı: Çxenkeli osmanlıların ərazi tələbləri nəticəsində Zaqafqaziya hökumətinin və Seymin dağılacağını qeyd edir. Xəlil bəy heç bir güzəşt olmayacağını bildirir. Erməni nümayəndə heyəti ilə görüş haqqında yazılırdı ki, onlar Rusiya ilə birləşib, Türkiyəyə qarşı müharibədə iştirakdan peşiman olublar və indi ona sığınmaq istəyirlər və s. Rəsulzadə ilə görüşdə də ərazi məsələsi müzakirə edilir. [1, sənəd №41, s.147-149 ]
– Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Qəbul edilən tədbirlər içərisində Zaqafqaziyanın üç başlıca xalqının ərazisinin hüdudlandırılmasının sürətləndirilməsi də qeyd edilir. [14, док. №16, с.106] Göründüyü kimi Osmanlı dövləti ilə Zaqafqaziya respublikası arasındakı sərhədlər ilə birlikdə, daxili sərhədlərin də müzakirəsi əhəmiyyətli faktora çevrilir.
1918, 13-14 may – Gəncə və İrəvan nümayəndələrinin Tələt paşaya müraciətləri. Bu müraciətdə Naxçıvan, Ordubad, Qarabağ və İrəvanda erməni zülmündən bəhs edilir. Burada da İrəvan vilayətində son aylarda 130 kəndin dağıdılması, əhalisinin qaçqına çevrilməsi və ermənilərin yerləşdirilməsi, digər yerlərlə bərabər İrəvan şəhərinin mühasirəyə alınmasının nəticələri qeyd edilir və yardım istəklərini nəzərə çatdırırlar. [1, s.143-144] Beləliklə, Qərbi Azərbaycan ərazisi siyasi proseslərin mərkəzinə çevrilir. I Dünya müharibəsində fəal rol oynayan erməni silahlı dəstələri burada azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirir və Osmanlı imperiyasından olan ermənilərin yerləşdirilməsi üçün yerli əhali deportasiya edilirdi. Qərbi Azərbaycandan olan azərbaycanlı qaçqınların sayı artırdı.
1918, 14 may – Xəlil bəyin mərkəzi hökumətə teleqramları. Bu teleqramdan birində gürcü və ermənilərin vəziyyətindən bəhs edilir, Qafqazın tutulmasındansa, müstəqil olmasının vacibliyi qeyd edilir. Digər bir teleqramda Sovet Rusiyasının Qafqaz işlərinə müdaxiləsi zərərli hesab olunur. Həmin günə aid başqa bir teleqramda isə sərhədlər məsələsindən bəhs olunur.[1, sənəd №40, s.145-146; №41, s.147-149; №42, s.150-151; №43, s.152-153).]
1918, 14 may, gecə yarısına doğru – Türkiyə tərəfdən Xəlil bəyin türk ordusunun Aleksandropol (Gümrü) vasitəsilə Culfaya (İran) buraxılması haqqında notası.[8, с.269-270; 10, с. 111-112] Burada əsas məqsəd Zaqafqaziya nümayəndə heyəti tərəfindən türk tələblərinin qəbul edilməsi idi.
Osmanlı dövlətinin Qərbi Azərbaycanda hərbi əməliyyatları. ²Erməni-Osmanlı müharibəsi (1918-ci il)²
1918, 15 may – Çxenkeli cavab yazısında hərbi əməliyyatların başlamasını protesto edirdi. [8, док. №134, с.271;2, s.555]
– Osmanlı nümayəndə heyətinin cavab notası. 4 maddədən ibarət idi. Danışıqların Brest müqaviləsi əsasında aparılması qəbul edilmirdi. [8, №136, с.272-273;2, s.557-558]
1918, 15 may axşam saat 6:00 – Ermənilərin Aleksandropoldan çəkilməsi. [2, s.574] Bu hadisə “Erməni-Osmanlı müharibəsi”-nin başlanğıcı kimi qəbul edilir. Bu müharibənin gedişində Osmanlı ordusu Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsini ermənilərdən azad edir. Qərbi Azərbaycan torpaqlarının digər hissələrində isə erməni silahlı qüvvələri qalmaqda davam edir. Osmanlı dövlətinin tutduğu ərazilər 1918-ci il 30 oktyabr Mudros müqaviləsinədək onun tərkibində qalır. İdarə sistemi yaradılır və s. Ermənilər isə əllərində olan Qərbi Azərbaycan torpaqlarında deportasiya və soyqırımı siyasəti həyata keçirir. Osmanlı dövlətinə keçən Qərbi Azərbaycan torpaqları Mudrosun şərtlərinə görə, geri qaytarıldıqdan və Osmanlı ordusu bu əraziləri tərk etdikdən sonra ermənilər bu ərazilərdə də azərbaycanlılara qarşı qətliamı davam etdirir. Aleksandropolun azad edilməsinə gəldikdə, 1) bu fakt erməni və gürcüləri yaxınlaşdırır; 2) erməni dövlətinin yaradılması üçün ərazi məsələsində adı keçir.
1918, 16 may – Zaqafqaziya hökuməti nümayəndəliyinin ikinci notası. Bu notada da danışıqların Brest müqaviləsi əsasında aparılması əsas kimi irəli sürülürdü. [8, №137, с.273-277]
– Sədrəzəm Tələt paşanın Xəlil bəyə teleqramı. Teleqramda erməniləri təkləmək üçün gürcülər ilə iş birliyi tövsiyyə edilirdi.[1, sənəd №45, s.157]
1918, 17 may – Zaqafqaziya nümayəndə heyətinin 2-ci memoranduma (16 may) əlavə notası. Yenə Brest müqaviləsi üzərində israr edilirdi. [8, док. №140, с.281-282]
– Xəlil bəyin cavab notası. 15 may protestosuna cavab olaraq bildirilir ki, 13 may görüşündə Osmanlı ordusunun strateji hərəkət etməsi zərurətindən bəhs edib, lakin cavab alınmayıb. 17 may notasına gəldikdə isə ordu komandanı ilə oradakı faktların nəzərdən keçirməsinin lazım olduğu qeyd edilir. Notanın sonunda mübarizənin başa çatdırılması və xoşagəlməz mürəkkəbliklərin əngəllənməsi üçün dostluq müqaviləsi bağlanmasına hazır olduğunu göstərir. [8, док. №141, с.282-283]
1918, 18 may – Xəlil bəyin sədrəzəm Tələt paşanın gürcülər ilə iş birliyi haqqındakı teleqramına (16 may) cavabı. Xəlil bəy cavabında yazırdı : “Gürcüleri elde etmek için Müslüman murahhaslarına (nümayəndələrinə -K.Ş.) Gürcüleri biraz arâzî vererek memnûn etmelerini tavsiye ettim. Biz de Ahılkelek Kazâsı’ndan biraz bir şey kendilerine verirsek Gürcüleri tamâmıyla kazanacağımızı ve Ermenileri yalnız bırakacağımızı ve işimizi sühûletle (asanlıqla-K.Ş.) göreceğimizi ümîd ediyorum. Ne buyruluyor?”[1, sənəd №45, s.157] Beləliklə, Batum konfransında Osmanlı dövləti ilə Zaqafqaziya respublikası arasındakı sərhədlərdən Zaqafqaziyanın daxili sərhədlərinə də müdaxilə edilməyə başlanır. Osmanlı nümayəndə heyətinin üzərinə belə bir missiya götürməsi vəziyyəti mürəkkəbləşdirir. İlk dövrdə belə bir fikir hakim idi ki, yalnız iki dövlətin xarici sərhəddindən bəhs edilir.
– Seymin daşnak fraksiyasının rəhbəri Karçikyanın Batumdakı nümayəndələr Xatisov və Kaçaznuniyə teleqramı. Teleqramda türk ordusunun maneəsiz olaraq Culfaya buraxılmasına razılıq verilməsindən bəhs olunur, yolların almanların nəzarətinə verilməsi təklif edilirdi. Əks halda İrəvan quberniyasında erməni-azərbaycanlı toqquşması yaranacağı qeyd olunurdu. [8,док. №142, с. 283-284; 2, s.562 ]
– Çxenkelinin Xəlil bəyin 17 may notasına cavabı. Burada türk qoşunlarının Aleksndropol-Culfa dəmir yolu ilə irəliləməsinə əmr verilməsi Zaqafqaziyanın suverenliyinin pozulması kimi dəyərləndirilir, hadisələrin günahı Türkiyəyə aid edilirdi. [8, док. №143, с. 284-285;2, s.563]
– Zaqafqaziya respublikasının Aleksandropolun alınması haqqında hökumət bəyannaməsi. [8, док. №144, с. 287-288]
– Xəlil bəyin Zaqafqaziya hökumətinin 16 may tarixli notasına cavabı. [8, док. №145, с. 288-290;2, s.563-566]
1918, 19 may, bazar günü– alman nümayəndə heyətinin rəhbəri fon Lossovun Türkiyə ilə Zaqafqaziya hökuməti nümayəndələri arasında gərgin vəziyyətdən istifadə edərək, vasitəçilik barədə Çxenkeliyə müraciət etməsi. [8, док. №147, с. 293; 2, s.566]
– axşam saat 20:30 – Zaqafqaziya hökuməti nümayəndə heyəti iclasında fon Lossovun vasitəçilik təklifinin müzakirəsi. Vasitəçiliyin qəbul edilməsi haqqında fon Lossova cavab. Bununla da Almaniya və Türkiyə arasında yollar ayrılmağa başlayır. [8, док. №148, с. 293-301, №149, c.301-302; 2, s.566-567]
1918, 20 may – Danışıqların dalana dirənməsi ilə Zaqafqaziya hökumətinə təsir göstərmək üçün yeni bir irəli hərəkatının başlanması. Qarakilsənin şimalındakı Cəlaloğlu və İğdırın tutulması. [2, s.575]
– Erməni Milli Şurasının üzvləri A.Ohancanyan və A.Zöhrabyanın Batuma gəlməsi.
– Xəlil bəyin Tələt paşaya teleqramı. Burada gürcü, erməni, müsəlman və Şimali Qafqaz nümayəndələri ilə müzakirələrdən bəhs olunur. Çxenkeli ilə görüşü barədə yazır ki, ermənilər yanaşmadığı halda müsəlmanlar ilə birlikdə konfederasiyanı mühafizə etmələrini tövsiyə etdim, lakin bunun qeyri-mümkün olduğunu bildirdi. Buradan gürcülərin ermənilərə dövlət yaratmaqda israrlı olduğu ortaya çıxır. Erməni nümayəndələri ilə görüşdən aydın olur ki, ermənilərə də Türkiyənin ultimatum verəcəyi qəti bir dil ilə bildirilmiş, erməni nümayəndələri isə yeni gəldiklərinə görə, vaxta ehtiyacları olduğunu qeyd edərək getmişlər. Müsəlmanlar, yəni azərbaycanlı nümayəndələr ilə görüşdən məlum olur ki, Xəlil bəy onlara təzyiq etməyə çalışmışdır. O, yazırdı: “Müslüman murahhaslarla da görüştüm. Onlar da Ermeniler inâd ederler ise ordunun önünden kaçacak yüz binlerce eli silâhlı ve yurtsuz yuvasız Ermeniler Müslüman köylerinde yapacakları tahrîbâttan pek mütedehhiş (qorxu) bulunuyorlar. Gürcülerin askerleri ve top ve tüfenkleri vardır. Onlar kendilerini muhâfaza edebileceklerdir. Kendileriyle sulhen tesviye-i maslahat olunur ise ordunun derhâl mu‘âvenetlerine şitâb (tələsmək) edeceğini, olmaz ise harben bu vazîfeyi îfâya çalışacağını, büyük mes’ele halleder iken, fedâkârlığa tahammul etmek lâzım geldiğini söyledim. Bizim alacağımız arâzînin öte tarafında da Ermenilere biraz yer ayrılabilir ise mukâvemetten sarf-ı nazar ettirmek kâbil olabileceğini, Müslümanlara söylediğim gibi, Çhenkeli’ye de bildirdim.” Sonda isə fikrini belə ifadə edir: “Hem konfederasyonu dağıtmamak hem teklîfâtımızı kabûl ettirmek, aks-i takdîrde Ermeniler ile Gürcüleri ayırmak ile meşgûlüm. Geçen zamânın bizim için çalışmasından emîn olunuz. Muhâsama (düşmənlik) tecdîd edilmeksizin mevcûd hükûmet ile arzumuz dâ’iresinde işi hıtâma erdirebilir isem pek bahtiyâr olacağım. Mevcûd anarşiyi tezyîd (artıracaq) edecek bir cereyân müşkülâtımızı pek ziyâde artıracak ve Müslümanlara pek yazık olacaktır.” [1, sənəd №47, s.159-160]
Erməni dövlətinin yaradılmasına münasibət: Azərbaycan elitasında fərqli baxışlar. Osmanlı dövlətinin mövqeyi.
1918, 21 may – Türklərin qərbdən Sərdarabada çatması.
– Aleksandropol – Culfa dəmir yol xətti barəsində razılıq. [1, sənəd №48, s.161;2, s.576-577]
– günortadan sonra – Azərbaycanlılarla gürcülərin toplantısı. Gürcülər: Nikoladze, Jordaniya, Surquladze, Avalov; azərbaycanlılar: Xoyski, Xasməmmədov, Səfikürdski, Pepinov, Yusifbəyov, Cəfərov. Azərbaycanlılar ermənilərin Qarabağdan vaz keçmələri müqabilində Cənubi Qafqazda bir erməni dövləti qurulmasını qəbul etdilər. Bu dövlət Türkiyənin nəzarətində olan Aleksandropol ətrafında yaradılmalı idi. Azərbaycanlılar türk tələblərinin davam edəcəyi təqdirdə, ermənilər xaric iki dövlətin-azərbaycanlı və gürcü dövlətlərinin qurulmasını qəbul edirdilər. Gürcülər bunun əleyhinə gedərək, federasiyadan çıxacaqlarını bildirdilər. [5,с.57; 2,s.579-580] Azərbaycan nümayəndələri içərisində ilk dövrdə erməni dövlətinin Eçmiədzin ətrafında yaradılması fikri üstün idi. [17, s.72-74] Buradan aydın olur ki, bu ideya Aleksandropol ətrafına keçmişdir. Daha sonra isə İrəvan ətrafı gündəliyə gəlmişdir. Hər bir halda, əsas hədəf Qərbi Azərbaycan torpaqları idi.
1918, 22 may – Gürcü nümayəndə heyətinin Batumda toplantısı. Gürcülərin müzakirə zamanı müstəqillik məsələsini rəsmən həll etməsi. Almaniyanın himayəsi üçün fon Lossova müraciət. [2, s.581]
– Zaqafqaziya nümayəndə heyətinin 17 may tarixində təqdim etdiyi “16 may tarixli notaya əlavə”sinə Xəlil bəyin cavabı. Burada da Brest müqaviləsi üzərində israr qəbul edilmir, digər tərəfdən müqavilənin yalnız Zaqafqaziya hökuməti ilə bağlanacağı irəli sürülürüdü. [8, №153, с.303-304; 2, s.565-566, 575]
– Osmanlı ordusu tərəfindən şimali-qərbdə Hamamlı (Spitak) stansiyasının tutulması.
– Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin Tələt paşa və Ənvər paşaya erməni dövləti yaranmasına dair mülahizələri haqqında məktubu. Burada erməni dövlətinin yaradılması məsləhət görülmür, konfederasiyanın qorunması təklif olunur. [1, sənəd №50, s.165-166] Beləliklə, azərbaycanlı siyasi elitasında erməni dövləti yaradılması məsələsində fikir ayrılığı yaranır. Xəlil bəy fəaliyyətində erməni dövləti yaradılmasına tərəfdar olan qrupa əsaslanmağa başlayır, bunun üçün Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin gözdən salınmasına çalışır. Tələt paşaya teleqramlarından da bu aydın görünür.
1918, 23 may – Türklərin Qarakilsə istiqamətində hücumuna Çxenkelinin protestosu. [8, с. 304-305; 2, s.577]
– Gürcü və alman görüşmələri. Almanlar Batum limanları və s. üzərinə imtiyazlar əldə edir. [2, s.581]
– Tələt paşanın Xəlil bəyə teleqramı. Burada qeyd edilir ki, ²Ordumuz Kafkasya’ya girdikten sonra Gürcülerle Müslümanların ittihâdını te’mîn eder. Ermenilere gelince, onlar da Erivan’ın kanton kısmında teşekkül edebilirler. Hulâsaten işi fazla uzatmağı muzırr (zərərli) görüyorum². [1,sənəd №51, s.167] Burada erməni dövlətinin harada yaradılması məsələsində Osmanlı dövləti ilə Azərbaycan nümayəndə heyəti arasında fərqli baxış ortaya çıxır. Azərbaycan nümayəndə heyəti Aleksandropol və ətrafını nəzərdə tutduğu halda, Osmanlı dövləti İrəvana diqqəti yönəldir. Məhz ikinci xətt üstün olur. Bunun əksinə, birinci xətt üstün olsaydı, tarix necə olardu? Müasir dövrdən baxılsa, onun daha səmərəli olacağı görünür, lakin bu yalnız mühakimə olaraq qalır.
– Xəlil bəyin Tələt paşaya teleqramı. Ermənilərin İrəvan və ətrafında dövlət yarada biləcəklərini bildirir. Ermənilər daha çox Osmanlıya ilhaq edilən ərazilərdə yaşadıqları üçün onun ətrafındakı torpaqlarda müsəlmanlar üstündür. Bu baxımdan həmin ərazilərdə erməni dövləti yaradılmasına müsəlmanların xoş baxmadığı qeyd edilir. [1, sənəd №52, s.168-169; №53, s.170-173]
– Batumdakı müsəlman nümayəndələr, Milli Şura və Seym üzvlərinin Ənvər paşaya məktubu. [1, sənəd №53, s.170-173] Bu məktubda erməni kantonunun yaradılması qəbul edilsə də, onun Türkiyənin nəzarətində olduğu ərazilərdə yaradılması fikri vurğulanır.
– Almanlar ilə gürcülərin yeni görüşü. Federasiyanın dağılması yolunda mühüm addım oldu. [2, s.582]
– Zaqafqaziya nümayəndə heyətinə qəti ultimatum verilməsi haqqında qərar qəbul edilməsi. Aleksandropolda olan Vehib paşaya məlumat verilir. O da vəziyyəti bildirməyə çalışır. Buradan aydın olur ki, əsas məsələ gürcü-erməni ittifaqının yaranmasına imkan verməmək idi. [2, s.588-589]
– Vehib paşanın Xəlil bəyə teleqramı. Cəlaloğlunun ələ keçirilməsi və Qarakilsənin tutulması nəticəsində Gəncə-Qarabağ müsəlmanları ilə əlaqənin yaradılmasının gürcülərin ermənilərdən ayrılmasına təsir edəcəyini bildirir. [1, sənəd №54, s.174; 2, s.200]
– Zaqafqaziya nümayəndə heyətinə veriləcək ultimatumun sürətləndirilməsi Mərkəzi hakimiyyət və Batumdakı nümayəndə heyətinin rəhbəri Xəlil bəy arasında teleqraf əlaqəsini intensivləşdirir. Eyni gündə Tələt paşanın teleqramı alınır, Xəlil bəy buna dörd teleqram ilə cavab verir. Tələt paşanın teleqramında ermənilərin bir hökumət halında təşkilindən bəhs olunur. Bununla əlaqədar deyilir: “Ermenilerin bir hükûmet hâlinde teşekkül etmesine kat‘î tarafdâr değilim. Küçük bir Ermeni muhtâriyeti beş sene sonra beş milyon nüfûslu (əhali) bir Ermeni devleti hâline gelecek ve bütün Kafkasya’ya hâkim olacak ve şarkın Bulgaristan’ı hâline gelecektir. İran’da, Amerika’da bulunan bütün Ermeniler orada ictimâ‘ edecek ve buyurduğunuz gibi İngiliz-Amerikan ve Fransızlar tarafından her sûretle mazhar-ı mu‘âvenet olarak ve ileride Hıristiyan Gürcülerle ve pek sühûletle Acemlerle aleyhimize hareket eyleyeceklerdir. Şu hâlde mümkün olsa çibanı kökünden temizlemek en hayırlı cihettir. Mümkün olmadığına göre gâyet za‘îf ve yaşamayacak şekilde teşekkül etmesi zarûrîdir. Bendeniz bu kadar ayrı ictihâdda (qənaətdə) bulunamayacağımızı ve fakat ayrılığın buna mâni‘ olduğu kanâ‘atindeyim. Yoksa biribirimizi muhakkak iknâ‘ eder idik”. Tələt paşa teleqramının sonunda Əhməd bəy Ağaoğludan da bəhs edərək yazır: “Ağaoğlu Ahmed Bey bence şayan-ı itimad olmadığından müzakireye müdahale ettirilmemesi muvafik olur”. [1, sənəd №55, s. 175] Buradan aydın olduğu kimi Tələt paşa da erməni dövlətinin yaradılmasına münasibəti Ənvər paşanın 1918-ci il 1 maydakı fikri kimi alternativ şəkildə qoyur.Xəlil bəy də bundan məharətlə istifadə edir.
1918, 24 may – Xəlil paşanın Tələt paşaya teleqramları. [1, sənəd №56, s.176-177; sənəd №57, s.178-179; №58, s.180; №59, s.181-182] Bu teleqramlarda erməni dövlətinin yaradılması fikri ardıcıl şəkildə müdafiə olunur. Bu fikri qəbul etməyən Ağaoğlu Əhməd bəyə də teleqramda yer ayırır: ²Ağaoğlu Ahmed Bey’i işe karıştırmayacağım tabî‘îdir. Kendisi buraya gönderilmemeli idi. Geldikten sonra Kafkasyalı hemşehrileriyle münâsebette bulunmasına mâni‘ olamaz idim. Enver Paşa Hazretleri tarafından gönderilmiş olduğuna göre Müslüman murahhaslar ve hey’etlerle görüşerek müzâkerâttan haberdâr olmuş ve ihsâsâtını (duyğularını) yazmak arzusunu izhâr eylemiştir². [1,sənəd №56, s.177] Bunun müqabilində Azərbaycan nümayəndələrinin Ənvər paşaya 23 may müraciətindən geniş iqtibas verir. [1, sənəd №57, s.179; №58, s.180; №59, s.181-182]
1918, 24-25 may – Gürcü Milli Şurasının Almaniyanın himayə təklifini qəbul etməsi.
1918, 25 may- Seymin bütün müsəlman fraksiyalarının iclası. Seymdəki Azərbaycan fraksiyası gürcülərin hərəkətindən xəbərdar olan kimi səhər və axşam iki iclas keçirir. Səhər iclasında gürcülərin federasiyanı tərk etməsi halında, azərbaycanlıların da müstəqilliyini elan etməsi qərara alınır. Axşam iclasında da müzakirələr davam etdirilir. Toplantıya rəhbərlik edən F.X.Xoyski Seymin sədri Çxeidzeyə gedib, 26 may iclasının gündəliyini öyrənmək istəyir. Az bir müddət sonra Çxeidze, Sereteli və Gegeçkori ilə birliktə geri dönür. Sereteli və Çxeidze çıxış edərək federasiyanın mümkünlüyünü istisna edir. F.X.Xoyski də çıxış edərək bildirir ki, əgər gürcülər müstəqilliyini elan etsə, biz də Azərbaycanın istiqlalını elan edərik. Gürcülər getdikdən sonra F.X.Xoyski məlumat verir ki, Seymin və hökumətin üzvü Karçikyan ilə söhbətindən bildirir ki, Seymin erməni bölməsi Gürcüstanın ayrılacağı halda Ermənistanın müstəqilliyini elan etməyə hazırlaşır. [14, док. №20, с.11-114; 2, s.583-584]
– Ənvər paşanın Vehib paşaya təlimatı. Burada qəti ultimatumdan sonra bağlanacaq müqavilə ilə sərbəst qalan qüvvələrin Bakıya göndərilməsi istənilirdi. [2, s.590 ]
– Fon Lossov Zaqafqaziya respublikasının dağılacağını bildirərək, Batumu tərk edir. Berlinə gedəcəyini bildirsə də, Potiyə gəlir. [2, s.569, 582]
– Tələt paşanın Xəlil bəyə teleqramı. Qeyd edilirdi ki, ²Eğer Gürcüler ayrı ve müstakil bir hükûmet teşkîl ederler ise onlarla ayrıca müzâkere ederiz. Şimâli ve Cenûbî Kafkas Müslümanlarının ayrıca müstakil bir hükûmet teşkîl etmesi derece-i istiklâl ve irtibâtlarının ta‘yînini bi’l-âhare düşünülüyor. Gürcülerle Müslümanların Ermeni mes’elesi halledildikten sonra birleşmeleri imkânı vardır. Zât-ı devletleri şimdiden bu cihete çalışabilirsiniz². [1, sənəd №61,s. 184]
– axşam – Konfransdakı nümayəndə heyəti, səhəri gün, 26 mayda Gürcüstanın müstəqilliyini elan ediləcəyi haqqında yazı alması. [2, s.569-570]
1918, 26 may – Xəlil bəyin Çxenkeliyə Osmanlı dövlətinin ərazi iddiaları ilə bağlı ultimatumu. Ultimatuma cavab üçün Çxenkeliyə 72 saat vaxt verilirdi. [1, c.134-135; 10, c. 115]
– Xəlil bəyin Tələt paşaya teleqramı. Burada qeyd edilirdi ki, ²Müslüman murahhaslar bugün sabâh nezdime geldiler. Bakü vaz‘iyetinden pek endîşenâktırlar. Zira şehr-i mezkûr Ermenilerin elindedir. Bunun için bize terk edilecek arâzînin ötesinde Ermenileri kısmen muhavven edecek bir kanton kendilerine ayırmak istediler. Bi’l-âhare Taşnaksütyunların hâricinde olup da bugün Tiflis’te kesb-i ehemmiyet eden diğer bir Ermeni fırkasının re’îsi geldi. O da bu sûret-i tesviyenin tarafdârı göründü. Bize evvelce vukû‘ bulan iş‘âr-ı devletlerine istinâd ederek Hükûmet-i Osmâniye’nin böyle bir kantonun tefrîkine mu‘ârız (qarşı gələn) olmadığını bildirdim. Bunun için birkaç gün müddet istedi ve ültimatom verilecek ise bunun hiç olmaz ise üç gün müddet ile verilmesini ricâ etti. Bu böyle bir i’tilâf (anlaşma) tahakkuk-pezîr olur ise mûmâ-ileyh İstanbul’a bir hey’et gönderilerek Hükûmet-i Seniyye’ye arz-ı sadâkat edileceğini de ilâve ederek biraz da bizim tarafa lutf ve müsâmaha gösterilmesini istirhâm etti. Ermeniler tarafına bu sûretle vukû‘ bulacak tezâhürün Avrupa ve Amerika’da yapacağı te’sîr pek iyi olacaktır².[1, sənəd №64, s.188-189]
1918, 26-28 may – Qarakilsənin ələ keçirilməsi. Gümrü-Tiflis dəmir yolunun ikinci ən önəmli stansiyası da ələ keçirilmiş olur. [2, s.576]
Zaqafqaziya Seyminin buraxılması
1918, 26 may, bazar günü saat 15:00 – Seymin buraxılması haqqında qərarın qəbul edilməsi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərbi Azərbaycan
1918-ci ilin mayında Zaqafqaziyada üç müstəqil dövlət – Gürcüstan, Azərbaycan və Ermənistan dövlətləri yaransa da, onların arasında sərhədlər dəqiq müəyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz canişinliyinə tabe olan quberniyalarda azərbaycanlıların, gürcülərin və ermənilərin qarışıq şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı.
Ümumiyyətlə, 1918–1920-ci illərdə Azərbaycanla Ermənistan və Azərbaycanla Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli ərazilər problemi meydana çıxmışdı. Həmin ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni əhalinin öz müqəddəratını azad təyinetmə prinsipi ilə həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə Ermənistan və Gürcüstan hökumətləri məsələni silah gücünə həll etməyə cəhd göstərdiklərindən problemin həlli daha da kəskinləşmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 km² (Bakı quberniyasında 39.075,15 km², Gəncə quberniyasında 44.371,29 km², Zaqatala quberniyasında 3992,54 km², İrəvan quberniyasında 9858,69 km²) təşkil etmişdir. Azərbaycanla Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 km² (İrəvan quberniyasında 7913,17 km², Tiflis quberniyasında 8685,30 km²) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 km² olmuşdur.
Zaqafqaziyada sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası öz mübahisəsiz ərazilərindən Moskvanın təzyiqi ilə müxtəlif dövrlərdə təqribən 10 min km² ərazisini Ermənistan və Gürcüstana verməyə məcbur olmuşdur.
1918–1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi mübahisələri olduqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, qonşu respublikalar, xüsusən də erməni silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır.
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Novo-Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Zaqafqaziya Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym Hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
1918-ci ilin mayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.
1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km²-ə çatırdı və Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiası olmadığını bildirmişdi. Lakin Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Zəngəzura adlayaraq həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə qovuşmaq, Qarabağla Ermənistan arasındakı müsəlman kəndlərinin əhalisinin silah gücünə qovaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər.
Andranikin quldur dəstələri Novo-Bəyazid qəzasının Göyçə nahiyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzə Qoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə gəlib hökumətin başçısı Fətəli xan Xoyskiyə müraciət etmiş, Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı qırğınlara son qoyulmasında köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaları üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.
Erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra Naxçıvanı işğal etmiş oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyini kəskin şəkildə bildirmişdi. Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşdu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi. Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyəsinə (indiki İcevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə həmin ərazinin idarə etməyə başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını bildirmişdi.
Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivil yollarla nizama salmaq, milli münaqişələrə və silahlı toqquşmalara son qoymaq, ərazi iddialarını ədalətlə həll etmək, qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il noyabrın əvvəllərində Məmməd Xan Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi.
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gücünə Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşdu. Lakin İrəvan quberniyasının Vedibasar və Zəngibasar nahiyələrində, Şərur-Dərələyəz qəzasında yerli müsəlman özünümüdafiə dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr, gürcü qüvvələrinin Borçalı və Loruda əks hücumları Ermənistanı sülh danışıqlarına getməyə məcbur etmişdi.
Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş dövlətlərin Ali komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək, o şərtlə neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren hüquqları saxlanmış olsun.
1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və Ermənistan respublikalarının baş nazirləri Tiflisdə görüşmüşdülər. Həmin görüşdə Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdiyi Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüşdü. Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış məntəqələrindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin əksinə olaraq, 1920-ci il yanvarın 19-25-də Zəngəzur qəzasının 3-cü sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3 kəndi darmadağın etmiş, yerli müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.
1920-ci ilin mart ayında bolşevik qoşunlarının şimaldan Azərbaycan sərhədinə yaxınlaşdığı zaman Erməni Milli Şurasının üzvlərinin gizlicə Ermənistandan Qarabağa gəlmələri, orada təxribatlar və milli qırğınlar törətmələri vəziyyəti daha da kəskinləşdirmişdi. Azərbaycan hökuməti Ermənistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş, Qarabağda öz suveren hüquqlarının qorunmasını təmin etmişdi. 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra belə, ərazi mübahisələrinə, milli münaqişələrə son qoyulmamışdı. Qaçqınlar problemi isə Azərbaycan Xalq Cümhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı və İrəvan quberniyalarında baş verən milli münaqişələrdən miras kimi qalmışdı.
Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. münaqişə ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah gətirmişdi. Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı Erməni Qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Müharibə Nəticəsində Dağılmış Polyak Əhalisinə Kömək Komitəsi, knyaginya Tatyana Nikolayevanın təsis etdiyi komitənin Qaçqınların qeydə alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyinin Bakı şöbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı Qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, Bakıda 2568 qaçqın – o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudi, 95 yunan, 84 polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır. Göründüyü kimi, Bakı Qradonaçalniki müsəlman qaçqınlarını yardımdan məhrum etmək məqsədilə müsəlman qaçqınlarını qeydə almamışdı. Əslində isə həmin dövrdə Şərqi Anadoludan, xüsusən də Qars vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüşdü. AXC hökuməti Gəncədə yerləşdikdən sonra Səhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyli nazir təyin edilmişdi.
AXC hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 yerə – Səhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə bölünmüşdü. 1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, Gəncədə müsəlman qaçqınları ilə yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə ermənisi), erməni silahlı qüvvələri tərəfindən didərgin salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus qaçqınları sığınacaq tapmışdı. Himayəçilik nazirliyi Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı. Qeyd etdiyimiz kimi, Himayəçilik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqınlarına kömək etməkdən ibarət olmuşdu.
AXC hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi M. Təkinskiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış kəndləri haqqında, orada öldürülənlərin ad-soyadları haqqında, əsir götürülənlər, oğurlanmış sürülər haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris Sülh konfransında istifadə etmək istəyirdi. İrəvan Müsəlman Milli Şurası bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi. Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı.
Hələ Birinci Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımından xilas olan 40 min türkü aclıqdan, ölümdən xilas etmişdi. AXC dövründə həmin şöbə əsasında Qarsda nümayəndəlik açılmışdı. Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemlərini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Çıldır və Ağbaba nahiyələrinin əhalisinə, İrəvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapmış qaçqınlara kömək göstərilməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə (bir heybə) qızıl pul göndərmişdi.
1918–1920-ci illərdə Ermənistandan və Qars vilayətindən azərbaycanlılar, əsasən, İrəvan-Gümrü-Tiflis, Qars-Gümrü-Tiflis dəmiryolu vasitəsilə Gürcüstan sərhədinə gəlmiş, oradan isə Tiflis-Gəncə-Bakı dəmiryolu vasitəsilə Azərbaycana yol salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətindən Tiflisə gəlib çıxan qaçqınların Azərbaycana yola salınması üçün Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sifariş vermişdi.
Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi məlumata görə təkcə 1919-cu ildə Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağıdılmış, didərgin salınmış müsəlman əhalisinin sayı 200 minə çatırdı. Himayəçilik Nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar əsasında nazirlik Ermənistandakı əhaliyə yardım göstərilməsi haqqında Parlamentə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə 3 milyon manat vəsait ayrılmışdı. Bu vəsaitin hesabına Ermənistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkxanalar) açılmışdı. Himayəçilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında açılmışdı.
AXC-nin süqutu ərəfəsində 1918-ci ilədək indiki Ermənistan ərazisində yaşamış 575 min nəfər müsəlman əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Deməli, 1918–1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçqınların öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda sovet hakimiyyəti dövründə də ədalətlə həll edilməmişdi. 1922-ci ilədək indiki Ermənistana – öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı qayıda bilmişdi.
Sovet hakimiyyəti dövründə Qərbi Azərbaycan
1918–1920-ci illərdə Qərbi Azərbaycan ərazisində daşnakların hakimiyyəti dövründə olduğu kimi, Sovet Ermənistanında da azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti müxtəlif mərhələlərlə və müxtəlif üsullarla davam etdirilmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə yanaşı Azərbaycan ərazilərinin hesabına Ermənistan ərazisinin genişləndirilməsi prosesi davam etdirilmişdir.
Əgər 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kvadratkilometrə bərabər idisə, sovet hakimiyyətinin qurulması ərəfəsində daşnak Ermənistanı təqribən 18 min kvadratkilometr əraziyə nəzarət edirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu. 1920-ci il dekabrın 2-də İrəvanda Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında hərbi-siyasi saziş imzalanmışdı. Sazişi Rusiya tərəfindən Ermənistandakı diplomatik nümayəndə Boris Leqran, Ermənistan tərəfindən isə dərhal bolşeviklərin tərəfinə keçən general Dro və A.Terteryan imzalamışdılar. Ermənistanın sovetləşməsinin müqabilində Rusiya bütün keçmiş İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzasının dağlıq hissəsinin Sovet Ermənistanına daxil olmasını mübahisəsiz tanıdığını bəyan etmişdi.
Ermənistan Xalq Komissarları Soveti 20 iyul 1921-ci ildə Ermənistanın 8 qəza 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etmişdi. Avqustun 31-də isə yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılmışdı. Azərbaycan isə öz növbəsində Zəngəzurun qərb hissəsini öz inzibati-ərazi bölgüsündən çıxarmışdı. Bununla da Zəngəzur iki hissəyə bölündü və onun qərb hissəsi Ermənistana birləşdirildi. Daha sonra Qərbi Zəngəzur ərazisində Mehri (Meğri), Qafan, Qarakilsə (Sisian) və Gorus rayonları yaradıldı.
Sovet Ermənistanı iqtisadi cəhətdən Azərbaycandan asılı olduğu üçün azərbaycanlılara qarşı 1918–1920-ci illərdə törədilən etnik təmizləmə siyasətini daşnak hökumətinin ayağına yazmağa çalışırdı. Əslində isə Sovet Ermənistanı hökuməti də azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtmalarını hər cür bəhanələrlə əngəlləməyə çalışırdı. Ermənistan hökuməti, əsasən, İran ərazisində sığınacaq tapmış azərbaycanlı qaçqınlara Zəngibasar və Vedibasar mahallarına qayıtmağa o şərtlə razılıq vermişdi ki, onlar gərək 1918–1920-ci illərdə ermənilərə qarşı döyüşlərdə iştirak etmədiklərini sübuta yetirmiş olaydılar.
1921-ci ilin payızında Ermənistan hökuməti ölkənin ağır iqtisadi vəziyyətini və yoluxucu xəstəliklərin yayılmasını əsas gətirərək qaçqınların 1922-ci ilin yazınadək Culfa–İrəvan dəmiryol xətti ilə azərbaycanlıların reevakuasiyasını dayandırmaq haqqında qərar qəbul etmişdi. Ermənistan hökuməti bir tərəfdən Azərbaycan hökumətinə müraciət edirdi ki, Azərbaycanda sığınacaq tapmış azərbaycanlı qaçqınların öz vətənlərinə qayıtmalarını dayandırsın, digər tərəfdən isə Türkiyə ərazisindən gələn erməni qaçqınlarının əsasən azərbaycanlılar yaşayan mahallarda yerləşdirilməsi haqda qərar qəbul etmişdi. Zəngibasarda 25 min, Vedibasarda 60 min, Gərnibasarda 25 min, Dilican dairəsində 25 min, Qarakilsə dairəsində 25 min, Novo-Bəyazid dairəsində 10 min erməninin məskunlaşdırılması qərara qalınmışdı. Ermənistan hökuməti bunu ona görə edirdi ki, azərbaycanlı qaçqınlar vətənə döndükdə öz evlərinin və eləcə də bütövlükdə kəndlərin erməni qaçqınları tərəfindən məskunlaşdırıldığını görüb ya geri qayıtsınlar, ya da başqa bir yerdə özlərinə yeni sığınacaq tapsınlar. Bütün bunlar Sovet Ermənistanı hökumətinin azərbaycanlıların diskriminasiyaya məruz qoyulmaları üçün atdığı düşünülmüş addım idi.
Bütün bunlara baxmayaraq, azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yer-yurdlarına qayıdırdılar. 1921-ci ilin mayından 1922-ci ilin may ayının sonunadək indiki Ermənistan ərazisinə 96,5 min nəfər azərbaycanlı qayıtmışdı. O cümlədən İrəvan qəzasına 26 min, Novo-Bəyazid qəzasına 14 min, Eçmiədzin qəzasına 9 min, Aleksandropol qəzasına 10 min, Zəngəzura 15 min, Dərələyəzə 5,5 min, Loru-Pəmbək və Karvansara (İcevan) bölgəsinə 17 min azərbaycanlı qaçqın qayıtmışdı.
1922-ci ildə Ermənistanda keçirilən siyahıya alınmaya görə, Dərələyəz qəzasında 5.431 nəfər, Dilican qəzasında 8.476 nəfər Zəngəzur qəzasında 6.464 nəfər, Qarakilsə qəzasında 4.497 nəfər, Gümrü (Aleksandropol) qəzasında 6.372 nəfər, Lori qəzasında 4.807 nəfər, Mehri (Meğri) qəzasında 53 nəfər, Novo-Bəyazid qəzasında 10.666 nəfər, İrəvan qəzasında 16.723 nəfər, Eçmiədzin qəzasında 7.224 nəfər azərbaycanlı məskunlaşmışdı. Ermənistanda həmin vaxt qəzalarda 71.190 nəfər azərbaycanlı mövcud idi ki, bu da Ermənistan əhalisinin 11,2 faizini təşkil edirdi.
1922-ci ildə Ermənistanın 164 yaşayış məntəqəsinə azərbaycanlılar qayıtmışdılar.
1926-cı ildə keçirilən ümumi Zaqafqaziya siyahıyaalınmasının nəticələrinə görə Ermənistanda 84717 türkdilli (azərbaycanlı) əhali qeydə alınmışdı. (Население Закавказье. Всесоюзная перепись населения 1926 г. Тифлис, 1928, с. 18).
1930-cu ildən etibarən Ermənistanda qəza inzibati-ərazi bölgüsü ləğv edilərək rayon inzibati bölgüsünə keçilmişdi. 1931-ci ildə Ermənistanda 27 rayon mövcud idi. Rayonların adları belə idi: Paşalı (Əzizbəyov), Allahverdi, Axta, Amasiya (Ağbaba), Əştərək, Abaran, Ərtik (Artik), Basarkeçər, Gorus, Dilican, Karvansara (İcevan), Düzkənd (Leninakan, sonralar Axuryan), Böyük Qarakilsə (Kirovakan), Kotayk, Qurduqulu (Hoktemberyan), Qəmərli (Artaşat), Qafan, Qaranlıq (Martuni), Mehri (Meğri), Keşişkənd (Mikoyan), Novo-Bəyazid, Şəmşəddin, Qarakilsə (Sisian), Cəlaloğlu (Stepanavan), Üçkilsə (Vağarşapat), Vedi. Həmin rayonlarda 99.796 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildə İrəvan şəhərində 6656 nəfər, Gümrüdə (Leninakanda) 316 nəfər azərbaycanlı yaşamışdır. Üst-üstə Qərbi Azərbaycanda 106.708 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 10,1 faizini təşkil edirdi. Həmin dövrdə Qərbi Azərbaycanda 1242 yaşayış məntəqəsi mövcud idi.
Ümumiyyətlə, indiki Ermənistan ərazisində müxtəlif vaxtlarda üst-üstə 40 rayon mövcud olmuşdur.
1939-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Qərbi Azərbaycanda 130.896 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 10,2 faizini təşkil edirdi.
1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan K(b)P MK-larının birinci katiblərinin adından İ.Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində saxlanılan həmin məktubun altında imza, imzalanma tarixi və göndərilmə nömrəsi qeyd olunmamışdır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. 1948–1953-cü illərdə Qərbi Azərbaycandakı azərbaycanlılar yaşayan 24 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Deportasiya nəticəsində Ermənistan rəhbərləri Əştərək, Qaranlıq (Qaranlıq), Qarabağlar, Ellər (Abovyan), Üçkilsə (Eçmiədzin) rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular. Sonra isə Qarabağlar rayonu ləğv edildi (hazırda bu rayonun kəndlərinin əksəriyyəti xaraba qalmışdır). SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında və Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Yalnız 1953-cü ildə İ.Stalinin ölümündən sonra Ermənistandan deportasiya edilən azərbaycanlıların bir qismi öz tarixi-etnik torpaqlarına qayıda bilmişdilər.
1959-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Qərbi Azərbaycanda 107.748 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 6,1 faizini təşkil edirdi.
Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında yenidən var gücü ilə işə salınmışdı. 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyinin qeyd edilməsi haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı.
1970-ci ildə azərbaycanlıların miqdarı 158.189 (5,3 %) nəfər, 1979-cu ildə isə müvafiq olaraq 160.841 nəfər (5,3 %) təşkil etmişdi.
Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. Ermənistanın Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs – Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar. Moskvanın ermənilərə arxa durması nəticəsində 1987–1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Mehri (Meğri) rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu. Ermənilərin illər boyu arzuladıqları “Türksüz Ermənistan” siyasəti həyata keçirildi.
Ümumiyyətlə, son dövrədək indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 704 inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.
1920-ci ildən sonra Moskvanın birbaşa köməyi ilə Sovet Ermənistanının ərazisinin təqribən 11 min kv km. artdığı məlum olur. Tarixi Azərbaycan ərazisində mövcud olan Ermənistan Respublikasının ərazisi hazırda 29.743 km²-ə bərabərdir. Bu gün Ermənistanın sərhəd xəttinin ümumi uzunluğu 1261 kilometrə bərabərdir. Azərbaycanla sərhəd 787 km (bunun 221 km-i Naxçıvanla sərhəddir), Türkiyə ilə sərhəd 268 km, Gürcüstanla sərhəd 164 km, İranla sərhəd 42 km-dir. Faktiki olaraq Ermənistanın xarici sərhədləri boyunca yerləşən yaşayış məntəqələrinin hamısında azərbaycanlılar yaşayırlar.
7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qızıl Qoç (Qukasyan), Düzkənd (Axuryan), Ağin (Ani) və Ərtik (Artik) rayonları, Lori vilayətinə keçmiş Vorontsovka (Kalinino), Cəlaloğlu (Stepanavan), Allahverdi (Tumanyan), Hamamlı (Spitak) və Böyük Qarakilsə (Quqark) rayonları, Tavuş vilayətinə keçmiş Barana (Noyemberyan), Karvansara (İcevan) və Şəmşəddin (Tavuş) rayonları, Araqatsotn vilayətinə keçmiş Talın, Abaran, Ələyəz (Araqats), Əştərək (Aştarak) rayonları, Kotayk vilayətinə keçmiş Axta (Hrazdan), Ellər (Abovyan, Kotayk), Nairi rayonları, Geğarkunik vilayətinə keçmiş Çəmbərək (Krasnoselsk), Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) və Yelenovka (Sevan) rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Qurduqulu (Hoktemberyan) və Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonları, Ararat vilayətinə keçmiş Zəngibasar (Masis), Qəmərli (Artaşat) və Vedi (Ararat) rayonları, Vayotsdzor vilayətinə keçmiş Paşalı (Əzizbəyov, Vayk) və Keşişkənd (Yeğeqnadzor) rayonları, Sünik vilayətinə keçmiş Mehri (Meğri), Qarakilsə (Sisian), Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilmişdir.